29. ÖVLADINI AZREYİLDƏN QAÇIRAN ANA
Bir arvadın uşağı qalmırmış, ölürmüş. Beşi ölür, onu ölür, on beşi ölür, neçəsi ölür bilmirəm. Bunun gəlir daldan bir oğlu olur. Bu gəlir beş yaşına çatır. Bu, evi yığır, qohumu-evladı. Deyir ki, Allah, Məhəmməd, ya Əli. Azreyilin əlinnən mən bu uşağı götürüf diyarbadiyar oluf çıxıf gedəjəm. Bura qayıdası deyiləm. Azreyil məni tapbasın. Da mənim bir belə balam qırılıf.
Bu caleyivətən oluf gedif. Az gedif, üz gedif. Gün belə devriləndə görüf axşamladı. Görüf bir düzü-biyavanda alaçıx var, bunun qavağında bir arvad hərrənir, bir də sımavar qoyufdu, sımavardan nazik tüsdü çıxır. Belə kənarda duruf. Da bunun gedəsi yeri yoxdu. Bu getsə, yarı mənzildə qalajax. Nə kənd deyil, nə kəsəh deyil. Elə düzün ortasında qalajax. Bu arvad sımavara qamxalat salanda buna belə-belə əl eliyif, yaxınnaşır:
Salam məlöykü.
Əlöykümət salam.
Deyif:
– Bajı, məni beyjəlik qonax elə.
Deyif:
– Allaha da qurvan olum, qonağına da. Sən arvad, mən arvad. Gedəh.
Gəlif oturuflar. Arvad çayı dəmliyif. Oturuf söypət eliyəndə deyif ki, hardan gəlif hara gedirsən. Deyif:
– Bajı, sən Allah, dərdim o qədər çoxdu ku, mənim dərdimi tərpətmə.
Bu da Azreyilin anasıdı. Deyif:
– Yox, burda kim var ki. Bir sənsən, bir mənəm. Gəlmisən, qonağım ol, heç hara getmə, həmişə qal yanımda. Mən də tək adamam. Elə sənin kimi hayan gəzirəm.
Deyif:
– Bajı, Azreyilin ağzı yansın, altı-yeddi dənə, ayıf olmasın, balam oluf ölüf, indi onun əlinnən bunu götürüf, Allah, Məhəmməd, ya Əli deyif gedirəm. Allah yaratdığı yer kürəsi harda qutarajax, oracan gedəjəm, məni tapbasın.
Deyir:
– Elə yer kürəsinin qutaracağı buradı, qal yanımda.
Bu qalıf bunun yanında. Savah ertə duruf getməh isdiyəndə deyif ki, getmə, qal burda. Bu da xiyalında tutuf ku, oğlum gələndə – bunun gözünə görükmüyəjəh axı, anasının gözünə görükəjəh, – südünə bunu and verəjəh, uşağa dəyməsin. Arvad ona görə bunu saxlıyır. Bunun oğlu atı minif çıxıf gedif kiminsə evini yıxmağa. Oturuflar. Sımavarı qoyuf, günorta üçün nəsə bişirir. Bir belə xamır qatıf. Deyifdi ki, bajı, belə çöllərə düşdüyümə baxmaginan, Allah hakkı, yaman yuxa bişirənəm. Sən ayrı işini gör, mən bu yuxanı yayım. Bu, ojağı qalıyır, sajı küllüyüf qoyuf üsdünə, xamırı verif. İndi günorta bişmişi qayırır. Sımavarı qoyuf, gənə qapıdan tüsdü çıxır.
Bu alaçıxadan xeylağ aralı ağaj basdırılmışdı, halqa var. Azreyil atını ora bağlıyıf gəlir evə. Bu sajı qoyuf arvad yuxanı yaymağa başdıyanda Azreyilin anası görüf ki, oğlu gəldi, atdan aşırıldı düşdü, atın cilovunu vurdu ora. Evə gəlməh isdiyəndə arvad özün çatdırdı ora. Bağışdıyın məni, əl atır döşdərinə, deyir:
– Bala, səni and verirəm, döşümdən süd əmmisən, bu döşdərimə, o südümə. Bir arvad caleyivətən oluf gedir, onu qonax saxlamışam. O deyir altı-yeddi balam ölüfdü, sonuncunu Azreyilin əlinnən götürüf qaşmışam. Elə maa bağışda, onun balasına dəymə.
Gülüf deyif:
– Ay ana, mən adam öldürənnəmi? Məni Allah-tala çağırıf yanına bu sənət maa verəndə deyif ki, biri birinə ajığı tutuf güllə atajağ, yıxılajağ yolun ortasında öləjəh. Vaxdı çatanda ölüm bunnandı. Onun öz əli özünə qannı olajaxdı.
Arvad yuxanı yaydıxca uşağ əlini atır, cırır tulluyur, cırır tulluyur. Arvad oxleyi, – indi uşağına qıymır dana, – yavaşca başına vurur ki, ay ciyarın yansın, məni arvadın yanında biyabır elədin. Özücə bişirirdi. Sən xamırı tökdün buralarnan bir elədin, heş yuxa çıxmadı ortalığa. Uşağ bayağ idi öldü. Öləndə arvad çığırdı:
– Allah, balam öldü. Allah, balam öldü.
Arvad yüyürür. Axı arvad bilir. Deyif:
– Ay bajı, Azreyildə günah görürdüm. Balamı götürüf diyar-badiyar düşmüşəm. Əllərim tökülsün. Öz əlim özümə qannı oldu.
Uzax qulaxlardan, deyillər filan qardaş filankəsi vurdu. Onun qisməti odu. Onu yazan heylə yazıf.
Dostları ilə paylaş: |