VI
LДTİFДLДR
MOLLA NƏSRƏDDİN HAQQINDA
1. BİR YANA ÇIXARIQ
Mollanın bir inəyi varmış, çıxardır satmağa. Bı dəllallar yığışır, deyillər:
– Molla əmi, bı keçini neçiyə verirsən?
Deyir:
– Ay oğul, bı keçi dəəl, inəhdi.
O biri dəllal gəlir. Deyir:
– Molla əmi, bı çəpişi neçiyə verirsən?
Deyir:
– A bala, bı çəpiş dəəl e, inəhdi.
Molla gördü ki, müftə yerə inəh əlinnən çıxajax, çəpiş qıymatına inəyi satır. İndi gəlir əvə. O gün də əvinə qaymax satan gəlmişimiş. Arvat qaymax alır, qaymax ağır olmaxdan ötəri, qızıl qol bilərziyi varmış, açır qoyur tərəzinin daş olan gözünə ki, qaymağı ağır çəhsin dayna. O da qaymağ alır. Qaymax satan da tərəzini də, bilərziyi də götürür, qoyur heyvəsinə. İndi molla əvə gəlir. Arvat deyir:
– A kişi, neynədin?
Deyir:
– Ay arvat, neyniyəjəm, inəyi çəpiş qıymatına satdım gəldim.
Deyir:
– Ay kişi, mən də bilərziyimi qoydum qaymax satanın tərəzisinin üsdə. Qaymax satan da bilərziyimi götdü getdi.
Molla deyir:
– Ay arvad, əvdən sən belə qazansan, çöldən də mən, bir yana çıxarıx.
Dostları ilə paylaş: |