84. GORDU BABA
Gordu baba yel piriydi. Ayağı əyri gedən yeriyə-yeriyə gəlirdi. Gərəh əlində də bir qab su aparıf qapısına-bajasına səpeydin. Payı sudu. Çırağ aparıf yandırırdıx.
85. SEYİD ƏBİL
Zəngilanın Zərnəli kəndində Seyid Əbil vardı. Ağır seyidiydi, sınanmış seyidiydi. Bınnan irəli adamlar çuxa geyirdilər. Bının da bir köhnə çuxası olur. Aparır hansısa bir kəntdə boyaxçıya verir bını boya. Boyaxçı baxır ki, bı bir qoja kişidi, özü də əynindəki çuxa da lap köhnə, pal-paltarı da cır-cındır. Bını qavır. Bı da küsür gedir. Boyaxçı bir də görür ki, küpdəki boyaxların hamısı oluf ayran. Bilir ki, bayaxkı qoja kimsə möcüzəli adamdı, seyid adamdı. Qaçır düşür ayaxlarına, yalvarır. O da bını bağışdıyır. Gəlir çomağını salır küplərin içinə, qarışdırır bir dəfə, təzədən hamısı dönüf oluf boyax, rəng. Onnan deyillər ki, “Seyid Əbilin boyağı ayrana çəvirən cəddi”.
86. SEYİD RZA OCAĞI
Cəbrayıl rayonunun Cocux Mərcannı kəndindədi. Dəmir yolunnan keçəndə ordadı. Yanında iydə ağacı da var. Onun dibindədi. Balaca qəbirdi. Uşaxdıx biz, onda dedilər bir seyid ölüf orda. Seyid də bir ağsakqal kişiydi. Yudular, suata tutdular, bühdülər, apardılar qardaşdarına təhvil verdilər. Qardaşdarı da deyif ki, nahax gətirmisiz, gərəh orda basdırardız.
Yaxşı ojaxdı, nə niyyət tuturdun, olurdu. Maşınnar hamısı ordan keçəndə pul qoyurdular. Orda çırax da yandırırdılar. Oranı da qəbir fason smentdəmişdi bir ağsakqal kişi. Hamı ziyarət eliyirdi oranı.
Dəsdəmaz alıf uzanıf. Elə uzandığı yerdə də ölüf. Yanındakı adamlardan biri deyif ki, a seyid baba, uzanma, soyuğ olar. Deyif ki, a bala, qoy bir az dincəlim, heş nə olmaz. Elə orda da ölüf. Pul qoyullar, çırax yandırıllar. Kimə qismət olurdu, o da götürürdü. Nəzir eliyirdim ki, inəyim doğsun, sağ-salamat olsun, siftə yağını aparıf qoyajam ora. İndi də gediflər. Elə heylə də durur deyillər.
87. SEYİD HEYDƏR AĞA
I mətn
Seyid Heydər Sarı baba seyitdərinnəndi. Seyid Heydər ağa, qardaşı Seyid Əli qışda gəlif burda qışdıyırmışdar, yazda da gedirmişdər dağa. Otuz səkgizinci ildə ustav qoyulur. Hər kəsə beş qoyun, bir inək, bir də balasını saxlamağa icazə verilir. Onnan sora olar dağa gedə bilmiyiflər, qalıflar burda.
Bir dəfə mən bu kişinin dükanına gəldim. Bunun dükanı onun (Seyid Heydər ağanın – top.) evinə bitişih idi. Təsadüfən bu kişi qapını aşdı, ordan (Seyid Heydər ağanın məhləsindən – top.) nəysə verəsi oldu. Baxdım gördüm ki, evin büşkəyində iki xaral buğda var. Gördüm ki, hər xaralın üsdündə bir ilan qıvrılıf, bax belə yatıf. Kişidən soruşdum:
– Əşi, bu nədi belə? Bu ilannardan qorxmursan?
Dedi:
– Yox, bu ilannar adama dəymir ki. Seyid Heydər ağanın malına qaroul çəkir.
II mətn
Seyid Heydər ağanın yeznəsi qalxoz sədri idi. Bunu mənim əmim oğlu var, Sabir məllim, o danışırdı. Deyir, yayda su qıtdığı idi, indiki kimi artezan yoxuydu. Deməli, kişi pambığın qırağıynan gəldiyi yerdə görür pambığ yanır. Deyir:
– Sənin yeznən qalxoz sədridi, pambıx da burda yanır. Sən də deyirsən mən beləyəm. Bu pambığı suvarmax lazımdı, bir kəraməti gösdər.
Minacat çəkir, papağın tulluyur göyə. Deyir:
– Mən gedirəm, siz özüzə bir yer tapın.
O evə gəlincə and olsun Allaha, leysan tökdü.
III mətn
Biri yolnan gedirmiş atdı. Görür beş-altı qoyun var ağılda. Düşür qoyunun birin alır atın qujağına, aparır kəsir. Gejədi də. Nənəsini durğuzur ki, dur bunu qourma elə, yeyəjəm. Yeyir ətinnən, yatır. Yata bilir? İlan yapışır boğazınnan, qışqırır ayılır. Bir də yatır. Bir də bu qaydada ilan bunu qoymur yatmağa. Nənəsi bunun çığırtısına dözə bilmir. Deyir:
– Ay bala, sən nağarmısan, neynəmisən? Sən yuxuda nə görürsən?
Deyir:
– İlannar məni boğur, öldürür.
Deyir:
– Bu heyvanı hardan gətmisən?
Deyir:
– Ay nənə, yolun qırağınnan, filan kəntdən gətmişəm.
Deyir:
– Ə, sən bilirsən kimin heyvanın gətmisən? Seyid Heydərin heyvanını gətmisən. Tərpən get, o kişidən halallığın al.
Atnan gəlir, kişiyə hal-qəziyəni danışır. Deyir:
– Get, qorxma, halal elədim sənə.
Onnan sora gedir rahatdanır.
IV mətn
İt tutan olanda Seyid Heydər ağa barmağını kəsirmiş, qanın çörəyə vuruf verirmiş ki, ala ye. Onnan sora o adamı quduzdux tutmazdı.
88. LƏLƏ OCAĞI
Qəbri Şiş dağın başındaкı qəbirsdannıxda idi. İndi yanmışdar oranı alıf. O ojax yeddi qardaşdılar. Biri İrandadı, biri bizdədi, biri Təbrizdədi, biri Şamdadı, biri də bizim kəfşəndədi. Qalannarını bilmirəm hardadı. Yel ojağı deyirdih ona. Bir uşax gedif dağıtmışdı. Sora ölmüşdü. Traktor dağıtmışdı yer əkəndə. O da orda sınıf qalmışdı. Sora ağsakqallar dedi ki, oranı əkmiyin. Əsas çırax yandırırdıx orda. Orda öz-özünə də çırax yanırdı. Bir də görürdün kü, bir ojax yanır öz-özünə. Bir nəfər kişi deyif ki, mən öləndə aparın Lələdə basdırın. Deyiflər ki, ora ojaxdı axı. Çoban imiş özü. Çomağını da basdırıflar, özünü də basdırıflar orda. İti, deyir, hey gedif yatırmış orda.
89. CƏBRAYIL ATA PİRİ
Cəbrayıl ata pir var. Ermənilər gəlif hasar çəkiflər, pirin qapısın özdərinə tərəf qoyuflar. Neçə kərə onu hörüflər, başa gəlif, səhər gəlif görüflər ki, uçuf. Axırı bizim azərbaycanlılar deef ki:
– Adə, bı Azərbaycan piridi. İnanırsız, yaxşı eliyirsiz. Bının qapısın qıblıya qoyın. Qıblıya tikin, görün nolur.
Sora hörgünü qıblıya tərəf tikillər. Hörgü hal-hazırda durur. Mən özüm görmüşəm. Girirdih içərisinə, ziyarət eliyirdih, gəlirdih. İstənilən vaxt, belə quraxlıx olanda kəndin camaatı çağırardı.
– Ay camaat, gəlin gedəh Cəbrayıl atıya, yağış yağmır.
Yığışardıx, qurban götürərdih, gedərdih qurbanı kəsərdih. O qurbanı orda biz bişirə bilməzdih yağışın əlinnən.
90. İMAM OCAĞI
Əvvəllər ölən seyitdərin hamısını orda basdırırdılar. Horadizdəydi. Qətl sınanda da gedirdilər ora. Həmişə gedif, hərrənif qurban kəsirdih. İmamlarımızdan bir ölüf, onu götürüflər, suata tutuflar, aparıf orda basdırıflar. Üsdünü nə qədər götürüflər, qalmıyıf, uçuf. Qoyun kəsirdilər, neçə dəfə aparmışıx, Hajı Qaramana getdiyimiz kimi. Ojaxda qurbanı yeddi adama paylıyıf qalanını gətirirdih evə. Niyyət qurbanı, deyin qurbanı olurdu.
91. HACI MƏCNUN
Hajı Mejnun varıymış. Qarabağdan imiş. Gəlif orda (Çələbilərdə – top.) o, məktəbi bilmirəm, neçə ilə qutarıfsa, qalıf orda məəllim işdiyif. Molla Vəli Vidadinin özü orda məəllim işdiyif on dokquz il. Orda basdırıflar. Şəxsən onun qəbrini özüm görmüşəm, düzəltmişəm.
92. KƏMƏR QOŞMAR
Bir də Qumlaxnan Xudafərinin arasında bir pir vardı, adına Kəmər Qoşmar deyirdilər. Orda Xudafərində bir kişi vardı. Urusdar o pirin daşdarını o kişiyə daşıtdırıf Araza töhdülər. Sərhət çəkiləndə sərhədə düşmüşdü. Qaraş addı kişiyə tökdürdülər Araza, bir az da dəli kimiydi.
93. PİR DƏRƏSİ
Bizdə Pir dərəsi deyilən yer var (Cəbrayıl rayonunun Qumlaq kəndi – top.). Oranı ojax kimi ziyarat eliyirdih. Mən gözümü açannan oranı heylə görmüşəm. O piri heylə görmüşəm. O pirdə çoxlu dağdağan ağacı oluf. Dedilər ki, 1941-1945-də onu urus doğruyuf, yığıf arabıya yandırmax üçün aparanda araba aşıf, urus da qalıf altında, ölüf. Onun yerində bir-iki ağaj qalmışdı. Təzədənnən pöhrə verdi, o dağdağan böyüdü. Çaylaxdı, çaylağın içindədi. İntəhası Pir dərəsi deyillər. Gözümü açıf onu heylə görmüşəm. Çərşənbə bayramında camaat el adətiynən yığışıf gedirdi, o piri hərrənirdi. Elə başqa vaxdı da əhd eliyən o pirə gedirdi. Gedif yüyrük asırdılar, mismar çalırdılar, onnan sohra niyyət tutuf çırax yandırırdılar.
Pirin böyürrərində oturuf ağrıyan yerrərinə daş düzürdülər ağrını götürmək üçün. Çərşənbə bayramında lap çox gedif ziyarət eliyirdilər. Qər-qənfet tökürdülər pirin dibinə, üsdünə. Yüyrüh asırdılar dıkqılı uşağ əvciyi kimi, guya bı yüyrüh yellənirmi, yoxsa yellənmirmi. Uşağı olmuyannar eliyirdi bını. Sənin kimi cavannar balaban, nağara götürüf gedif o pirin böyründə çalırdılar, oynuyurdular. Mən gözümü açıf oranı heylə görmüşəm. Tay indi o orda nə vədədən icad oluf, niyə ordadı, bilmirəm.
Söyləyicinin arvadının əlavəsi: Bala, orda qeybdən çırax yanırdı. Bir dəfə üş-dört arvatnan getdih pirə. Gördüh kü, pirin yanındakı kolun dibində yalav kimi yanır qayıbınnan. Yanımdakı yoldaşdarıma dedim ki, ora bax, ora bax, orda ojax yanır. O dedi, hanı, bı dedi, hanı? Dedim, aaz, kolun dibində ojax yanır. Dedilər, saa görükür, bizə görühmədi. O pirə fəsəli də bişirif aparırdıx. Xəsdəlihləri də götürürdü.
94. YAL PİRİ
Qadın qəbri idi. Döyüşdə Əmirəlmöminin nəslindən kimsə ölüb, basdırıblar ora. Üsdünü örtməzdilər. Deyərdilər belə buyrublar. Qıraqlarına daşlar düzmüşdülər.
Bir çolax arvad vardı bizdə, Gülsənəm arvad. Kəntdə yay aylarında quraxlıx olurdu. On gün, iyirmi gün yağış yağmırdı. O vaxt ağbirçəklər, ağsakqallar deyərdilər ki, Gülsənəm, get. Gülsənəm çimirdi, gedirdi həmin piri ziyarət edirdi, ordan bir dənə daş götürürdü, gətirirdi atırdı kəhrizin gözünə. İki gün, üş gün yağış yağırdı. Sora Gülsənəm gələrdi, həmin daşı götürüb aparardı qoyardı yerinə.
Kənd uşağı idik, gələrdik kəhrizə. Hava da çox isdi idi. Bizim kəntdə də göl yox, çimməyə yer yox. Gəlirdik kəhrizə, ayaxlarımızı soyunurdux, girirdih kəhrizə. Kəhrizin için təmizdiyirdik ki, təmiz olsun. Bilməmişik, içində iri daşdarı götürmüşük tullamışıx aşağı böyürtkannığa. Təsəvvür elə ki, yağış başdadı, duman başdadı. Bir gün, iki gün, üş gün, dörd gün... Hamı düşdü Gülsənəm arvadın üstünə ki, get o daşı tap, apar qoy yerinə. Gülsənəm arvad gəldi axşama qədər orda axtardı, tapammadı. Onu qısnamışdılar. Axırı biz dedik ki, içindəki daşları tullamışıx böyürtkannığa. Kişilər də töküldülər, böyürkannığı bişdilər ki, Gülsənəm arvad o daşı tapsın. Daa deyəmmərəm həmin daşı tapdı, başqa bir daşı tapdı, apardı ora yerinə qoydu, yağış kəsdi. Səkgiz-on gün bizdə çox dumannı, çiskinni günnər oldu.
Gülsənəm arvad kəndin yeganə çolağı idi. Deyirdilər Allah-tala birinci bunun duasını eşidir. Ona görə kimin nə imkanı vardı, birinci ona kömək eliyirdi. Hətta pirə ziyarətə gedəndə Gülsənəm arvadı özdəriynən götürürdülər ki, hamıdan sora o pirdəki nəzir-niyazı götürsün, özünə pal-paltar alsın.
95. QARADƏYƏ PİRİ
Qayanın başında yerrəşir. Qurban aparandа, qayanın aşağısında bulax var, bulağın yanında onu kəsirdik, ziyarət eliyirdih, sora çıxıf gəlirdih. Mənnən yaşdı adamların dediyinə görə, pasdayannı ora ağ gələrmiş. Yayda, qışda ağ gəlif qalarmış orda. Ağ müqəddəs yerrərə çox gəlir. Özdərini qorumax üçün o yerrərə gəlillər.
96. QIRXLAR PİRİ
Qırxlarda deyillər, guya qırx dənə övliya daş oluf orda qalıf. Ona görə qırxlar deyillər. Ora ancağ iyun-iyul aylarında getməh olardı. Başqa vaxt getməh çətin idi. Qar olurdu.
97. DAĞDAĞAN PİRİ*
Bu pir kənddən təxminən 1,5 kilometr aralı yol qırağında yerləşir. Qurbanlı pirinin yaxınlığındadı. 4-5 metr hündürlüyündə bir dağdağan ağacıdır. Dibində daşlar dairəvi şəkildə üsd-üsdə qoyulub. Bura ziyarətə gələnlər çox az olurdu. Təsadüf hallarda bura ziyarət olunurdu. Lakin yol qırağında olduğu üçün ordan keçənlər pirə nəzir qoyurdular. Buradakı dağdağan ağacı müqəddəs hesab olunur. Bu ağacdan qırmaq, sındırmaq olmaz. Onu kimsə sındırsaydı, ziyanlıq tapardı. Ancaq bəzən kiçik bir çöp qırıb boyundan asırlar ki, göz dəyməsin.
98. MƏRMƏR PİRİ
İndi orda basdırılan kimsənin adı Mərmərdi, bala. Övliya adıynan çağırıllar, bala. Övliyaların hamısının adı var. Seyid qabrı, Çomağ ata, Ağoğlan, Ağdonnu Şıx, Cəbreyil ata, Gordu baba, Xələf qabrı, Tumas ata, Dağdağan ata. Mərmər yel piridi. Yel qurudan Mərmərə gedirdi, sağ qayıdırdı. Gözuu yel kor eləsin, ora getsən, gözün açılır, sağ qayıdırdın.
99. ŞIX ATA
I mətn
Şıx Ataya get niyyət elə. Şıx Ata uşax paylıyırdı. Birinin uşağı olmuyanda gedif niyyət eliyirdi, gələn ilə uşağı olurdu.
Dağlarda yağış oynuyuf gedəndə üş yerə bölünürdü. Birini Şıx ata götürürdü, birini Gordu baba, birini də Hajı Qaraman öz kəfşənnərinə yağdırırdılar. Olar da heylə yağışı bölürdülər.
II mətn
Adi bir heyvanı xəsdəlik tutanda aparıf Şıx ata pirinə dolandırırdıx. O dolandırmağnan da heyvanın xəsdəliyi keçif gedirdi. Adam xəsdə olanda da gedif orda qurban kəsər, sağalarmış.
100. PİR AVID
Pir Avıd piri yağış paylıyırdı. Niyyət elə get, o günü yağış tökürdü. Quraxlığ olanda gedif çırağı yandırıf deyirdilər:
– Ya Pir Avıd baba, yağış gəti.
101. FATMA NƏNƏ
Canım qurban, o Fatma nənə o taynan danışırmış. Danışanda Araz qıjıldıyırmış, qoymurmuş səs eşidilməyə. Qayıdıf deyif ki, səni görüm lal axasan. Onnan sohra həmən yerdə Araz başdıyıf lal axmağa. Xudafərin düzündədi həmən yer.
102. ÇAXIRLI OCAĞI
Yel ojağıydı. Çaxırrı kəndinin yaxınnığındaydı. Qılçasını-qolunu yel tutanı deyinni eliyirdilər ki, gedəjeyih ojağa üş çərşənbə. Kimin nə vaxt girəvəsi** olurdusa, onda gedirdi. Amma dalbadal gedirdilər dayna. Gərəh arada itirmiyeydin. Neçə baş külfət idinsə, məsələn, beş başıydınsa, beş dənə, on başıydınsa, on dənə isdədiyin adamların adına deyinni eliyərdilər. Pambıxdan piltə qayırırdılar, onu da yağlıyıf qoyurdular bir kağızın arasına. Bir də fəsəli bişirirdih. Yel tutan uşağı da götürüf gedirdih. Torpaxdan bir yer idi. Ortasında bir dənə kalafada daş var idi. Daşın ortasında bir əl boyda çala var idi. Apardığımız piltəni orda yandırırdıx. Ortada da kül eliyif yel olan yerə – qoluna, qılçasına, harasınısa yel tutuf ağrıyırsa ora sürtürdüh. Fəsəlini də aparıf orda yeyirdih. Yolnan gedən varıydisə, olara da təklif eliyirdilər. Qalanını da, qırın-qırtısını da ora qoyurdular ki, quşdar yesin. Yel ojağı idi ora.
103. ƏRƏSTƏ OCAĞI*
Ərəsdə addı bir arvat varıydı. Özüm də görmüşdüm onu. Bir otuz il olar onun öldüyü. Oğlu Allahverdi yatıf yuxusunda görüf kü, əvlərinin dalında, arxın başında bir ojax var. Yuxuda deyiflər ki, o ojax sizindi. O da nənəsini (anasına nənə deyir – top.) götürüf gedifdi səhər-səhər. Deyif:
– Yuxu görmüşəm, gedəh görəh gerçəhdi, yoxsa yox.
Gedif görüflər elə həqqi gerçəhdi. Аrxın başında bir daşdı yumru, оrtasında da bir yırtıx yer, çala yeri varıydı. Ətrafında da çoxlu daşdar varıydı. Orda piltə yandırırdıx, buğda tökürdüh, çörəh qoyurdux qurt-quş yesin, suabdı**. Nəzir qoyan da olurdu, pul nəziri – qəpih. Qəpih qoyurdular ki, kim gəlir götürür, götüsün. Ərəsdənin oğlu Allahverdi getdi müharibəyə, qayıtmadı. Dedilər ki, itdi.
104. DÜLDÜL PİRİ
Füzulidəydi. İri, yekə bir daşıydı. Bir dəfə getdih gəldih. Onun da ortasında iri çala varıydı. At adıdı Düldül. Deyillər guya hansısa imamın atı oluf. Çox adam gedif fırranırdı ora. Heyvan hərriyirdilər, pul nəzir qoyurdular.
105. QEYRİ-MÜƏYYƏN ŞƏXSLİ ÖVLİYALAR
I mətn
Gəlif durmuşdux Saatlıda. Bir kişi nağıl elədi. Dedi, burda bir seyid arvadını döydü, Arazın qırağında. Bax, bı yoldan arvat gəlif özünü Araza atdı. Paltarı qoymadı arvadı batmağa. Amma su aparır bını. Seyid gəldi çəliyini vırdı yerə, Araza dedi: "Mənim arvadımı hara aparırsan sən?" Araz ikiyə bölündü. Arvad çıxdı quruya. Onnan sora Araz təzədən qarışdı. Başdadı axmağa.
II mətn
Bizim kəndin qırağında bir ojax varıydı. Bı ojağın böyründə ona yaxın olan bir əv varıydı. Bı əvin kişisi bir gün bir vedrə su götürər, vannasını götürər, gedər o ojaxda yuyunar. Ojağın da qırağını daşdarnan hörmüşdər, daldanacax olmuşdu. Deyər gedim orda bir suya girim, gəlim. Gedif girif çimir. Bı gəldi altı ay yatdı. Altı aydan sohra dədəm bına dedi ki, get o ojağın başına hərrən, öp o ojaxdan. Bı getdi dolandı, öpdü ojaxdan. Sağaldı. Sohra dedi ki, gedif daş gətirif ojağın dağılan yerrərini də hördürəjəm. Elədi. Yaxşı da oldu.
İndi bala, ojax, ojax, bir də ojax. O, günah eləmişdi. Ojaxda çimmişdi. Getdi hərrəndi, gəldi, altı ay yatannan sohra yaxşılaşdı.
TARİXİ ŞƏXSİYYƏTLƏR HAQQINDA
106. İSGƏNDƏR
I mətn
İsgəndər paçcah durub on atdıynan səfərə çıxmax isdiyirdi. Qabağına bir qarı çıxdı. Dedi:
– Qarı nənə, bayıra çıxmışam, bir fal aç görəh.
Qarı fal açanda ağlıyıf. Deyif:
– Bala, günorta bir-iki dəmirin altında saa ölüm görünür.
Gediflər, düşüflər günorta bir yerə. Tüfəhlərini təpə-təpə qoyuf üsdünə paltarrarını atıllar. Bı deyif ki, mən bir az dincəlim, siz də oturun. Bılar oturuflar. Görüllər ki, bı yuxuda danışır, gülür. Deyiflər ki, nə danışdın, nə güldün? Dedi ki, gəlmişdilər canımı almağa, dedim:
– Qoyun ayılıf vəsiyətimi eliyim sora.
Deyif:
– Mənim taxtı-xərcimin qapısını qırx gün açıx qoyun, maa ehsan verin. Quran kitabını bir qaba qoyun, xonça düzəldin, bir qaba da qızıl-gümüş qoyun, onu da xonça düzəldin, bir qaba da ox-yayımı qoyun, onu da xonça düzəldin. Buları mənim evimin girəcəyinə qoyun. Hər kim bu sirri aşmasa, mənim ehsanımnan, xörəyimnən yeməsin.
Bı sirri tapan olmadı. Xörəyini yeyən olmadı. Həmən qarı fırrandı, gəldi çıxdı bıra. Dedi ki, ay camaat, bı paçcahın xörəyini niyə belə haram eləmisiz? Dedilər:
– Bəs, belə-belə.
Qarı dedi:
– Ay camaat, İsgəndər paçcah deyir ki, mənnən çox dava eliyən olmadı qızıl-gümüş üsdündə, mənnən çox Quran-kitab oxuyan olmadı, mənnən çox ox-yay çəkən olmadı. İndi bunnarın biri maa köməh etmədi ki, durum gəlim nənəmin yanında vəsiyətimi eliyim. Camaat sora yeməyi yeməyə başdadı.
II mətn
İsgəndər zülmət dünyasına getməli oluf. Axşam bunun vəziri gəlif öyə. Ata görüf ki, bu çox məluldu. Deyif ki, nolufdu? Deyif:
– Vallah, İsgəndər hər dediyini eliyif, indi də deyir zülmətə gedirəm. Zülmətə gedif nətər qayıtmağ olar?
Deyif ki, oğul, zülmətə gedif qayıtmax üçün ancax qulunnu maydan minməh lazımdı. Qulunnar qalsın, maydan ayannan bəri gələndə yol tapıf gələ bilər.
İndi rəvayətə görə, bir səsli su, bir səssiz su oluf. Orda iki bulax oluf. İsgəndər həmişə yaşamağ üçün lazım olan sudan işmiyif, Xıdır orda oluf, o içif.
III mətn
İsgəndər öləndə bilif ki, anası çox ağlıyajax. Ona görə deyif ki, mənim ehsanımı, xeyratımı dərdi olmuyana verərsən. O da kəntbəkənt gəzir. Bir dərdsiz adam tapmıyıf. Gətirif toyuğa-cücəyə atanda toyux-cücə deyif:
– Bizim dərdimiz hamısınnan çoxdu.
O da yemiyif.
IV mətn
İsgəndər zülmətə gedif dirilih suyu işməh üçün. Gedif tapıf suyu. İşməh isdiyəndə qoja vəziri varmış, deyif:
– Əlini saxla, bir söz deyim saa.
Deyif:
– Buyur.
Deyif:
– Sən həmişə belə cavan olmuyassan, belə sərkərdə olmuyassan. Qojalessən, vəzifədən düşessən, səni sayan olmuyajax. O vaxdı Allah-taladan nə qədər ölüm isdəsən vermiyəjəh saa. İndi əgər məslahatdısa, yaşaginan.
Deyir:
– Mənə heylə yaşamax lazım döyül.
Heylə oluf suyu işmiyif.
V mətn
İsgəndər bəy Mərziyə xanımı qonax çağırır. Mərziyə xanım görür ki, bu, adına görə buna hörmət eliyə bilmədi. Bu göylüh eliyir də. Sora Mərziyə xanım bunu qonax çağırır. Mərziyə xanım ləldən-cəvahirdən yığır, bir padnosu doldurur, üzünə də qırmızı yaylıx sərir, qoyur İsgəndər bəyin qavağına. Bu aşmır. Mərziyə xanım deyir:
– İsgəndər, xonçanı niyə aşmamısan?
Deyir:
– Açajeyih.
Bu, ayna gedənnən sora xonçanı qaldırır ki, aşsın da. Qaldıranda görür hamısı ləldi, cəvahirdi. Ağzını örtür. Bir də gəlir:
– İsgəndər bəy, niyə aşmamısan o xonçanı.
Deyir:
– Mərziyə xanım, burda yeməli şey yoxdu axı.
Deyir:
– Ye, yeməlidi, niyə yemirsən? Bəs dünya malına niyə uymusan?
Rəvayətə görə İsgəndər bəy öləndə anasına vəsiyyət eliyif ki, ana, mənim əllərimi cinazadan çölə qoy.
– Ay oğul, nəyə görə, nə maqsada?
Deyir:
– Qoy Bərdə camaatı bilsin ki, bir belə varnan mən əliboş gedirəm ora. Bir də ana, mənim ehsanımı dərdsiz adama ver, yesin.
İsgəndər ölür, anası buna ehsan verir. Kağız çıxır bunun döş civinnən. Yazır ki, ana, xiffət eləmə. Ölüm Allahdan gəlir. Əgər bu ölüm bəndə tərəfinnən olsaydı, topnan, tüfəynən, qoşunnan qaytarardım. Amma buna mümkün döylü.
Anası halvanı yüklüyür dəvəyə. Hansı kəndə sürürsə, deyir başına dönüm, vallah, mənim də dərdim var. Axırda görür yox ey, qaytarajax geri. Gedir dəryanın qırağına. Götürür halvadan dəryaya tulluyanda balıxlar çığrışır:
– Ay aman, onu tullama bura. Mənim dərdim səninkinnən çoxdu. Okqədər balamızı tutuf aparıf yeyiflər ki. Tullama bura.
Axırı anası deyir:
– Deyəsən mənnən az dərdi olan yoxdu.
Oturur halvadan doyunca yeyir, minir dəvəyə, çıxıf gəlir.
107. ŞAH ABBAS
I mətn
Deyir, Şah Abbas cənnət-məkan çıxıf şəhəri gəzərmiş. Şəhərin tininnən belə keçəndə görür bir nəfər yemiş kəsif. Qavın da deyillər bizim dildə, yemiş də. Özü də dərviş libasında gəzirmiş ki, bını tanıyan olmasın. Deyir, özü də şəhərdə bir narahatdığ-zad olanda bının yuxusu-zadı gəlmirmiş, narahat olurmuş ku, nəysə var. Bı da elə bil, mənim kimi qara adammış, gedif fəhləlih eliyifmiş, on beş-iyirmi qəpih alıf verif yemişə, divarın dibində oturuf kəsif yeyirmiş. Guya Şah Abbas deyif ki, olar, qardaş, onnan bir dilim də maa verərsən? Deyillər də. Şah Abbasın nəyi kəmdi? Yalandı, gerçəhdi, deyillər dayna. Nəysə, bir dilim yeyir, iki dilim yeyir. Bı yemiş Şah Abbasa daddı gəlir, şirin gəlir. Deyir, gedif əmr eliyir ki, şəhər darvazalarının hamısının başına yazın vırın ki, dünyanın dadını-ləzzətini bı çoban gədə gördü. Şah Abbas elə hesab eliyir ki, dünyanın dadı-ləzzəti o bir dilim yemişdəymiş.
II mətn
Şah Abbas qoşun çəkif gedif Gürcüsdana, Tiflisi almağa. Altı ay mühasirədə saxlıyıf, ala bilmiyif. İkinci səfər bir də hücum eliyif, isdiyif qəflətən ala. Genə ala bilmiyif. Qoşunun hamısı qırılıf. Beş-altı adam qalıf. Bılar qaçıf gəliflər bir dənə kəntdə qalıflar gecəni. Kəntdə qalanda bırda bir qoca qarı varmış, bının evinə düşüflər. Deyiflər:
– Ay arvad, nəyin var yeməyə?
Deyif:
– Bala, heş nəyim yoxdu yeməyə.
Pul veriflər bına. Deyiflər ki, get bir şey al, gət, yeyəh. Qarı gedir bir şey alır gətirir yeməh bişirməyə, hamma bişirmir. Deyillər:
– Niyə bir şey bişirmirsən?
Deyir:
– Bir qazanım var, onda da itə yal bişirirəm. Qoy yalı bişirim, sohra qazanı yuyum, sizə xörəh bişirərəm.
Görüllər ki, arvad kəpəy qaynadır. Qaynadır, aparır tökür yalağa. Yalağa tökəndə, – qarı da şahı tanımırmış, – it tez gəlir burnunu soxur yalağa. Yalağa soxanda ağzı yanır. İt tez ağzını çəkəndə itə bir ağaş vırır, deyir: “Daş başaa, Şah Abbas kimi burnunu birdən soxur e. Qırağınnan az-az ye”, – itə deyir.
Şah Abbas barmağını dişdiyir ki, ay dadi-bidad, mənim məğlub olmağım mənnən qabax gəlif çıxıf bıra. Bı qarı məə başa salır ki, qırağınnan az-az ye. Yəni şəhərə birdən niyə girirsən?
Deməli, çörəh yer eliyir. Durur qoşunu topluyur, gedir Tiflisi alır. Həmən kəndi də qarıya bağışdıyır. Həmən kənd indi də durur.
III mətn
Şah Abbas həmişə dərvişlibas oluf məmləkəti gəzirmiş ki, görsün nə çatışmazdıx var, nə yox. Gedif görür ki, toydu, məclisdi. Bunu oturduflar lap ayaxda. Tanımıyıflar.
Sabah gedif libasını geyif həmin yerə gələndə bunu oturduflar lap başda. Deyif ki, çuxam ye, çuxam ye. Deyiflər: “A kişi, şah dəli olufdu”. Deyif: “Dəli-zad olmamışam”. Dünən o sufranın ayağında oturan sail də mən idim. İndi mənim şahlığım çuxamnandı.
Şah Abbasa cənnətməkan deyiflər. O, çox ədalətdi şah oluf. Ədalətsiz şah Nuşirəvan oluf. Şah Abbas deyirmiş ki, bircə Novruz bayramı, axır çərşənbədə yediyim yeməh mənim canıma yatır. Sual veriflər ki, niyə? Deyif ki, o vaxdı kasıbın da, döylətdisinin də qazanı ojax üsdündə olur, yeməh yeyir.
IV mətn
Bir gün Şah Abbas gəzməyə çıxmışmış. Görüf ki, üş dənə oğlan oturuf. Biri deyir ki, kaş şahın arvadı mənim olaydı. Biri də deyir, kaş şah atını maa verəydi. Biri də deyir, kaş şah maa bir kisə qızıl verəydi.
Gedir çıxır taxta, üçünü də çağırır. Bir kisə qızıl deyənə qızıl verir, at diyənə at verir. Bu arvadını maa verəydi deyənə arvadını verir. Göndərir arvadın yanına. Arvad da çox ağıllı arvadmış. Arvad qırx dənə yumurta boyuyur, hərəsi bir formada, bir rəngdə. Deyif ki, qırxını da yeyərsən, sora mən saa gedəjəm. Bu, özünü bərkidif qırxını da yeyir. Deyir: “O yumurtada nə dad bildin?” Deyir: “Vallah, hamısı yumurtadı”. Deyir: “Kopoğlu, dur get, kadının da hamısı kadındı”.
Dostları ilə paylaş: |