52. DƏRVİŞ PİRİM
Hajı Qaramandı, Ağabəlimdi, Avçı Pirimdi – bunnar hamısı Türkiyədən gəlmədir. Çəliyi atıflar, biri gedif Çələbilər kəndinin tikildiyi yerə düşüf, çələbilər ora yığılıf. Avçı Pirim heyvanatın dilin bilirmiş. O da çox ora-bura gedif. Bağırsoltannının üsdündəki Dərviş Pirim Avçı Pirimin qəbridi. Ağabəlim də gedib Cicimliyə çıxır. Orda Zalxa addı bir arvad alır. Zalxanın iki oğlu var idi. Biri Cəmaləddin idi, biri Kəmaləddin idi. O ojağa olar yiyə durdular. Qudurmuş heyvan adamı dalıyanda, dəli olanı ora aparırmışdar. Barmaxlarını çərtib qanını sürtürdü çörəyə, qoyurdu xəsdənin ağzına, onnan sağalırdılar.
Avçı Pirim də orda ölür. Qəbrini gətirillər Bağırsoltannı kəndinə, Cəbrayılın Dağ Tumas kəndinə çıxan yolun qırağında basdırıllar. Dərviş libasında gəldiyindən Dərviş Pirim deyillər.
Belə bir rəvayət söylüyüllər ki, Avçı Pirim yolnan gedirmiş. Dağ Tumasın altında söyüd ağaşdarı var. Ora gedəndə görür ki, bir dəsdə qoyun otduyur. Çoban qoyunnarı gətirif yatızdırıb orda. Qoyunun biri qoça gəlir. Qoyun tullanır arxdan o tərəfə. Arxa da dəyirmanı işdədən qədər su gəlir. Qoş da ağır olur, quyruxlu, tullana bilmir. Qoyuna deyir ki, adda bura. Deyir, yox, gəlmirəm. O deyir, bu deyir. Deyir ki, gəlmirsən, gəlmirsən. Sənin kimi ağbilək qoyunnar çoxdu. Gedif ayrısınnan hərrənərəm. Avçı Pirim bunu eşidib bərk gülür. Onnan bilirlər ki, bu, heyvanatın dilin bilir.
Kimin heyvanı xəsdə idisə, aparıf ora hərriyirdi. Camahat aparıf ora nəzir qoyurdu. Yanında da qaratikan kolu bitmişdi, qaratikan kolunun başına cında bağlıyırdılar.
Dostları ilə paylaş: |