Şahzada Qasım:
Qoşun gəlib üstümüzdən gedərlər
Qara bağrım, qaynağında didərlər
Məni öldürüb Əsmayılı əsir edərlər
At belinə dolsun yoldaş Cəlalı
Qoşun top-top olub çıxarlar düzə
Mərd iyit nə baxar əlliyə, yüzə
İnsaf qaldı qoç Cəlalı bir sizə
At belinə dolsun yoldaş Cəlalı.
Şahzada Qasım gördü Cəlalı durmur, dedi:
– Gəl özünü buna qul hesab et, bəlkə dura.
Mən görmüşəm Cəlalının cəngini
Pozğun gördüm Əsmayılın rəngini
Qasım bərkit, bədoylərin təngini
At belinə dolsun ağam Cəlalı.
Cəlalı hannan hana gönülə gəldi. Hər iki dilavər qılınclarını çəkib birisi sağdan, birisi soldan quşunu murmələx kibi dağıdıb Hindin dərvazəsindən dala qaytardılar. Buradan yola rəvan olub ta inki Fəğfur Pərinin sarayına yetişdilər. Altı qardaş bunlara pişvaz yetişdilər. Bir neçə gün mehman olduqdan sonra Fəğfur Pərini göturub Hərata tərəf getməgə başladılar. Bir müddət getdikdən sonra Gözəl xanıma yetişdilər. Qırx gün burada qaldıqdan sonra Gözəl xanımı da özləri ilə bərabər götürüb Hərata tərəf getməgə başladılar. Bir müddətdən sonra Hərata yetişdilər. Fətəli şaha xəbər verdilər. Oğlan dörd gözəl ilə gəldi.
Şahzada Qasım atası bunun üçün tikdirdiyi otağa düşdü. Şah vəzir vəkili ilə oğlunu görməgə gəldi. Bunlar yaxınlaşanda Qasım otaqda qızlara dedi: Atam gəlir, pişvaza çıxın. Bunu deyib ata-anasıını və vəzir vəkil qızlar ilə pişvaz etdilər. Vəzir naxələf Əsmayıl Pərini görər-görməz behuş oldu. Şah bunu huşa gətirib soruşdu: Sənə nə olub?
– Şahım! Dutmam vardır. Bu məndən əl çəkəməz. Daha mən gedə bilmərəm. Gərək dala qayıdım.
– Yaxşı, mən burada iyirmi gün qalacağam. Təxt səltənətə sahib olub ədalət ilə şahlıq ilə.
– Onda ixtiyar üzügünü mənə ver.
– Şah üzügü verib bunu vilayətə qaytardı. Özü oğlunun görüşündə iyirmi gün eş-işrətə məşğul oldu. Gəl sənə vəzirdən xəbər verim. Məmləkətə yetişən kimi təxtə əgləşib and yad etdi ki: Ya gərək öləm və ya Əsmayıl Pərini Qasımın əlindən alam. Bu fikir ilə xəzinadara höküm etdi – xəzinənin ağzını açmağa başla bu ləl cəvahiratdan ver bütün şahı istəyəni həlak etdir. Milləti pul zoruna mənim tərəfə çevir.
Xəzinədar az vəxtdə vəzirin hökmünü yerinə yetirdi.
Şahın xəbərdən xəbəri yox, vilayətə gələrkən vəzir cəlladə höküm edib o saat şahı və örətini dutdurub kəc ambarına saldırdı. Və bir nama şahzada Qasıma şahın dili ilə bir belə nama yazdı: –Oğul, hər nə cür olsa, sabah mənə qonaq gələsən. – Şahzada Qasım namanı alan kibi getmək tədarikini gördü. Bu vədə altı qardaş bacısı Gözəl xanım rəml atıb dedi: Qasım amandı, bu səfərə getmə; çun rəmldə çox bəd işlər görünür. Şahzada acıqlanıb dedi: atam məni mehmannəvazlığa çağırır, olmaz gərək gedəm.
– İndi ki, gedirsən, iki dana şey apar. Birisi mənim tulamı, ikincisi mənim üzügümü. Hankı yana gedəndə tula haradan getsə, sən də onun dalınca get və hansı xörəyi yesən əvvəl üzügü ona sal, nə vaxt gök olsa onda yemə.
Qasım qəbul edib yola rəvan oldu. Bu yandan vəzir Qasımın yolunun kənarında dərin quyu qazdırıb içini qılınclar ilə doldurtdurub üzünə kəbe saldırıb Qasım gələndə düşsün. Qasım buraya yetərkən gördü ki, tula bir kənardan getdi. Qasım da tulanın dalı ilə salamat bargaha daxil oldu.
Vəzir höküm etdi, şahzadaya zəhərlənmiş xörək gətirdilər. Şahzada əvvəl üzügü salıb baxdı ki, xörək gök oldu. Xörəkdən bir qədər tulaya verəndə o saat tula öldü. Şahzada yemədi. Vəzir gördü iş açılacaq, qırx cəllada höküm etdi: vurun şahzadanın boynunu. Cəlladlar tökülüb şahzada Qasımı zəncir ilə qol-qola çatdılar. Öldürmək istədilər. Hərat əhli vəzirə minnət etdi ki, heyifdur. Bu cavanı öldürmə, gözlərini çıxardıb cadı bağına at, qoy dəli olsun. Vəzir höküm etdi şahzadanın gözlərin çıxardıb öz ovcuna qoyub cadı bağına atdılar. Şahzada cadı bağında qalsın gəl sənə vəzirdən xəbər verim:
Vəzir höküm etdi bu saat qızları gətirin. Qoşun yeridi qızları gətirsin. Bu yandan Cəlalı əhvalatdan xəbərdar olub özünü ac şir kimi ləşkərə vurub hamısını bad fənaya verdi. Bir namə vəzirə göndərdi ki, hərgah Qasım buraya gəlməsə Həratın torpağını at torbasında Hində daşıyacağam.
Vəzir qoşun düzəltməgə başladı. Cəlalı vurub on gün on gecə dava edib ta inki Hərat şəhərində olan qoşunu tamam etdi, buradan vəzir ilə belə bir qərara gəldilər ki, hər gündə Cəlalının meydanına bir nəfər adam getsin. Bu minval ilə Cəlalı hər gündə bir adam öldürür. Amma qızlar məyus bir halda dolanırdılar. Gəl sənə şahzada Qasımdan xəbər verim. Cadı bağında gözləri ovcunda dolanırdı. Ustadların söyləməginə görə üç göyərçin şahzada dibində olan ağacın başına düşüb bir-birinə deyirdilər: Bacı! Heyif bu cavana ki namərd vəzir gözlərini çıxarıb bu bağa atmışdır. Qalan gögərçinlər yenə heyifsinib dedi: Bacı! Hərgah əlajın varsa bunu sağaldaq. Gögərçin dedi: Hərgah yatıbsa oyansın, onun əlajı budu: mən bu iki cənnət ağacının yarpaqlarını yerə atıram, gözlərin yerinə qoyub üstə çəksin və həmin saat cadı bağında olan cadı suyunun sərçeşməsinə girsin, yeddi qat dəridən su onu çıxardacaq ondan sonra anadan doğma olub iryan bir halda bir dəyirmançının evinə getdi dedi: məni özünə dəyirmançiliyə qəbul et. Dəyirmançi qəbul edib buna paltar filan verdi. Bu burda qalsın. Gəl sənə vəzirdən xəbər verim. Gündə nevbə ilə hər evdən bir adam Cəlalının davasına göndərirdi. Qəzadan nevbət haman dəyirmançiya gəldi. Dəyirmançi bikef dəyirmana gəldi, şahzada:
– Evi yıxılmış Fətəli şahın oğlu Hinddən bir neçə gözəl ilə içlərində Cəlalı adlı bir hərami gətirmişdir. İndi özünü və atasını vəzir öldürüb Cəlalı Hinddə qoşun qoymayıb. Əlaj indi ona qalıb ki, gündə hər evdən bir adam onun davasına getsin. Bu gün nevbət mənimdir. Gərək sabah davaya gedəm.
– Sən get, vəzirə deyilən Qasımın libasını və atın mənə ver, mənim bir oğlum var deyir qızları və Cəlalını onun hüzuruna qolu bağlı gətirim.
Dəyirmançı şahzadanın buyurduğunu yerinə yetirdi. Şahzada libası geyinib ata suvar olub vəzirin hüzuruna gəldi. Bu dillər ilə sözə başladı.
Dostları ilə paylaş: |