37. SÜLEYMAN PEYĞƏMBƏRİN ÜZÜYÜ
Deyillər ki, Süleyman peyğəmbərin barmağında üzüh varıymış. O üzüyü onun barmağınnan çıxardıp öz barmağına geyən adam dünya durduhca yaşamalıymış.
Deyillər Bulki adında bir oğlanın atası tacir olur, dünyasını dəyişir. Cümələri, qırxı-zadı verənnən sora anasınnan icaza alır ki, ana, mən atamın xəzinəsini yoxlamalıyam, görüm atamın nə var-dööləti var. Bı durur gedir. Xəzinəyə girəndə baxır görür ki, bir küşdə bir dənə gözəl mücrü var. Deməh, bütün var-döölətin hamısınnan o seçilir. Mücrünü götürüp açanda baxır görür ki, içində bir kitap var, Məhəmmət peyğəmbərin adı yazılıp. İçərisində də onun adına olan şeylərdi. Bı, kitabı götürüp gəlir evə. Anasına deyir ki, mən atamın meyidini çıxardıp yandırmalıyam. Anası düşür bının ayağına yalvarmağa. Deyir ki, olacağı yoxdu. Anası deyir:
– Səbəbi nədi?
Deyir:
– Çünkü atam bı kitabı kilitdiyip, onun içərsində olan əhvalatdan camahata heş nə çatdırmıyıp.
Orda anasına deyir ki, ras ki yol vermədin mənə, baş götürüb tərki-cahan olup getməliyəm, vətənnən getməliyəm. Mən Məhəmmət peyğəmbərin iziynən o vaxda qədər getməliyəm ki, onun yaşadığı yeri tapbalıyam.
Gəlir bir dağın başına. Baxır görür ki, bir cavan oğlan oturup ağlıyır. Salamlaşıllar. Deyir ki, bırda niyə oturmusan, nə əhvalatdı? Deyir ki, hal-qəziyə belə. Süleyman peyğəmbərin eşqiynən getməh isdiyirəm. Deyir ki, niyə?
Deyir:
– Eşitmişəm onun barmağında bir üzüh var. O üzüyü kim barmağınnan çıxardıp öz barmağına taxsa, o, dünya durduxca yaşıyacax.
Bıllar gedillər. Az gəlillər, çox gəlillər. Guya nə qədər dəryalar, çaylar keçip gəlip onu görməlidirlər. Gəlib Süleyman peyğəmbərin qəbrinə çatanda üzüyü çıxartmax isdiyillər. Bılların gözünə həqqi görükür. Onun altınnan bir ilan çıxır, başını qaldırır, deyir:
– Afan, çəkil, sizi elə üfürərəm ki, külə dönüp göyə sovrularsız.
Bıllar inanmıllar. Bir dəfə, iki dəfə, üçüncüdə bı əl atıp barmağınnan üzüyü tərpədəndə ilan bını yandırır. Onnan da Afan orda pərt olur. Bulki axırı tapbır, qayıdıp gəlir.
Dostları ilə paylaş: |