Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə104/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   100   101   102   103   104   105   106   107   ...   197
14. ÜÇ QIZ
Bir kişi olur. Kişinin də arvadı ölür, üç qızı qalır. Gedir bir ayrı arvad alır gətirir. Arvad qızdarnan dolanmır, gündə dalaşıllar. Qızdar da yekə qızdardı. Arvad kişiyə deyir ki, a kişi, ya bu qızda­rını birtəri elə, ya mənim kağızımı ver, çıxım gedim. Dolanmıram da, gündə dava, gündə dava. Kişi də görür ki, vallah, arvadsız do­lana bilmədi, getdi arvad aldı. Fikirrəşdi ki, elə yaxşısı budu bu qızdarı azdır, çıxsın getsinnər hara gedillər.

Qoz bağı var idi, çox böyüh bağ idi. Bir tərəfi gedirdi Şah Ab­basın vilayətinə dirənirdi, mal tolasının dalına dirənirdi. Qızdara dedi:

– A bala, dağarı, toxmağı götürün, gedəh qozduğa. Mən çıxım çırpım, siz də yığın gətirəh.



Dağarı, toxmağı götdülər, getdilər. Kişi çıxdı ağaca, çırpdı, qız­dar da yığdı. Qoz da adamı sussadan olur. Bir az yiyənnən sora dedi:

– Ata, susunnan yandıx, buralarda su var?

Kişi yalannan buları azdırmax üçün dedi:

– A bala, buraynan belə gedin, qabağınıza çıxajax su.

Su varıdı qabağına çıxa? Qızdar qoşuldu bir-birinə meşənin içiynən gedən kimi kişi dağarı, toxmağı asdı ordan. Küləh vuranda toxmağ dağara dəyif tıkqıldıyırdı. Qızdar elə bilirdi atası orda qoz çırpır. Kişi düşdü qaşdı, çıxdı gəldi.

Çöl görməmiş qız uşağı, nə qədər getdilər tapmadılar. Qayıt­dılar gəldilər həmin ağacın divinə. Gördülər ki, ə, atası nə gəzir, atası yoxdu. Otdular ağacın divində. Bir az ağlaşdılar. Tanımırdılar heş haranı. Qız uşağıdı dana, çıxmıyıflar çölə-bayıra. Gejə düşdü, qaldılar elə ağacın divində. Savahatan qaldılar ağacın divində. Savah açılanda balaca bacıları bir az bijəltərəh idi. Dedi:

– Ay bajı, burda oturmaxnan bizi kim gəlif aparajax. Gəlin elə meşəynən çıxax gedəh, bir tərəfə çıxajeyih də.

Düşdülər meşəyə, ağzı yuxarı gethaget, gethaget, gethaget, gəldilər çıxdılar Şah Abbasın mal tolasına. Baxdılar ki, yaxşı toladı. Düşdülər külfənin ağzına. Axşam idi. Şah Abbas da gəlmişdi mala baxsın. Gördü ə, külfənin ağzınnan səs gəlir. Gəldi külfəyə yaxın­naş­dı, qulağını dirədi ora, gördü əyə, kadın səsidi. Dinşədi, elədi, gördü üş nəfərdilər. İndi böyüh bajı Allahdan arzu eliyir ki, Allahın altında elə məni vəzirin oğlu aleydi, günüm yaxşı keçeydi da, çörə­yim, suyum oleydi. Ortancıl da dedi ki, Allahın altda məni vəkilin oğlu aleydi, bajı, elə bu şəhərdə yaşıyeydih bir yerdə. Mənim də varım-halım oleydi. Bu balaca qız da dedi ki, a bajı, siz onu arzuladınız, mən də bir şey arzuluyajam.

– Nə arzuluyassan?

Dedi:


– Allahın altda o qədər varım oleydi ki, Şah Abbas mənim paltarımı aleydi qoluna, aparardı hamama, gətirərdi.

Gör Şah Abbasdan nə qədər yuxarı isdiyir ey. Şah Abbas bunun üçünü də eşitdi. Gəldi evə. Adam göndərdi, dedi:

– Ə, orda üş nəfər zənən var, gedin onu gətirin.

Getdilər gətdilər. Baxdı ki, üş dənə qız uşağıdı. Dedi:

– Qızım, külfənin ağzında Allahdan nə arzu eliyirdiniz onu bir də burda deyin görüm.

Bunnar bir az qorxdu. Axı pis alqış eliyif balaca qız. Dirəndi üsdərinə. Böyüh qız dedi ki, Şah Abbas sağ olsun, söz idi da danış­dıx orda. Dedim ki, Allahın altda məni vəzirin oğlu aleydi, günüm yaxşı keçeydi, çörəyim, suyum oleydi.

Dedi:

– Bala, bəs sən nə arzuluyurdun?



O da dedi:

– Mən dedim ki, məni vəkilin oğlu aleydi, elə bajımnan bir şəhərdə oleydim.

Çağırdı vəziri, vəkili. Dedi:

– Bunu sən öz oğluna alessən, bunu da sən alessən.

Ağzı nədi almıya, şahdı. Balaca qıza dedi ki, qızım, sən nə arzuladın? O da bir az qorxdu. Dedi:

– Qorxunnan ölmə ey, nədən qorxursan? Sənə heş kim bir söz deyə bilməz, Allahdan arzuluyursan.

Dedi:

– Vallah, Şah Abbas sağ olsun, söz idi dana, danışırdım. De­dim ki, o qədər varım oleydi, Şah Abbas məni hamama aparıf-gətireydi.



Deyəndə dedi:

– Hə, lap yaxşı arzuluyursan.

Çağırdı vəziri, vəkili, bu qızdarı verdi onnarın oğluna. Kiçih qıza dedi:

– Bala, vallah, sənin arzunu mən yerinə yetirə bilmərəm. Sənin gərəh mənim varımnan çox varın ola ki, mən sənin paltarını hamama aparam. Ona mənim güjüm çatmır, get Allah versin.

Bu düşdü yolun ağına, ağlıya-ağlıya, qız uşağı. Gethaget, gethaget, getdi bir düzdə gördü bir bina var, ev var. Getdi bir çökəh yer vardı, burdan keşdi içəri:

– Ay ev yiyəsi, ay ev yiyəsi.



Axşam düşür. Nə qədər çağırdı, gördü hay verən yoxdu. Getdi qapıya. Qapını basan kimi qapı açıldı. Girdi gəzdi, gördü heş kəs yoxdu, amma ev doludu, nə isdəsən var. Kişiyə gərəh Allah verə ey, yüyürməhnən döylü. Gördü hər şey var, özü də ajmışdı. Sımavarı dol­durdu qaynatdı. Bişmiş bişirdi, yedi qarnını doyurdu, gəldi otdu, görə indi axırı nolajax, kim gələjəh. Buranın da yiyəsinin adı Məhəmməd idi. Bu da tilsimkar idi. Günüz olanda ilan donuna dü­şür­dü, gedirdi. Axşam olanda gəlirdi donunu dəyişirdi olurdu oğlan. Məhəmməd ilan donunu dəyişdi gəldi ki, bir qızdı oturuf.

  • Ağız, sən hardan gəlmisən bura?

Dedi:

– Hal-qəziyə belə-belə.

Dedi:

– Hə, yaxşı eləmisən. Elə Allah səni maa yetirif, məni də sənə. Görürsən bu evlər hamısı doludu. Qızıldı, gümüşdü, nə bilim var-döylət. Sən gördün ki, mən ilan donunda gəldim. Tilsimkaram. Mə­nim sirrimi heş kəsə vermiyəssən. Əyəm mənim sirrimi aşsan, elə burdaja quru yurtda qalassan. Bular hamısı tilsimdən düzəlmə şeydi.

Dedi:


– Vermiyəssən ki?

Dedi:


– Yox.

Başdadılar burda dolanmağa. Bir gün bir dənə dərviş gəldi, qəsidə deyirdi bunun qapısında. Bu apardı dərvişə bir kisə qızıl verdi. Dərviş sevinə-sevinə götdü, hərrəndi gəldi Şah Abbasın qapısına. Şah Abbas arvada dedi ki, ay arvad, dərviş gəlif, apar ona qəpih ver. Qara qəpihlər olurdu. Arvad aparıf bu qəpihdən verəndə dərviş dedi ki, buna bax ey, sən Allah, Şah Abbasın adı dünyanı götürüf, bir qız xeylağı maa bir kisə qızıl verdi, Şah Abbas da maa qara qəpih verdi. Bunu arvad getdi dedi Şah Abbasa. Dedi:

– Vallah, verdim, heş götürməh isdəmirdi. Dedi ki, bir qız xeylağı maa bir kisə qızıl verdi, Şah Abbas maa qəpih verir.

– Ay arvad, yüyür onu saxlat.

Çağırdı saxlatdı. Dedi:

– Ə, o kim idi sana bir kisə qızıl verif? Dərvişə, sayıla bir kisə qızıl verəllərmi?

Dedi:

– Şah Abbas sağ olsun, verdi da o. Qəsidə dedim qapısında, gətdi bir kisə qızıl tulladı.



Bu, məhətdəl qaldı ki, bir kisə qızıl verəllər sayıla. Dedi:

– Onun evi-eşiyi hardadı?

Bu, yerini dedi. Şah Abbas bir gün durdu, atını mindi, dedi:

– Gedim görüm o nətər adamdı. Nə qədər varı var ki onun, dərvişə qızıl verir?

Durdu gəldi, axşama çatdı ora. Qapını döyən kimi qız gəldi. Amma aradan çox keçifdi. Şah Abbas qızı tanımadı, qız Şah Abbası tanıdı.

– A bala, məni beyjəlih qonağ eliyə bilərsənmi?

Dedi:

– Niyə eləmirih, düş gəl.



Amma qız da elə elədi ki, guya Şah Abbası tanımır. Apardı buna yaxşı yeməh-işməh. Yedilər işdilər. Bir qız idi, bir də Şah Abbas, Məhəmməd hələ gəlmiyif. Dedi ki, dayı, mən hamama getməliyəm, isdiyirsən burda otur, isdiyirsən mənnən gəl hamamın yanında oturarsan. Şah Abbas da dedi: “Ə, məni burda kimdi tanı­yan”. Qız paltarını yığanda dedi:

– Bala, paltarı ver maa, mən götürüm.

Qız paltarını tulladı bunun qucağına, getdilər. Allahdan arzu eləmişdi axı. Gör Allah bunun arzusunu nətər yetirir? Götdü apardı. Qız getdi girdi hamama çimməyə, bu da qapıda gözdüyür. Şah Ab­bas kimi adam qızı gözdüyür. Çimdi elədi, yaş paltarını da genə Şah Abbas aldı qoltuğuna, gəldilər. Qız hələ özünü tanıtmır. İndi başda­dılar söypətə. Axı bunun əri gələsidi. Məhəmməd gəldi ordan baxdı ki, bir kişidi oturuf. Çıxmadı. Evdə adam olanda üzə çıxmırdı ki, til­si­mini biləllər. Gejə bunnar yatdılar. Savah duruf gedəndə qız de­di ki, buna bildirim da. Dedi ki, Şah Abbas, məni tanımadın?

Dedi:


– Yox.

– Kimsən, a bala, sən?

Dedi:

– O bajılarımı ki verdin vəzirin oğluna, vəkilin oğluna, maa dedin ki, get sənkini Allah versin. Bax, həmən qız mənəm. Mənim o qədər varım var, Allah verif.



Dedi:

– Hə, saa dedim ki, get sənkini Allah versin, mənim güjüm çat­mır. Lap yaxşı. Gedim bajılarına deyim yerini-yurdunu, gəlsin görüşün.

Gəldi Şah Abbas bunun bajılarına dedi ki, bajınızın varı o qədərdi ki, təpəsinnən yuxarıdı. Gedin görüşün filan yerdədi. Bun­narın uşaxları da olmuşdu. İki bajı ikisi də qoşuldu bir-birinə gəldi bunun evinə. Qapını aşdı ki, bajılarıdı. Görüşdülər, elədilər, gəldi otdular. Bular baxdılar ki, bura ayrı adam gəlmir. Dedilər ki, ay bajı, heş bura adam gəlmir. Sən kimnən olursan ki burda?

Dedi:

– Ay bajı, nəyinizə lazımdı, tək oluram. Bu ev mənim, eşih mənim. Əyəm varınız yoxdusa, nə isdiyirsiniz götürün, çıxın gedin. Mən kimnən oluram, nətər oluram, ona qarışmıyın.



Üş gün qaldılar burda. Yedilər, işdilər, danışdılar. Məhəmməd gəlirdi, görürdü bular burdadı, çıxmırdı, qayıdıf gedirdi. Üç günnən sora bular gedəsi oldu. Böyüh bajısı əl çəkmədi ki, sən kimnən olursan gərəh bizə deyəsən. Nətər biz bajıyıx, dərdini maa demiyəs­sən kimə deyəssən? Bu boynu qırılmış da aşdı dedi. Dedi:

– Ərim belə tilsimkardı. İlan donunda gedir, gələndə bax burdan çıxır.

Çıxdığı yeri gösdərir. Deyir bajı bajının altına it küçüyü qoyur, yalan döyül ey. Heylələri var. Bunnar gedəndə böyüh bajı həmən dəməyin ağzına almaz tulluyur. Almazı tulluyur, çıxır gedir. Məhəmməd ilan donunda gəlirdi. Gələndə almaz onun burasınnan tutdu. Kəsdi, qanadı. Başını çıxartdı belə, arvadına dedi ki, mənim sirrimi saa demədim vermə. Niyə verdin mənim sirrimi? Mən get­dim, qaldın düzün ortasında. Çıxdı getdi. Tilsimdən düzəlmiş şeydi. Qızı da yuxu tutdu, yatdı. Bir vaxt qalxdı ki, gün günorta olufdu, ev nə gəzir, eşih nə gəzir. Hamısı tilsimdən olan şeydi, yoxa çıxıf. Bir başına vurdu, bir g…nə vurdu. Ağladı, sızdadı, nolajeydi.

Ağlıya-ağlıya durdu düşdü yolun ağına. Yolnan gedirdi bir meşənin içiynən. Məhəmməd çıxdı bunun qabağına. Dedi:

– Aaz, niyə ağlıyırsan?

Yıxıldı bunun əlinə-ayağına, üzünnən öpdü, gözünnən öpdü. Səni and verirəm Allaha, imana, məni tərk etmə. Dedi:

– Saa demədim mənim sirrimi vermə, niyə verdin?

Dedi:


– Qanmamışam, bilməmişəm. Bir də vermərəm.

Təzdənnən Məhəmməd buna tilsimnən bir ev tikdi, yığdı içinə. Aradan bir az keçəndə bajıları dedi ki, aaz, gedəh bir də bajımıza dəyəh. Deyilənə görə, gəlif qapını açanda görüf bajılarıdı, ağajı götürüf qovuf. Deyif:

– Gedin, sizin kimi bajı mənə lazım döyül.

Bajılarını da qavdı. Məhəmmədnən otdu burda ömürrüh.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin