Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə126/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   122   123   124   125   126   127   128   129   ...   197
35. EVİ ARVAD TİKƏR
Genə bir keçəl olur, onun da bir anası olur. Ana-bala dolanır-dılar. Odun-zad aparıf satıf gətirirdi. Padşahın imarətinin qabağınnan yol gedirdi bazara. Keçəl buraynan gedif gəlirdi. Bir gün qıznan atası oturmuşdu küləfirəngidə. Keçəl gedəndə Allah padşahın konluna insaf saldı dana. Dedi:

– Ə, o keçələ denən gət odunu tök odunnuğa, gəl bura.

Çadırı apardı, odunu tökdü odunnuğa, getdi. Gətdi buna bir az qızıl verdi. Dedi:

– A bala, apar bunu bir az əlində xaşdıx elə, yazıxsan, o odunu daşıma. Mən görürəm gündə gedirsən.

Bu da kasıf adam idi dana. Bunu gətdi o şeyə verdi, bu şeyə verdi, yoxu idi heş nə, pul qutardı. Gənə pul qazanmalıdı axı. Gənə getdi bir şələ odun götdü, gəldi padşahın qapısınnan keçəndə, [padşah] qıznan durmuşdu, dedi:

– Aaz, buna bax ey, kopoğluna dünən-sırağayın verdim ey xaşdıx. Dedim ki, apar əlinə maya sal. İndi gənə odun daşıyır.

Qız dedi ki, ata, onu heylə bilmə. Dedi:

– Nətər bilmə. Əlimnən vermişəm.

Dedi:

– Onun evdə anası varsa, anasıdı, arvadı varsa, arvadıdı. O be­karadı, keçəl bekara döylü. Evi kadın dolandırar. Onun kadını hansıdısa, pisdi.



Nəysə, bu ata-bala, o da Allahdandı, cəhləşdilər. Cəhləşəndə qız dedi:

– Ata, sən məni ver ona, maa heş-zad da vermə. Mən keçəlin evini sənin evinnən yaxşı eləməsəm, onda nə deyərsən, deyərsən.

Amma qız yaxşı kəlağayı toxuyurdu. Biri yüz tümən idi. Ge­jədə birini toxuyurdu. Atası evinnən birini götdü, elə atasının ajığına getdi keçələ. Keçəlin bir damı vardı. Dedi:

– Keçəl, baxma sənin kişi oluf, mənim arvad olduğuma. Sən mənim sözümnən gedəssən. Mən nə desəm, o olajax.

Keçəl dedi:

– A xanım, sən nə desən o olajax.

Keçəlin də canınnandı. Gejə otdu bir dənə kalağayı toxudu. Dedi:

– Keçəl, bunu götür apar bazara. Yüz tüməndi ha, aşağı vermə. Ver pula, çörəhdən, yavannığdan al, pulun qalanını da gətir.

Keçəl apardı. Çatan kimi yüz tümən verdilər. Bir az yağdan-yavannığdan aldı gətdi. Bu toxudu, bu apardı satdı. Xeylağ da pul yığmışdılar. Bir gün də kalağayını satmışdı, əlində idi pul. Gördü ki, Bəhlul üş dənə kül komalıyıf.

– Ay kül alan, ay kül alan.

Gəldi bunun yanına keçəl. Dedi ki, ə, nə satırsan?

Dedi:


– Bu külü.

– Neçəyə verirsən?

Dedi:

– Yüz tümənə.



Bu, əlindəki pula baxdı, külə baxdı. Dedi: “Ə, bunu verəjəm buna, padşahın qızı məni dannıyajax. Vermiyim, bu da deyir yüz tümənə verirəm”. Dedi: “Allaha pənah”. Yüz tüməni verdi buna. Bu külü sovurdu göyə. Dedi ki, səbirri qul arzusuna çatar.

Dedi:


– Elə bu?

Dedi:


– Bu azdı?

– Ə, – dedi, – pulu maa ver. Mən də deyirəm görəm nə deyəjəh.

– Satmışam, təzdən hara verirəm.

Çıxdı gəldi. Vermədi. Gəldi, utana-utana xanıma dedi ki, belə bir iş görmüşəm. Yüz tümən verif bir söz almışam: Səbirri qul ar­zusuna çatar.

Dedi:

– Keçəl, yaxşı sözdü, əzbərrə sinəndə saxla.



Qız buna daa bir söz demədi. Bu elə hey əzbərriyirdi. Savah bir də getdi. Gördü gənə satır. Qız buna bir söz demədiyinə dedi: “Sən öl, bir də alajam, görüm nə deyir”. Soruşdu neçəyədi. Dedi: “Yüz tümənə”. Verdi. Dedi:

– Nədi?


Dedi:

– Sənnən soruşsalar ki, dünyada nə göyçəh olur, denən ki, könül sevən göyçəh olur. Könlün nəyi sevsə, o saa göyçəhdi.

Gənə peşmannadı ki, ə, yüz tüməni verdim buna, indi nətər eliyim. Gəldi gənə xanıma dedi. Dedi:

– Keçəl, yaxşı sözdü, yadınnan çıxarma, lazım olar sənə.

Qız savatdı idi da, padşah qızı idi. Bu sözdəri saxladı qəlbin­də. Keçəlin evinin yanında düşərgə yeri var idi, həmişə tacirrər düşüf gejə orda qalırdılar, səhər gedirdilər. Keçəl da kəlağayını erkən satıf gəlmişdi. Çıxdı bu tacirrərə tərəf. Bir tacir düşmüşdü ora. Bu tacir buna dedi ki, qardaş, maa bir adam lazımdı, qan pulunu verəm, özüm­nən aparam. Ölər ölər, qalar gələr. Özü ağırrığında qı­zıl verəjəm. İndi nə bilim yeddi ilə gələjəm, beş ilə gələjəm, on ilə gələ­jəm, onu deyə bilmərəm. Bu bunun başına batdı. Gəldi pad­şahın qızının yanına. Dedi:

– Xanım, belə bir iş var. İndi mən ağır adamam da, xeylağ qı­zıl eliyəjəh. Nolajax, gələjəm, Allah qoysa. Gedim, qızılı alım, gətirim verim sana, mən tacirnən gedim.

Dedi:

– Özün bil. Mən sənə nə get demirəm, nə də qal.



Dedi:

– Yox, getməh isdiyirəm.

Bu getdi özü ağırrığında qızılı aldı gətdi. Xanıma verif halal-hümmət eliyəndə dedi:

– Yox, keçəl, heylə döylü. Sənnən mən həmliyəm. Daqavor ya­zajam, sən də qol çəkəssən, mən də. Getdin ayna, bəlkə on ildən sora gəldin, mənim uşağımın on yaşı oldu. Gəlif deyəssən hardan aldın.

Daqavor kağızını yazdı, bir surətini keçələ verdi, bir surəti də qaldı bunda. Keçəl qoşuldu tacirə, getdi. Gethaget, gethaget bir yer vardı, sucax yer idi. Orda da bir quyu varıydı. Bunnar heylə qan pulu verirdilər, aparırdılar, salırdılar ora, çıxmırdı. Ona görə qan pulu verirdi. Köş düşdü, getdilər quyunun başına. Dedilər:

– Gəl düş bura, su çıxart.

Bunu salladılar ora. Bu gupbultuynan getdi düşdü ora. Ora düşən kimi bunu bir oğlan tutdu, dedi: “Gəl bura”. Dedi:

– Nədi?


Dedi:

– Gə bəri, deyəjəm saa.

Bunu apardı. Bir qapı aşdı. Dedi:

– Görürsən bu meyitdəri?

Dedi:

– Hə.


Dedi:

– Bax, bunnar bura düşənnərdi. Sual verirəm, cavaf vermir, öldürüf tulluyuram. İndi saa da sual verəjəm, cavaf verməsən, səni də öldürüf bura tulluyajam.

Keçəl bir az qorxu çəhdi. Bunu apardı ayrı bir evə. Baxdı ki, insan yekəlihdə bir qurbağadı, barının küncündə duruf. Dedi ki, o ölənnərin hamısına sual vermişəm, cavaf vermiyif. Saa da verəjəm, tapbasan, səni öldürəjəm. Ancax tapsan da sənə nə hörmət eliyəjəm mən bilirəm.

Dedi:


– De da, bilsəm deyəjəm.

Dedi:


– Dünyada nə göyçəh olur?

Yüz tümən verif orda almışdı. Tez yadına düşdü söz. Dedi:

– Könül sevən göyçəh olur, – deyəndə qurbağa tilsimə düş­müş­müş, tilsim sındı, qurbağa gözəl bir qıza çevrildi. Bunnar qu­jax­laşdılar. Dedi:

– Oğlan, mən yeddi ildi ona həsrətəm. Bax, o tilsimə düşüf qa­lıf orda. Kimə deyirəm, heş kəs demir ki, könül sevən göyçəh olar. O bir kəlmə sözdən ötəri o yeddi ildi qalıf orda. İndi gəl sudan ver, çəhsinnər.

Qavaxca çəkə bilmirdilər da. Sudan polnu verənnən sora getdi yeddi dənə qarpız gətdi. Qoydu quyunun ağzına, dedi:

– Sən çıx, mən sora verəjəm, amma bunu heş kəsə gösdərmə. Pasılka elə göndər evə, vermə heş kəsə.

Bu çıxır, bu da qarpızdarı verir. Deyir:

– Sən maa hörmət eləmisən, mən də saa hörmət eliyirəm.

Qarpızdarı çıxardı. Orda adresini yazır göndərir arvada. Özü tacirnən gedir. Gedir, indi neçə ilə gəlirsə genə bunu salır. Beş qarpız da indi buna verir. Deyir:

– Sən mana çox hörmət eləmisən. Bu yeddi ilin hörmətidi mən sənə elədiyim. Amma verdiyim qarpızdarı heş kəsə vermə.

Bunu çıxardanda tacir dedi ki, ə, gətir birini kəsəh yeyəh da bunun. Dedi:

– Yox, mən saa qarpız boşdu döyüləm.

Götdü gəldi. Bunun arvadı padşah qızı idi. Getdi bir usda tapdı gətdi. Dedi ki, bax, mən kadın xeylağıyam, heç haranı tanımıram. Mənə atamın evinnən yaxşı ev tikəssən. Pulunu mən verəjəm, sən get tap, al, gətir, qayır, usdasan. Keçəl gəlincə yaxşı ev tikdirdi, hasar çəkdirdi, mal-qoyun aldı, nökər tutdu. Ha belə dolanırdı.

Bir gün tacirrər axşam gəldilər düşdülər keçəlin evinin böy­rü­nə. İndi ürək dayanmır axı. İsdiyir bir gedə evinə baxa. Keçəl bu ax­şam qaroul çəkəjeydi, onnan sora qutarajeydi. Ürəyi dayanmadı, dedi:

– Gedim dəyim gəlim, görüm arvad nağarır?

Gəldi gördü ki, ay qardaş, padşahın evinə çıxıf. Bunun evi dam idi. Bura Mustafanın evidi, burda da mənim evim olmalıdı. Mə­nim evim döylü axı. Ora-bura hərrənir, gəlir qaroulçunu tapır. Deyir:

– A qardaş, bura kimin evidi?

Dedi:


– Padşahın qızının, – deyəndə bildi ki, bunu arvadı tikdirif. Dedi:

– Maa icazə ver, beşcə dəyqə ora dəyim gəlim.

Dedi:

– Ora dəyəndə nolajax sənə?



Dedi:

– Elə bir gözümnən görüm, gəlim də.



İcazəsini aldı, çıxdı ora. Bu gedənnən sora bunun bir oğlu olur. Çıxır baxır ki, arvad da yatıf, yanında bir oğlan da yatıf. Xan­çalı sıyırır, isdiyir ki, girə bunu öldürə, deyir: “Nəhlət sənə şeytan, axı mən yüz tümən pul vermişəm. Səbirri qul arzusuna çatar. Səbr eli­yim, savah gələrəm, onnan sora görərəm”. Öldürmür. Çıxır gedir.

Gejə çəkir qaroulunu, təhvil verir, savah da gəlir. Beş dənə də qarpız gətirir. Görüşüllər eliyillər. Baxır ki, yekə oğlandı. Soruşur bu kimdi. Daqavor kağızını çıxardır, gösdərir ki, öz oğlundu. Evi tik­dirif hazır, atasının evinnən yaxşı, özünün də bir oğlu. Deyir ki, o qarpızın birini gəl kəsəh. Qız deyir ki, o yeyiləsi qarpız döylü. O gön­dərdiyin qarpızdarnan tikdirmişəm bu evləri. Onnar hamısı ləldi.

– Aaz, nə danışırsan?

Deyir:

– Vallah hə.

Keçəl fikirrəşdi ki, gör o mana nə hədiyyə eliyif. Deyir ki, keçəl, evi tikdirif qutarmışam, nökərin, hər şeyin. İndi saa bir söz deyim. Mən o vaxdı saa gələndə atamnan bir şərtim vardı. Mən de­dim ki, evi aravad tikər. Atam dedi, aaz, nə arvad tikər? Kişidi tərəf­xaşdıx eliyir. İndi adam göndər, atamı qonağ çağır. Denən yeznən səni qonağ çağırır.

Qasid gedif deyir. Bu da vəziri, vəkili götürür gəlir. Keçəli başa salır. Keçəl qanmırdı dana, kəntçi adam idi. Dedi:

– Keçəl, sən qavaxda dur atam gələndə, oğlun sənnən geridə dursun, mən də gədədən geridə durum. Atam gələndə qavaxca sən görüş, sora nəvəsiynən görüşsün, onnan sora da mən görüşüm.

Heylə də elədilər. Stolu qurmuşdular, getdilər otdular. Yedilər, işdilər, söhbətdəşdilər. Gəlin gəldi dedi ki, ata, ağlın nə kəsir bu işdən. Dedi:

– Nə iş, a bala?

Dedi:


– Mən axı o vaxt keçələ şərtnən gəlmişəm. Mən deyirdim evi arvad tikər, sən deyirdin yox əşi, arvad tikməz, kişi tikər. Görürsən, bu evləri mən tikdirmişəm ey, keçəlin xəbəri yoxdu. İndi mənim sözümə gəlirsənmi?

Dedi:


– Hə, bala, düz deyirsən, evi arvad tikər.

Düz də deyir da. Biz indi özümüz görürüh. Gedif beş kilo ət alıf gətirirsən, arvad var ki, iki dəfə bişirir. Amma elə arvad var ki, beş kilo əti on gün bişirir. Evi arvad tikər.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin