Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə99/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   95   96   97   98   99   100   101   102   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

XƏDDİXUMARIN NAĞILI
Zəhra Alı qızı

Qazax- 1927
Vahat şenniyində ayı, günü keçmiş bir qoja kişi var imiş. Bu qo­ja kişinin böyügü Gülxar, ortancısı Ülkər, kiçigi Dursun addı üç qızı varmış. Qızdarın içində Dursun qənirsiz gözəl imiş. Qoja ki­­şinin peşəsi dilənçilik olduğunnan qapı-qapı dilənif un, dən yı­ğıf qızdarını saxlayırdı. Gülxarnan Ülkər ataları dilənif gə­tir­di­yin­­nən əllərinə düşən unu əppək bişirif, dəni də qorğa qoruf ye­yər­lər­di. Əmbə Dursun ağıllı fərasətli olub gələjək günnərini dü­şün­dü­yün­nən əlinə düşən unu çörək bişirif çörək dəni də yığıf sax­lardı. Dursun az yığıb faxırda bir toxumluq düzəltdi. Ona gö­rə də ata­sı­na dedi:

– Atacan, gələcəgimiz üçün çörək olmaxdan ötrü bunu bir ye­­rə səpək.

Dursun yığdığı bir qırıx buğdayı qoja kişi öylərinin ya­xın­lı­ğın­­dakı bir yerə səpdi. Az keçdi, çox keçdi, Dursun dedi:

– Ay dədə, taxılın su vaxtıdı.

Qoja kişi taxılın su vaxtı olduğunnan su bağlamaq üçün ta­xı­­­lın yanına gedəndə gördü ki, sulanıb və qajı qulağı doğranaxlı bil­də göy taxılın içinə sancıldı. Qoja kişi təəccüflənə-təəccüflənə öyə gəlif, əhvalatı qızdarına söylədi.

Dursun bu təəccüflü əhvalatı dədəsindən eşidif dedi:

– Ay dədə, heç fikirləşmə, qoy görək axırı nejə olajaq.

Bu vaxtdan az keçdi, çox keçdi, taxılın biçin zamanı oldu. Gə­­nə Dursun dedi:

– Ay dədə, neyə durursan taxılımızın biçin vaxdı yetişif.

Qoja kişi orağı götürüf taxılın yanına gedəndə nə gördü taxıl bi­­­çilif, zil dözəm pəncəyə vuruluf, orada üstünə sancılıf, əmbə heç kəs yoxdur. Yazıx qoja təəccüflənif həm də şaddanıf öyə gəl­­di. Əhvalatı olduğu kibi qızdarına söylədi. Dursun atasınnan bu sözü eşidif, dedi:

– Ay dədə, Allah əlsiz-ayaqsızdarın ruzusunu belə yetirər.

Arvadını qoş get qapımıza gətir. Qoja kişi söyünə-söyünə ta­­xılı qapıya daşımaxdan ötrü aravanı sazdamaxda olsun, gəl sa­na Xəddixumardan xavar verim.

Döylər mahalında Balxı addı bir döy qarısı var idi. Balxı qa­rı­nın da bir qızı var idi ki, görən gözdərin yumuf qaçardı. Balxı qa­­rının Xəddixumar addı bajısı oğlu bir gözəl idi ki, görən de­yir­di nə öleydi bunu bir də görəydim. Xəddixumarın könülsüz ol­­masına baxmıyıf o o adama oxşamaz qızını Xəddixumara ni­şan taxdı.

Xəddixumar sehirnən hər dona girməyi başardığınnan bir şah­mar donuna girif hər mahalı dolana-dolana gönlü tutan qız axtarırdı. Qəzadan gezə-gezə gəlif Dursungilin qapısına çıxdı. Bu zaman bir daldıya girif övün qapısına tamaşa etdi ki: bəlkə rast gələ onun könlü tutan qız bu övdə ola. Çünki kasıvın qızı göy­çəy olsa da atası kasıf olduğunnan pisdi, deyif almırlar.



Xəddixumar bu fikirdə ikən Dursun qapıyı açıf eşiyə çıxdı. Oğ­lan nə gördü, bu qızın eyni-başı cırıx cındırdısa da əmbə özü bir gözəldi ki, bir qənir üzünə baxmaq olmur. Az qalır adam ya­rıf örəyinə qoya. Xəddixumarın könlü Dursunu tutduxunnan de­di:

– Gərək bir az vaxta kimi bu qızı belə pis günnən qurtarıf baş­dan-ayağa al qumaşa tutuf özümə sirdaş elləyəm.



Xəddixumar bu sözdən sonra Dursungilin övünnən bir az ara­­lı heş kəs bilməmək şərti ilə sehrnən çölvirnən baravar, əmbə için yeddi mərtəvə bir imarət əmələ gətirdi. Və hər yannan olur-olsun bu övü kilim, gəbə və zili xalıynan başa-baş döşüyüf həm Dur­sunnan ötrü aldan şaldan yeddi dəs paltar, həm də ayağı yer­də, baş gərəndə yorğan-döşək düzəltdi. Xəddixumar bu dəm dəz­gahı dü­zəldənnən sonra gejələr öydə yatardı. Gündüzdər də ilan do­nunda Dursungilin qapısında oların nejə dolanmasına və nə işlə məşğul olmasına qulaq asardı. Gənə o təərnən bir gün gə­lif qapıda dolanırdı. Gördü ki, Dursun atasına buğda toxumu verif deyir:

– Ay dədə, apar bunu yerə səp, bəlkə gələjəyimiz üçün bir peş­qurtux ola.

Bu sözü eşidən Xəddixumar qoja kişi toxumu götürüf öv­lə­ri­nin yaxınlığında olan yerə səpbeyə gedərkən o da onnan gedif o yeri manşırradı. Və o günnən taxılın su vaxtı olanda suladı. Bi­çin vaxtı olanda biçif pəncəyə vurduxdan sora pəncənin arasına girif gözdüyürdü ki, havax qoja kişi gəlif taxılı aparanda qızını is­təyərəm, hərgah verdi-verdi vermədi onu tas-tas edif qızı apar­ram. Xəddixumar bu fikirdə ikən qoja kişi hu-hu-hu-ha-hu ara­va­yı pəncənin yanına sürüf dərzi götürüf aravaya doldurmaq is­tə­diydə Xəddixumar dedi:

– Ay kişi, yeyəsinnən izin almamış, taxılı harya aparırsan. Onu bil ki, sənnən bir şey isdəyəjəm, hərgah verdin onda taxıl da sənindi, canın da. Yox verməsən həm taxılı verməyəjəm, həm də özümü öldürəjəm.

Qoja şahmarı görcək qorxusunnan dili tutuldu. Bir az vaxt­dan sonra dili açılıf qorxa-qorxa dedi:

– “Canım sana fəda olsun, mənnən nə isdeyirsən, hər nə is­tə­yirsən işdə can-başnan yerinə yetirim.

Xəddixumar dedi:

– Sözün qurtaranı, isdeyirsən canın mənim əlimnən salamat qur­tara, kiçik qızını mana ver. Qoja canının qorxusunnan övə ge­dif əhvalatı qızdarına söylədi və dedi: A qızdarım, Xəddi­xu­mar hansınız göyçəksinizsə onu alajax. Bana görə Dursun çox gö­zəldi. Övdə qalsın. Gülxarı aparım. Bəlkə çirkin olduğunnan gön­lü tutmuyuf, gedə bizim də canımız qurtara. Qızdar ata­la­rı­nın tədvirinə razı oldular. Qoja kişi Gülxarı yanına salıf Xəddi­xu­marın yanına gəlif dedi: – Bu mənim qızım, harya aparırsan apar.

Gülxar onun sövdüyü qız olmadığınnan qojanın üsdə hirs­də­nif dedi:

– Bu mənim dediyim qız döy.

Qoja qorxuf Gülxarnan övə gəldi.

Bu dəfə Ülkəri Xəddixumarın yanına apardı. Dursun ol­ma­dığınnan Xəddixumar munu da bəgənmiyif and içdi ki, hərgah Dursunu getirməsən, səni həlak edəjəm. Qoja kişi axırda naəlac qa­lıf Dursunun başını, üzünü kömürnən qaraldıf bir bədheybət hal­da Xəddixumarın yanına apardı. Xəddixumar həmən gönlü tut­duğu bu qız olduğu üçün dedi:

– Ay qoja, mən deyən bu qızdı. İndi sən taxılını apara bilər­sən, mən də sirdaşımı.

Qoja şahmarın qorxusunnan aravayı dolduruf öyə gəldi və əh­valatı qızdarına söylədi. Gülxarnan Ülkər Allaha təvəkkül edif ta­xıllarını döyüf qış azuqələrini hazırladıxlarınnan aldıxdan asu­da idilər. Əmbə hamısı Dursunun nejə olmasınnan nejəran idilər.

O yannan Xəddixumar qıza dedi:

– Dursun yolnan, mən də kolnan hayana getsəm, mənnən ara­lanma.

Dursun qorxusunnan naəlac razı oldu. Munnan sonra Xəddi­xu­­mar kolnan, Dursun da yolnan o qədər getdilər ki, axırda Xəd­di­­xumarın imarətinə çatdılar. Bu zaman Xəddixumar bir balaja qa­pıdan içəri girdi. Dursun da bir təhər içəri girdi. Nə gördü, hə­mən ilan imarətə girən kimi ilan donunu çıxardıf yuxarıdan asdı, bir dəst bəni adam paltarı geyindi.

Dursun bir belə sirri və bir belə yeddi mərtəvə imaratı görüb mat qalmışdı ki, Xəddixumar üzünü Dursuna tutuf dedi:

– Ay gözümün ilk oyu və gönlümün ilk söygüsü, neyə mat qa­lıfsan?

Qulaq as, səni bu sirdən xavardar edim. Xəddixumar əh­va­la­tı başdan-ayağa kimi Dursuna nağıl eylədi.

Dursun Xəddixumarın munu belə söyləməsini bilif ölənə ki­mi onnan ömür sürməsini söylədi. Xəddixumar Dursunnan bu sö­zü eşidif söyünə-söyünə dedi:

– Dursun, hayıf ki, indilərdə toy edif, sənnən keyfə-damağa məş­ğul olmuyacam. Çünki, mənim bir uzax səfərim var. Gərək əvvəl o səfərə gedim, sonra gələndə özümə toy edim. Dursun nə qədər səfərini xavar aldı, Xəddixumar demiyif səfərə hazırlandı. Qıznan halallaşarkən dedi: Mən gedirəm, əmbə mənim bu ilan do­numu yaxşı gözdərsən, onda gələrəm. İşdi şər deməsən, xeyir gəlməz, hərgah don tələf olsa mən gəlmiyəjəm. Ona görə al bu üzü­yü və ayağına dəmirdən çarıx gey, əlinə də dəmir əsa al, gə­zə-gəzə mənim dalımca gəl. Bəlkə, baxtın yar ola, gəlif tapa­san.

Xəddixumar donu qıza tafşırdıxdan sonra yola düşdü, az ge­dif, çox gedif, həmən döylər mahalında Balxı xalasının öyünə ye­tişdi. Balxı qarı Xəddixumarın səfərdən belə gej gəldiyi üçün çox­lu danlıyıf qızına toy tədarükünə başladı. Bu annan Dursun Xəd­dixumar gedənnən sonra atasıgilə gəlif, əhvalatı atasına və bacı­larına söylədi. Dursun burda aj qalmaxdan bir şey çıxmaz, mən də övümüzdə təkəm, gəlin bizə gedək. Orda yemək, gey­mək çox bol olmasını onlara bəyan eylədi.

Dursunun bu sözünə hamısı razı oldu və onnan baravar onun övünə köçdülər. Dursunun qoja dədəsi və üç bajısı bu imarətdə gö­zəl dolanırdılar.

Günlərin bir günü Dursun övdə olmayan zaman Gülxarnan Ül­kərin gözü Xəddixumarın ilan donuna sataşdı, görəsən bu ilan donu nədi.

Yəqin ki, bu imaratda ilan var. Özü çıxıf geduf, qavığı qalıf. Bu baxtı qaralar bir-birinə kef verif donu ojağa atıf yandırdılar. Bu əsnada Dursun içəri girif nə gördü, iş işdən keçif. Xəddi­xu­ma­rın donunu bacıları yandırıflar.

Dursun başına-gözünə döyüf, ağlaya-ağlaya ayağına də­mir­dən çarıx geyif, əlinə dəmirdən hasa alıf el-bə-el Xəddixumarı gəzməyə başladı. Dursun gejə və gündüz gəzə-gəzə gəlif Balxı qa­rının evinin yanında olan bir bulağın başında oturdu ki, həm su içə, həm də dincələ.

Bu zaman su aparmaq üçün əlində afdafa bir qız bulağa gəl­di. Dursun o qızdan xavar aldı ki, bu suyu kimə aparırsan və özün də kimin qızısan.

O qız əhvalatı Dursuna söyləməklə baravar dedi:

– Bu suyu da Xəddixumara aparıram.

Dursun Xəddixumarın adını eşidəndə o qızdan su içmək ba­ha­nasınnan afdafanı aldı və Xəddixumarın ona yadigar verdiyi üzu­yu afdafaya saldı. Balxının qızı suyu Xəddixumara verdiydə Xəddi­xumar su içən yerdə gördü ki, afdafada bir üzük var. Üzü­gü alıf baxanda öz verdiyi üzük olduğunu gördü.

Bu zaman tez Dursunun yanına gəlif görüşdü və dedi:

– A canımın yarısı mən sana demədimmi mənim donumu yan­dırma, əgər yandırsan gəlmiyəjəm.

Dursun gözünün yaşın töküf cavab verdi ki: – Allah bajı­la­rı­mın baxtını qara eyləsin.

Xəddixumarnan Dursun bir az söhbət eylədiydən sonra oğ­lan buranın hər bir əhvalatını qıza nağıl eylədi və dedi: Qorxma, çox keçməz buları analı-balalı qırıf canımızı qurtarrıx. Onnan son­­ra övümüzə gedərik. Xəddixumar bir sehr oxuyuf Dursunu bir qolbeçə donuna saldı. Özünnən gətirif Balxı qarının yanına gəl­di və ona dedi: Ay xala, bir qolbeçəni yoldan tapdım. Qoy bu­­ra­daja əldə-ayaxda qullux eləsin. Balxı biiman cavab verdi ki, Ay xəddixumar, olma bu sənin əməlindir. Xəddixumar ərz ey­lədi: – Yox, yox xala, xalalarımın goru haqqı əməl döyül.

Balxı qarı əməl olduğunu bildisə də naəlac razı oldu. Bu vax­dan az keşdi, çox keşdi Balxı qarı qızının toyunu başdadı. Qızının toyu üçün odun getirməyi Dursuna havala eylədi. Dur­sun bikef Xəddixumarın yanına gəlif əhvalatı ona söylədi. Xəd­di­xumar dedi: Bu çətin iş deyil. Mən sehir oxuyaram, sən me­şəyə gedif deyinən “yarılın odunnar, Xəddixumarın toyudu”.

Onda nə qədər odun lazım olsa, hazır olar. Aravalarını dol­du­ruf evə gələrsən.

Dursun oradan evə gəlif aravalarını meşəyə sürdü. Xəddi­xu­ma­rın dediyi kimi söyləyəndə odunnar hazır oldu. Bu zaman Dur­sun söyünə-söyünə aravaları dolduruf qapıya getdi. Balxı qarı gördü ki, Dursun o qədər odun gətirif ki, nə indi bəni adam belə döylər də bir bajaramazdar. Ona görə bildi ki. bu iş Xəd­di­xu­marın işidi.

Balxı qarı genə Dursuna dedi ki, qızımın cehizinnən ötrü quş tükü lazımdı. Gərək hardan olsa tapıf gətirəsən. Dursun daha da bikef Xəddixumarın yanına gəlif Balxının tapşırığını ona söy­lə­di. Xəddixumar gülüf dedi:

Munnan hasand nə iş ola bilər. Sən aravalarnan quşdar də­rə­si­nə get orda deyinə:

Tük tökün, tük tökün

Xəddixumarın toyudu.



Onda quşdar tükünü tökər, sən də aravanı dolduruf ge­ti­rər­sən.

Dursun Xəddixumarın tədviri üzrə quşdar dərəsinə gedif Xəddixumar dediyi kimi söyləyəndə quşdar tüklərini tökdülər. Bu zaman aravaları dolduruf Balxı qarıya gətirdi. Balxı qarı gə­nə bildi ki, bu iş Xəddixumarın işidi. Ancaq üsdünü vurmadı. Dur­suna dedi çox gözəl, indi qızımın toyu üçün döylər tilsi­min­də olan dödüyümnən ötrü getməlisən. Dursun gənə Xəddi­xu­ma­rın yanına gəlif əhvalatı söylədi. Xəddixumar dedi: Əgər bu qo­xulu işdisə də mən fəndini bilirəm. Sən bir qav darı götürüf yola dü­şərsən. Az gedif, çox gedif, həmən döylərin tilsiminə yeti­şər­sən. Orda doduyə keşik çəkənnər hamısı heyvanlardı və qa­pılar­dı. Əmbə döylər onnara yaxşı qulaq asarlar. Sən heyvannara ye­ti­şən kimi atın qavağında sümük, itin qavağında ot görərsən, otu gö­türüf atın, sümüğü isə itin qavağına qoy, ordan bir gedəndə tilsi­min qapısında bir xoruz görərsən. Həmən özünnən gö­tür­dü­yün darını o xoruzun qavağına tök. O ha eyliyif darıyı dənnə­yənə kimi sən tez açıx qapıyı ört, örtülü qapını aç, tilsimə daxil ol. Onda qara taxt üstündə mərmər hazar peşə görərsən. Hazar pe­­şəyi açıf içinnən düdüyü götürüf yola düş. Sən bu işi görənə ki­­mi xoruz darıyı qurtarıf manlıyar. Onda döylər oyanıf de­yəl­lər: “A, açıx qapı tut, qapı deyər: siz məni o qədər açıx saxlamış­dı­­nız ki, yel qoz əfərdəmi kesmişdi, o məni örtdü. A örtülü qapı tut, qapı deyər: siz məni həmişə örtülü saxlayırdınız o aşdı, mə­nə yel qoz dəyir yənə tuturam”. A, at tut, a it tut, at deyər “siz mə­­­nim qavağıma sümük qoymuşdunuz, o ot qoydu”, it deyər “siz mənim qavağıma ot qoymuşdunuz o sümük qoydu nejə tutu­rux”. Axırda heç biri tutmaz sağ-salamat düdüyü götürüf Bal­­xı qarıya gətirərsən. Dursun Xəddixumarın tədvirinnən til­si­mə tərəf yola düşdü. Biçara Dursun təpələrdə yel kimi, dərələrdə sel kimi, badeyin sərsər kimi höyüş yerdə çapbur-çupbur, quru yer­də tapbur-tupbur gəlif tilsimə yetirdi. Bu zaman Xəddi­xu­ma­rın örgətdiyi kimi eyliyif düdüyü götürüf Balxı qarıya verdi. Balxı qarı bir belə gedər-gəlməz tilsimnən düdüyün gəlməsini gö­rəndə yəqin eylədi ki, bu işi Xəddixumardan savayı heç kəs gö­rə bilməz. O biiman o günnən daha da Dursunun ölümünə ça­lış­mağa başdadı. Ona görə onu yanına çağırıf dedi: – İndi qı­zı­mın toyuna lazım olan şeylər hazırdı. Odur ki, gərək bütün sər­də­ni sulamaq və süpürmək. Bu gün sərdəni nə təhər olur-olsun göz yaşınnan suluyuf, saçınnan süpürərsən. Hərgah suluyuf sü­pür­məsən çoxdandı dilimə bəni insan əti dəymir. And olsun ba­jı­­larımın goruna səni kabaf çəkəjəm.

Dursun qorxusunnan bir söz demiyif həmişəki kimi gənə də Xəd­di­xumarın yanına ağlıya-ağlıya əhvalatı ona nağıl eylədi. Xəddi­xumar dedi: – Ay canımın yarısı. Qorxma vaxt azalıf, səni bu zülümnən çox keçməz ki, qurtarajam, mən sehir oxuyaram, sənə sərdənə gedif deyinən:

Yağın, yağışadar, yağın

Əsin yellər əsin

Xəddixumarın toyudu.

Onda bir çisək yağış yağıf sərdəni sular və bir yel əsif təmiz süpürər. Dursun Xəddixumara alqış eyləyə-eyləyə sərdənə gedif onun öyrətdiyi kimi dedi. O zaman sərdəni çisək suladı yel də süpürdü. Dursun şaddanıf Balxı qarının yanına gəlif dedi:

– Ay nənə, buyurduğunuz buyrux hazırdı. Balxı qarı qızının hər şeyi hazır olduğunnan bir safalı toy eyliyif Xəddixumarın gön­lü olmadığına baxmıyıf o adətdəri kimi qızın kəvinini ona kəs­dirdi.

Xəddixumar qızın yanına gəlməli olanda Dursunu çağırıf dedi:

– Mənim toy imaratımın yanındakı imaratda hafsız ulguş par­çaları iynə və duz vardı. Sən əvvala axşam oları qavlara qoy, son­ra bir saj və bir tulux su hazırrıyıf o imaratda gedif dur. Mən get­­­mək vaxtı olanda səni çağıraram. Dursun imarata gedif Xəd­di­xumar dediyi şeylərin hamısını hazırrıyıf ordaca oturdu. Bu annan gejədən qədər keçmiş Xəddixumar toy otağına daxil ol­du. Və tələsik özünü Balxı qarının qızına yeturuf, belinnən xan­çalı çəkif qızın başını kəsənnən sonra Dursunun yanına getdi. Sə­hərnən Dursunun əzəlki donuna saldı və onnan baravar ha­zırran­mış şeyləri götürüb toy otağına gəldilər. Orda sajı ojağa, tuluğu balaya asdılar və tuluğu balaja dəldilər ki, tuluxdan su saja damcıladıxca pıç-pıç eyliyirdi. Xəddixumarnan Dursun qapıyı bağlıyıf Vahata tərəf yola düzəldilər.

Bir yannan savah tezdən Balxı qarı adətdəri kimi qızına və ke­yunə xorək gətirif toy otağının qapısına gəldi. Qapıdan qulaq asan­da pıç-pıç səsini eşidif elə bildi ki, keyunən qızıdı. Ona görə a pıç-pıçnısa qurvan olum. Qapıyı açın, sizə xörək gətirmişəm.

Qarı gördü ki, cavab verən yoxdu. Axırda bajaya çıxıf içəri ba­xanda nə gördü, lələ köçüf, yurdu ağlıyır.

Tuluxdan su sajın üsdə damcıladıxca pıç-pıç eyliyir.

Balxı halı belə görüf bir təhərnən qapıyı açıf içəri girəndə qı­zını ölmüş və Xəddixumarnan Dursunu getmiş görəndə bildi ki, qızını öldürən Xəddixumardı. Ona görə yel donuzunu minif qa­ra yel kimi oların iziynən yola düşdü. Az gedif-öz gedif dərə-təpə düz gedif, axırda Xəddixumargilə yaxınlaşdı. Xəddixumar Bal­xı qarının yaxınnaşdığını görüf o saat yola hədsiz-hesafsız ul­guş parçaları, sonra iynə və axırda duz tökdü.

Balxının donuzu yelli gələndə ulguş ayaxlarını doğram-doğ­ram eylədi. Bir az gələndə üsdünnən iynə və onun üsdünnən o ya­raların yerinə duz elə doldu ki, daha donuzun getməyə təəri ol­madı. O tərəfdən Xəddixumarnan Dursun söyünə-söyünə yol­nan tərpəndilər. O qədər gəldilər ki, axırda böyük bir çaya yetiş­di­lər. Xəddixumar sehir oxuyuf hər ikisi sağ-salamat çaydan keş­dilər. Bullarnan davan basarax Balxı qarı da çayın qırağına ye­tişdiydə gördü ki, çaydan keşmək mümkün döyül. Ona görə üzünü Xəddixumara tutuf:

– A... Xəddixumar.... A....Xəddixumar! Xalan sana qurvan, gəl məni də addat.

Xəddixumar hilə yoluynan onun həlak olması üçün dedi:

– “A xala, a xala, o çayın qırağındakı dəyirman daşını bo­ğa­zı­na keçir, özünü çaya tolla. Onda bu taya keçə bilərsən, nejə ki, biz də o təərnən keşdik”.

Avam Balxı qarı munun sözünə inanıf dəyirman daşını ba­ğa­zına keçirif özünü çaya tolladığda düz suyun divinə millənif cə­­hənnəmə vasil oldu.

Xəddixumarnan Dursun qarının belə kor-koruna həlak ol­ma­sını görüf söyünə-söyünə öpüşə-öpüşə yola düşdülər. Gejə-gün­düz salıf bir az vaxda Vahata yetişdilər. Burdan da düz evlərinə gəl­dilər. Bu zaman qoja, Gülxar və Ülkərnən görüşdülər. Xəddi­xu­mar yol yorğunnuğunu aldıxdan sonra bir böyük toy büsatı düzəltdi və quşdan, qoyunnan qırıf Vahat əhlini tamamən qonax ça­ğırdı. Vahat əhlinin hamısı Xəddixumarın toyuna yığışdılar.

Xəddixumar özünün və Dursunun başına gələn qəza və qə­də­ri əvvəlindən axırına kimi camahata nağıl eylədi. Vahat əhli bun­ların bir-birini can dilinən söyləməklərinə və vəfalı çıxıf zəh­mət məşəqqətnən bir-birini axdarmaxlarını və başdarı yüz min ölüm­lü balalar çəkif axırda qoçaxlıxnan döyləri cəhənnəmə vasil edif belə sağ-salamat gəlməklərinə afərin-afərin üstünnən deyif və çığırdılar. Camahat yedilər, işdilər, ağsaqqal qarasaqqal Dur­sunun kəbinini Xəddixumara kəsif əl-ələ verdiydən sonra “to­­­­­­yunuz mübarək olsun, Allah yıldızınızı barışdırsın, yeddi oğul ata-anası olun, başınız dölətdi, ayağınız sayalı olsun” deyif da­­ğıldılar. Bu yannan Xəddixumar istəklisi Dursunnan var, dölət içində ağ günnərnən ömür sürməyə başdadılar.


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin