Yəğma ritualı
Qazan xan obrazının ritual-mifoloji strukturunun əsasında dayanan yəğma ritualı qeyd etdiyimiz kimi ilkin olaraq bu ziddiyyətlər üzərində qurulur. Yəni Aruz-Qazan qarşıdurması kimi hələ II boydan başlanır. Qəribə burasındadır ki, kafərlər də Aruz ilə eyni düzümdə diqqət çəkir. Qazan oğlu Uruzu ordunun üstünə qoymaqla ritual həyata keçirir. Aruzun “ordunun üstünə kimi qoyursan?” sorğusunda anti-ritual davranışı hiss olunur. Kafərlərin Oğuz elinə basqın edib Uruzu məğlub etməsi isə anti-ritual olmaqla ritual düzəni pozmaq niyyətləri kimi meydana çıxır. Uruz bir tərəfdən məğlub olmaqla Qazan xanı çətin vəziyyətə salsa da, digər tərəfdən ritualdan keçib birinci mərhələdə oğuz elinin qəhrəmanı kimi kafirlərlə üz-üzə dayanır, ikinci mərhələdə (IV boyda) varis kimi ritual subyekti olaraq iştirak edir, üçüncü mərhələdə isə (XI boyda) xaqan statusunda təsdiqini tapır. Məhz əvvəldə qeyd etdiyimiz kimi, XII boyda keçirilən yəğma ritualı kafirlərlə eyni cərgədə dayanan Aruzun xaotikliyini daha şiddətli şəkildə üzə çıxarır (O, Beyrəyi öldürür). Eyni zamanda Uruz ritualdan keçib üç mərhələdən sonra xaqan statusunda aşkar nümayiş olunduqda ona qarşı dayanan Aruz cəbhəsi yəğmada iştirakdan məhrum edilir. Yəğma ritualı ən geniş səviyyədə XII boyda özünü göstərir: “Üçoq, Bozoq yığnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Əmma Taş Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağmaladı.
“Qaçan Qazan evin yəğmalatsa, həlalının əlin alur, tışra çıqar, andan yağma edərdi” (97, 123).
Bu mətn aydın göstərir ki, süjet üstündə Qazan xanın evinin yəğmalanması aktı süjetaltı struktur laylarda daşlaşmış arxaik ritualdan xəbər verir. Lakin arxaik rituala münasibət də fərqli ola bilər. Bu ritualın hansı kompleksə məxsus olması da müxtəlif baxış bucaqlarının fərqli prizmasını nümayiş etdirir. Ancaq elə süjetin özündə aşkar səviyyədə diqqət çəkən məlumat yığını bir az öncə bəhs etdiyimiz kimi Uçoq-Bozoq qarşıdurmasını ifadə edən ciddi bir ritualdan xəbər verir ki, bu ritual ifadə forması mətn boyu iki səviyyədə müşahidə olunur:
1. Süjet səviyyəsində ritual;
2. Süjetaltı səviyyədə ritual.
Birinci halda ritual aşkar şəkildə epik kontekstdə müşahidə olunur (XII boy).
İkinci halda ritual, mövzu, süjet və motiv səviyyəsində daha dərin qatlarda kodlaşdırılıb mifoloji-tarixi bilgilərin sükunətdə olan layları kimi yalnız struktur-semantik səviyyədə aşkarlana bilir (II boy).
Biz, Qazan xanın evini yəğmaladarkən bir-birinə bağlı olan bu ritual davranışları müşahidə edirik. XII boyda Qazan xan tərəfindən ritual kodeksin ənənəvi strukturu, yaxud etiket prinsipləri ciddi şəkildə pozulur:
1. Dış Oğuz yəğmada iştirak etmir, ritual subordinasiya gözlənilmir;
2. Ritual icraçısı (Dədə Qorqud) ritualı icra etmir.
Dış Oğuzun yəğma ritualında nə üçün iştirak etməməsi barədə yuxarıda geniş şəkildə araşdırma aparılmışdır. Bəs ritual icraçısı Dədə Qorqud nə üçün bu ritual zamanından kənarda qalır, periferik məkana köçürülür?
Bizə məlumdur ki, ritual prosesi epik səviyyədə xaqan, yaxud xan tərəfindən elan olunur, Qorqud Dədə tərəfindən isə icra edilir. Hətta bəzi hallarda təşkil olunan mərasimlərdə (şölən, yığıncaq, toy və s.) mərasim xaqan, xan tərəfindən başladılır, oğuz ərənləri isə mərasim içində Dədə Qorqudu ritualı icra etməyə dəvət edirlər (ad ritualı, “Oğuznamə bağışlaması”) (97, 36, 67).
A.Xəlil məhz mənəvi səviyyədə ritualın Dədə Qorqud tərəfindən populyarlaşdırılıb legitimləşdirilməsi qənaətini arxaik ritualların motiv səviyyəsini tədqiq edərkən, fikrimizcə, bu baxımdan əsaslandırmışdır (86, 46).
Bəs belə olduğu təqdirdə Dədə Qorqud nə üçün yəğma ritualında iştirak etmir? Əgər Qazan-Aruz münasibətlərinin kulminasiyası kimi Aruz və onun təmsilçiliyi ilə Diş Oğuz yəğmaya çağrılmırsa, Dədə Qorqud hansı səbəbdən bu aksiyadan kənarda qalır? Bunun səbəblərini araşdırmağa çalışaq. Biz əvvəldə qeyd etdik ki, Qazan xanın keçirdiyi bu ilki yəğma ritualı əvvəlkilərdən o cəhətiylə fərqlənir ki, bu aktın həyata keçirilməsi ənənəvi olsa da, bu akt nəticəsində Uruz bəyin xaqanlığı elan olunur. Yəni Uruz bəyin II, IV, XI boydan keçən status dəyişmələri bu boyda stabil statusda meydana çıxır. Uruzun xaqanlığı elan edilir. Aydındır ki, öncə Aruz buna qarşıdır. Aruzun bu mərasimdə iştirakı təmin edilmir. Lakin diqqətlə müşahidə etdikdə aydın olur ki, elə mənəvi səviyyəni təmsil edən Dədə Qorqud da bu addımı qəbul etmir. Bunun üçün biz DQK-nin müqəddiməsinə qayıdaraq təkrarən qeyd edirik ki, Dədənin-xanlığın geriyə dönməsini və yaxud dönəcəyini deməsi “Axır zəmanda xanlıq gerü – Qayıya dəgə, kimsənə əllərindən almıya” (97, 31) ifadəsi Ali iyerarxik pillənin zirvəsinin Oğuz ritualına uyğun – Bozoqların xeyrinə tutulmasının gərəkliliyini bəyan etməsidir. Hətta “kimsənə əllərindən almıya” deməklə növbəti mərhələdə yenə də hakimiyyətin Bozoqlardan alınacağına və yaxud buna cəhd ediləcəyinə narahatlıq keçirən Dədə aydın mövqe nümayiş etdirir. Məhz gələcəkdə (XII boyda) Qazanın tutduğu mövqeyə qarşı ritual gələnək əsasında narazı olduğunu nümayiş etdirən Dədə Qorqud bu səbəbdən “Uruzun xaqan elan olunması” ritualına dəvət olunmur, yaxud da özü bu dəvətdən imtina edir. Eyni zamanda onu deyək ki, Əbülqazi mənqəbəsində Dədə Qorqudun Qayı boyundan olması haqqındakı bilgilər də (60, 74, 77) bu baxımdan bu faktın dəqiqliyini daha da artırır. Təbiidir ki, Dədə Qorqudun Qayı, yaxud DQK-də göstərildiyi kimi Bayat boyundan olması onun bu mərasimə çağrılmaması üçün yetərli səbəb ola bilər. Çünki Qayı və Bayat boyu Bozoq boyları olaraq Dış Oğuza daxildir. Məhz Dış Oğuz da bu yəğmada Qazan xan tərəfindən dışlanıb kənara qoyulur. Lakin mətnə düşən müqəddimə mühakiməsi, Ata statusunun daşıyıcısınin qətiyyətli mövqeyi bu yəğmaya onun nə üçün çağrılmamasının əsl mahiyyətini aşkarlayır. Hətta Qazan xan mənəvi səviyyənin vacibliyini unudub siyasi səviyyənin etalonluğunu əsas götürür. Aruzun Beyrəyi öldürməsi Qazan xana mənəvi səviyyəni bərpa etməsi üçün ən ciddi sosial-kütləvi əsas verir. Əks təqdirdə Qazan xan daha aqressiv tərəf kimi antiqəhrəman durumuna düşmək məcburiyyəti qarşısında qalıb bütün Oğuz birliyinin parçalayıcı faktoru kimi xan statusunun funksional əsaslarından məhrum ola bilərdi.
Qazan xan obrazının ritual-mifoloji strukturunun II, IV, XII boylarda bu istiqamətdə təhlil olunması heç də o nəticəni ortaya çıxarmır ki, yalnız Uruzun xaqan olması uğrunda mübarizə bu əsası təşkil edir. Bu süjetüstü və süjetaltından aşkarlanmış yalnız bir mətnaltı süjet aprobasiyasıdır. Qazan xan obrazının oğuz epik ənənəsində, əsasən də DQK-də müxtəlif mifoloji-ritual səviyyəsi diqqət çəkdiyimiz kimi “xan təyinləri” kompleksində daha əhatəli şəkildə aşkarlanmışdır. Oğuz mifinin paradiqması kimi Qazan xan obrazının ritual-mifoloji strukturu elə Oğuz ritual-mifoloji strukturunun tərkib hissəsidir.
NƏTİCƏ
Tədqiqatın məqsədi adından göründüyü kimi oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji strukturunun açıqlanmasıdır. Məqsədimiz Qazan xan obrazının oğuz epik ənənəsində əhəmiyyətli yerini aydınlaşdırmaq, Qazan xan obrazının oğuz epik ənənəsində davamiyyətli yer tutan mənbələrdə (tarixi, mənqəbə, epik) əsas obraz olaraq digər obrazlarla münasibət çevrəsini müəyyənləşdirmək və Oğuz dünyagörüşünü özündə cəmləyən vahid mifoloji sistemin Qazan xan obrazının mifoloji strukturunu təşkil etməsini aşkarlamaq olmuşdur. Oğuz epik ənənəsi deyildikdə uzunmüddətli bir tarixi proses yaşamış oğuzların fərdi və ictimai münasibətlər sistemində ifadə olunan epik mənbələrin ardıcıllığı nəzərdə tutulur ki, bu sıraya yalnız bədii örnəklər və mənqəbələr daxildir. Tarixi mənbələr isə yalnız bu istiqamətdə əlavə bilgi cəlb etmək üçün istifadə olunur. Məlumdur ki, bu mənbələr sırasında əldə olan və olmayan oğuznamələr əksəriyyət təşkil edir. Çünki bir qayda olaraq Oğuz mühitinə və yaşantı sferasına aid olan bütün əsərlər elmi-metodoloji baxımdan oğuznamə adlanır. Təbiidir ki, yalnız bədii əsərlər deyil, həmçinin mənqəbələr də bu cərgəyə aiddir. Oğuz epik düşüncəsində əsas yer tutan əsərlər arasında ənənəvi olaraq “Kitabi-Dədə Qorqud”, F.Rəşidəddinin “Cəmi ət-təvarix” (tarixlərin cəmi) əsərindən çıxarılıb “Oğuznamə” adını almış oğuzlarla bağlı hissələr, Ə.Bahadır xanın “Şəcəreyi-Tərakimə” (Türkmənlərin şəcərəsi) əsəri, uyğurca “Oğuz Kağan” dastanı, Yazıçıoğlu Əlinin “Təvarixi-ali Səlcuq” əsərində olan oğuznamə parçaları, “Əmsali-Məhəmmədəli” və digər oğuznamələr vardır. Lakin bizim məqsədimiz tarixi əsər yazmaq olmadığından daha çox bədii-epik nümunələri tədqiqata cəlb etmək olmuşdur ki, bunların da içərisində ən əhəmiyyətli yeri “DQK” tutur, digər oğuznamələr isə vasitəçi rolunda çıxış edir.
Qazan xan obrazının bir obraz olaraq əsasən “DQK” də yer tutması obraz arealını istər süjet, istərsə də mətn strukturu səviyyəsində izləmək baxımından yenə də əsas olaraq mənqəbələrdə deyil, DQK-nin əsasında təhlil etmək zərurəti doğurur. Çünki mənqəbələr Qazan xan obrazını əhatəli şəkildə diqqətdə saxlamağa imkan vermir. Elə bu baxımdan da mənqəbə bilgiləri DQK-dəki obrazı daha geniş səviyyədə səciyyələndirmək üçün yardımcı funksiya daşıyır.
Qazan xan obrazının tarixi səviyyəsi araşdırmada yalnız ona görə geniş yer almamışdır ki, mövzumuz obrazın epik-mifoloji səviyyəsi ilə bağlıdır. Eyni zamanda obrazın tarixi prototip kimi araşdırılması həm də ona görə əhatəli şəkildə diqqət çəkmir ki, biz obrazın tarixiliyinə etolon səviyyədə yanaşmağın tərəfdarı deyilik. Çünki obraz bütün hallarda epik hadisə olduğu üçün burada tarix salnamə səviyyəsində rol oynamır, yalnız tarixdə mövcud olmuş şəxsin müəyyən keyfiyyətləri yaradıcı şəxsin fərdi baxışları əsasında obrazda müəyyən qədər özünə yer ala bilir. Hətta bir obrazın bir şəxsin prototipi kimi götürülməsi müəyyən hallarda mümkün olmur. Bir obrazda bir neçə tarixi şəxsin statusları və şəxsi keyfiyyətləri cəmlənmiş də ola bilir. Elə bu baxımdan da obrazın tarixi məntiqi anaxron yaratmış olur, tarixi xronologiya pozulur. Araşdırmamızda olan Qazan xan obrazı da eyni istiqamətdə izlənilə bilər.
Obrazın epik-mifoloji səviyyəsi elə bu obrazın bütövlükdə təsviri və struktur səviyyədə tədqiq olunmasına kifayət qədər imkan verir. Biz qeyd etmişdik ki, Qazan xan obrazı oğuz epik ənənəsində bir-birinə sinxron və diaxron şəkildə bağlı olan üç əsas obrazdan (Oğuz, Qorqud, Qazan) biridir. Əgər bu obrazlardan hər hansı biri olmazsa, oğuz epik ənənəsi sistemliliyini və statikliyini itirmiş olar. Sanki türk mifoloji strukturunun üçlük dünya modelinin Oğuz mifoloji sistemində obraz şəkillənməsi olan bu ana obraz üçbucağı bütün Oğuz epik və mifoloji sistemini zəncirvari həlqə kimi öz ətrafında cəmləmişdir. Qazan xan obrazı mifoloji baxımdan da arşdırıldıqda yalnız epik mətndən bu sistemə daxil ola bilmək məcburiyyəti olduğu üçün obrazın həm epik, həm mifoloji səviyyələri araşdırmaya cəlb olunur. Daha doğrusu, oğuz epik ənənəsinə və yaxud Oğuz kompleksinə daxil olan mətnlər bir-birinə qarışmış şəkildə diqqət çəkir. Mif epikləşir, epik olan isə mifləşir. Yəni bu kompleksin mətnləri diqqətlə araşdırıldıqda bu vacib elementlər bir-birinə bağlı olur və mifoloji baxımdan araşdırma tələb edir. Əgər bu mətndə mif üzdə deyilsə, bu mifin olmamasından xəbər vermir, mifin alt laylarda gizli qalmasından xəbər verir. Elə bu səbəbdən də ənənəvi-təsviri metodla bərabər struktur-semiotik metod tələbatı da meydana çıxır. Tədqiqatda bu istiqamətdə də araşdırma aparmaq ehtiyacı diqqət çəkdiyimiz yanaşma tərzindən meydana gəlmişdir. Qazan xan obrazı oğuz epik ənənəsində ən geniş səviyyədə DQK-də kodlaşdırılmış “Qazan xan təyinləri” vasitəsilə epik ənənəyə səpələnib başdan-başa epik, mifoloji sistemi struktur və süjet səviyyəsində öz içərisinə alır. “Ulaş oğlı” olması ilə Qazan xan obrazının övladlığı təzahür edirsə, “Xan Uruzun ağası” olması ilə atalığı izlənilir. “Bayındır xanın göygüsi” olması ilə kürəkənliyi və ərliyi işarələnirsə, “Tülu quşun yavrısı”, “Amit soyının aslanı” və s. olması ilə Oğuz məişətinin və idarəçiliyinin bütün səviyyələri işarələnir. Hər təyin bütün oğuz epik ənənəsini başdan-başa gəzir, hətta bu ənənədən kənara çıxıb ümumtürk kontekstində də iştirak edə bilir (“Altay dastanı”, “Şan qızı” dastanı və s.). Bu təyinlər semantik cərgə yaradıb funksionallaşır və ayrı-ayrı səviyyələri məna və anlam baxımından özündə cəmləyərək Qazan xan kompleksi yaradır. Elə bu baxımdan da tədqiqat işi ən geniş səviyyədə bu təyinlər üzərində qurulub oğuz epik ənənəsində Qazan xan obrazının ən müxtəlif tərəflərinin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayır.
Qazan xan obrazının ritual-mifoloji səviyyəsi “xan öyüncləri” adlandırdığımız təyinlər vasitəsilə işıqlandırılsa da, bu səviyyənin tamamlanması üçün əlavə bir fəsilə ehtiyac hiss etdiyimizdən araşdırmanı bu istiqamətdə aparmağı lazım bilmişik. Beləliklə, Qazan xan obrazını bu tədqiqat işində aşağıdakı kimi təsnif etmək zərurəti meydana çıxır:
1. Qazan xan obrazı oğuz epik ənənəsini təşkil edən üç əsas obrazdan biri kimi bərabərhüquqlu obrazdır.
2. Qazan xan obrazı oğuz mifinin paradiqmasıdır.
3. “Qazan xan təyinləri” funksionallaşaraq oğuz epik ənənəsinin müxtəlif laylar təşkil edən semantemlərinə çevrilmişdir.
4. Qazan xan obrazı ritual-mifoloji struktura malikdir.
5. Qazan xan obrazının epik-mifoloji səviyyələri bir-birinə kontaminasiya edilmişdir.
6. Qazan xan obrazının tarixi səviyyəsinin tədqiqat işində nə üçün geniş səviyyədə işıqlandırılmamasının səbəbləri aydınlaşdırılmışdır.
Son olaraq onu da qeyd edək ki, oğuz epik ənənəsində Qazan xan obrazının mükəmməl obraz olaraq diqqət çəkməsi onu göstərir ki, bu mövzu qapanmamış qalır və Qazan xan obrazı neçə-neçə gələcək tədqiqat işinin mövzusu olacaqdır.
Dostları ilə paylaş: |