Güləndam:
Nə müddətdi qaldım səhərdə
Hardan düşdü güzarım fələk
Xəqq özü yetişsin dada
Hardan düşdü güzarım fələk.
Camalımı görmüyüf bəni insan
Dərvişlər elədi dərdimə dərman
Bileydim nədən oldu bu nahaq qan
Nə idi mənim günahım fələk.
Piran dərviş elədi dərman
Sağaltdılar sızıldayan yaramı
Bu canım oldu Məlik Məhəmmədə qurban
Ölüncə kəsmə məndən nəzərin fələk.
Güləndamam bu xarabada qaldım
Ahu oldum, ahulara qatıldım
Yəmən paşasının qızı qul adına satıldım
Hindistanda açıldı bazarım fələk.
Sözü tamam eyləyif dedi: – Ey dil qafil, indi ki, mən sağalmışam, daha burda qalmağımın münasibəti yoxdur, başıma çarə çəkməliyəm, munu deyif dərvişlərin bir qədər çörəginnən və bihuşdanularınnan götürüf, yüz çölə qoydu. İki gün, iki gejə yol gedif axırda bir abadanlığa çıxıf səhrada bir çobana rast gəldi. Çoban haramzada qıza dedi:
– Ölmək var, dönmək yoxdur, gərək mana gələsən.
Güləndam hərçi yalvardı, mümkün olmadı. Qız gördü ki, əl çəkmiyəcək, odur ki, hilə yoluynan dedi:
– Çoban! Çox yaxşı, hələ acam, dur, bir az süd-çörək gətir, yeyək, sonra sən ilə gedəcəyəm.
Çoban gedir süd və çörək gətirdi. Qız bir tərəfdən pinhanı südə bihuşdarını daxıl edif dedi:
– Çoban qardaş! Mən heç süd görməmişəm və içməgini bilmirəm, odur ki, bir az sən iç, onnan sonra mən xurda başlıyım. Çoban süddən bir az içəndə bihuş oldu. Bu zaman qız çobanın paltarını çıxarıf bədənində arəstə edərək bu dillərnən çobanın bu bəd hərəkətini sözə başladı.
Dostları ilə paylaş: |