Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012


VAR-DÖVLƏTİ BAŞQASINA QİSMƏT OLAN KİŞİ



Yüklə 2,32 Mb.
səhifə121/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   117   118   119   120   121   122   123   124   ...   197
30. VAR-DÖVLƏTİ BAŞQASINA QİSMƏT OLAN KİŞİ
Bizim bu Qarabağda, Kür ovalığında, indi hansı rayondadı, hardadı onu bilmirəm, bir dənə varrı kişi varmış. Həddinnən artıx varrı imiş. Bunun qapısında da mənim qapımdakı tut kimi böyük bir tut ağacı varmış. Bu kişinin gözəl evi-eşiyi, varı-varyatı. Bir gün bu gedir hacc ziyarətinə. Qavax bu hacc ziyarəti beş-altı ay çəkərmiş ey. Bir gün kişi tək imiş evdə, bir dənə fala baxan gəlir. Girir evə-eşiyə baxır, deyir:

– Bəh-bəh-bəh, nə gözəl evdi. Hayıf ki, yiyəsinə qismət döylü.

Kişi hirsdənir, deyir:

– Axmağın qızı axmax, sən nə danışırsan? Nətər yanı yiyəsinə qismət döylü?

Deyir ki, bu, Lənkəranda bir gəmiqayıran Muxdar var, ona qismətdi. Kişi mənim kimi başdan xarab imiş. Hirsdənir, arvadı qapıdan qovur.

Aradan bir neçə il keçir, bu çıxır gedir hacc ziyarətinə. Gəlif görür ayə, ev nə gəzir, eşih nə gəzir, hamısını Kür daşıf, yuyuf götü­rüf gedif. Tut ağacı kökünnən yoxdu.



Nəysə, kişi sarsılır, bir müddət özünə gələ bilmir. Beş-altı ay­dan sora bu söypət yadına düşür. Bir gün çarığın dabanını bərkidir, deyir:

– Gedəjəm Lənkərana, görüm bu nə hak-hesabdı. Münəccim axı belə bir söz demişdi.

Deməli, gəlir Lənkərana çatır. Orda soraxlıyır, soraxlıyır. Gəmiqayıran Muxdarın qapısını tapanda görür, sən öl, tut ağacı böyrü üsdə bunun dokqazınnan çöldə duruf. Kişinin tükləri biz-biz oluf. İsdiyir qayıdıf getsin, deyir:

– Yox ey, bu Muxdarnan söypət eliyəjəm.

Çağırır, Muxdar kişi evdə imiş, çıxır. Deyir:

– Əşi, xeyirdimi. Niyə gəlmisən?

Deyir:

– Vallah, bu tut ağacı mənim ağacımdı. Amma bir yeddi-səkkiz il bunnan qabax demişdilər ki, bu sana qismətdi. Muxdar kişi, gəl bura, bunun içində otuz kilo qızıl var. Yerini bilməzsən. Onsuz da sənin qismətindi ey.

Deyir:

– A kişi, bunu elə bil filankəsin oğluynan filankəsin oğlu dəniz­dən iki dənə kəlin g…nə qoşuf çəkif gətdilər ki, bunnan bizə qayıx düzəlt. Mən də dedim ki, bala, hələ yaşdı, qoy bir az təpsin, sora yonuf düzəldərəm. Filankəsdər gəlsinnər desinnər, sən götür apar, mən neynirəm.

Deyir:

– Yox ey, onsuz da mən gəlmişəm sana halallığını verəm gedəm. Baltanı gətir.

Baltanı gətirir. Ağacın koğuşunda bir çiv varmış, çivi çıxar­dan kimi otuz kilo qızıl aşır tökülür yerə. Muxdar nə qədər eliyir ki, qızılını götür apar, deyir:

– Sən öl, bir dənəsini də aparmaram.

Deyir:

– Onda bircə gejə qonağım ol dana. Bir gejə qonağım ol, sora gənə çıx get.

Nəysə, bular axşamdan Allah verənnən yeyillər, içillər, yatıl­lar. Muxdar da arvada pıçıldıyır ki, arvad, bunun yoluna iki dənə çörəh bişir, heç olmasa, bu qızıldan beş-altısını çörəyin içinə qoy da. Bu kopoğlu tərsdi, götürmür. Bir belə qızılı da bu gətirif evin içində verif maa. Bunnan heç olmasa halallıx alax dana.

Deməli, arvad iki dənə çörəh bişirir təndirdə. Xamırın arasını doldurur qızılnan. İndi sizə kimnən deyim, bu gəmiqayıran Muxda­rın bir dənə də pinəçi qonşusu varmış, bazarın qavağında pinəçilih eliyirmiş.

Nəysə, səhər duruf olannan-olmazınnan gənə yiyir, kişinin heyvəsinə iki dənə çörəyi qoyur, deyir:

– Saa yaxşı yol.

Kişi heybəni götürür, gələndə görür çarığın davanı cırılıfdı. Deyir ki, qardaş, bunu tik, iki dənə çörəyim var, birini verim saa, biri də mənim. Deyir:

– Əşi, bunu heş dörd çörəyə tikməzdər. Mən də axşam evə iki çörəh alasıyam. Heç olmasa iki çörəyi ver, tikim.

Kişi çörəyin ikisini də verir pinəçiyə. Pinəçi kişinin çarığını tikir, kişi çıxır gedir. Pinəçi axşam çörəhləri gətirif evə verəndə arvad baxır, deyir:

– Buy, nə yaxşı oldu. O gün Muxdargildən iki dənə çörəh al­mışam borc, bu da elə o çörəyə oxşuyur. Ayıfdı, qara çörəh vermin­yim. Get sən canı, özümüzə qara çörəh al, bu çörəhləri qaytarım Muxdargilə.

Deməli, Muxdarın arvadı görür kü, qonşunun arvadı çağırır. Çıxır, çörəyi görəndə arvad dəhşətə gəlir. Deyir:

– Mən bişirdiyim çörəhdi ey bu.

Deyir:

– Aaz, mən nə bilim, kişi bazarda kimnənsə alıfdı.



Heyləcə çörəhlərin ikisi də qayıdır Muxdarın evinə. Kişi də gənə bir qəpihsiz çıxır gəlir.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin