18. TOY ADƏTLƏRİ
I mətn
Üş günnüh deyilən bir şey var idi. İndi gedif prokat götürüllər, onda hamı gəlinə ağdan gəlinnih tihdirirdi, onun örpəyi də olurdu. O örpəyi saxlıyırdılar. Gəlin köçəndə onun örpəyini bir oğlan uşağı qəfil başınnan götürürdü, aparıf bir bar verən ağacın üsdündə onu saxlıyırdı. Gərəh qaynanamı, qaynatamı, ya gəlinin yoldaşımı aparıf o uşağa xələt vereydi ki, örpəyi o uşağdan aleydi.
II mətn
Keçmişdə gəlini at belində üzü örtülü gətirərdilər. Elə ki, gəlini düşürdub bəy evinə gətirərdilər, qız-gəlin onun başına yığışardı. Yaşlı qadınlar ona “xoş gəldin” eliyərdilər. O gəlinə deyilən “xoş gəldin” indi də bizim İrəvannı kəndində yaşayır. İndi də gəlini bəy evinə gətirəndə bu sözdəri deyillər:
Gəlin deyər yoxdu atam,
Qoyunu quzuya qatam.
Qaynatandı sənin atan,
Gəlin, xoş gəldin, xoş gəldin,
Bəyə tuş gəldin, tuş gəldin.
Gəlin deyər yoxdu anam,
Toxunmuyup, qalıb hanam.
Qaynanadır sənə ana,
Gəlin, xoş gəldin, xoş gəldin
Bizim ellərə tuş gəldin,
Bəyə tuş gəldin, tuş gəldin.
Gəlin deyər yoxdu bacım,
Şirin ağzım olar acı.
Baldızdarın sənə bacı,
Gəlin, gəldin, xoş gəldin,
Bizim ellərə tuş gəldin,
Bəyə tuş gəldin, tuş gəldin.
Gəlin deyər yoxdu qardaşım,
Onunçun ağrıyar başım.
Qaynın olsun sənin qardaşın,
Gəlin, xoş gəldin, xoş gəldin,
Bizim ellərə tuş gəldin
Bəyə tuş gəldin, tuş gəldin
Qızılgülü dəstə tutub dərəllər,
Gəlin, sənin ayağına sərəllər.
Darıxma bu gecə bəyi sənə verəllər,
Gəlin, xoş gəldin, xoş gəldin,
Bizim ellərə tuş gəldin,
Bəyə tuş gəldin, tuş gəldin.
Dostları ilə paylaş: |