38. ARVADIN ELƏSİ DƏ VAR, BELƏSİ DƏ
Bir axşam Şah Abbas Allahverdi xan vəzirə dedi ki, dur şəhəri gəzəh, şəhərdə oğurrux oluf. Durdular küçənin biriynən ağzı aşağı gəldilər, ayağa çatdılar, bir də qayıtdılar. Bir üş-dörd ev getmişdilər. Gördülər ki, bir gəlin xeylağıdı, qapıda var-gəl eliyir. Gəzir ayna-bayna. Dedi:
– Vəzir, bir buna de gör bunun kişisi var bizi beyjə qonax eliyə?
Vəzir deyəndə, bu gəlin dedi ki, yox, biz qonax saxlamırıx. Budey, ağzı belə hamı kənd döyül, gedin birinin evində qalın dana. Dedi:
– Vəzir, burda bir əngəl var. Çəkil belə dala, bunu güdəh.
Bilikli adamlar idi dana. Çəkildilər bir daldaya. Gördülər ki, bunun əri gəldi. Cüt əkirmiş, qutarıf gəlif. Gəldi ulağı-zadı rahatdadı. Kişi girdi evə. Hava da bir az soyux idi. Tez apardı kişinin qavağına bir isdəkan çay qoydu bu gəlin. İçəridə dayanmır. Çıxır çölə, girir içəri. Çayı qoydu qavağına. Onda buxarı idi. Ojax buxarıda qalanırdı. Çıxdı çölə. Bunnar da baxırdılar buna. Gördülər ki, baltanı götdü əlinə, girdi kişinin təpəsinə tarap bir balta vurdu. Kişini öldürdü, sürütdədi apardı baxçada peyində basdırdı. Qayıtdı gəldi gənə qapıda başdadı gəzməyə. Dedi:
– Vəzir, dinmə, səsini içinə çək, görəh bu işin axırı nolajax.
Bir az aradan keşdi, gördülər ə, boynu yoğun bir oğlan gəldi, öz evi kimi qapıdan girdi içəri. Görüşdülər. Dedi ki, aaz, kişi yatıf, yoxsa oyaxdı?
Dedi:
– Ə, kişi nə gəzir, kişini öldürdüm getdi. Gedəh arxeyin kefimizi çəkəh.
– Aaz, nə danışırsan?
Dedi:
– Vallah, kişini öldürdüm, basdırdım.
Gedə bunnan qorxdu. Dedi:
– Yox, yox, qutardım sənnən.
Geri qayıdanda dedi:
– Ə, sənnən ötəri kişini öldürmüşəm, hara qayıdırsan. Gəl gedəh kefimizi çəkəh.
Dedi:
– Yox ey, sən öl, neynəsən getmərəm. Bu gün onu öldürən savah da məni öldürəjəh.
Getmədi. Bunu bunnar gördü. Oğlan da çıxdı getdi. Şah Abbas dedi:
– Vəzir, bu qapıya bir xaş qoy, darvazaya.
Vəzirdə hər bir şey vardı. Çıxartdı darvazaya belə bir xaş qoydu, getdilər ağzı yuxarı. Gəzə-gəzə, gəzə-gəzə getdilər, qaldılar birinin evində. Gəlinin bir az ağlı başına gələndə dedi:
– Axşam iki dərviş gəlmişdi, qonağ eləmədim. Bir çıxım qapını-bajanı gəzim, bəlkə ordadılar.
Gəlif darvazaya baxdı ki, darvazaya belə xaş qoyuflar. Dedi:
– Hə, taparsan?
Arvadın felmanınnan qaş qurtar ey. Getdi kömürü keçirtdi gətirdi. Ağzı belə on dənə darvazanı kömürnən belə xaşdadı. Gəldi yıxıldı yatdı.
Kadının belə eləməyi Şah Abbasa çox ağır getdi. Dedi ki, kadın xeylağını qoymuyajam qala, hamısını qırajam. Açıldı savah, dedi:
– Vəzir, dur get, onu götür gət.
Vəzir durdu cəlatdarı götdü gəldi. Gəldi ki, bu bir darvazaya nişan qoymuşdu, indi beş-on darvaza xaşdıdı. Hansı olduğunu tapa bilmədi, gejə idi dana. Getdi dedi:
– Şah sağ olsun, yadında, mən bir darvazaya nişan qoymuş-dum, indi gör neçə darvazaya nişan qoyuluf. Tapa bilmədim.
Şah Abbas Allahverdi xan vəzirə dedi ki, mən qırx günnüh səfərə gedirəm. Dayana bilmirəm, o gəlinin hak-hesabı məni çox incidir. Mən gəlincə bu şəhərdə bir dənə kadın qoymursan. Hamısının boynunu vurursan.
Bu getdi səfərə. Vəzir qaldı məhətdəl. Bir belə adamı nətər qırdırsın? Qırdırmasa da, özünü öldürəjəhdi. Durdu cəlladı götdü, gəldi bir evə ki, beş nəfər kadın var – qojalı, cavannı, qızdı. Əmr elədi ki, bunnarın boynunu vurun. Əyə, bir şüvən qopdu, bir qiyamət qopdu, nətəri. Dedilər ki, Şah Abbas arvatdarı qırdırır. Şəhər əhli elə bil qana batdı. Vəzir dedi:
– Dəymiyin. Qoy gəlsin məni öldürsün. Bir belə milləti qırdırmaxdansa, elə mənim ölməyim yaxşıdı.
Qırdırmadı, getdi evinə. Amma Allahverdi xan vəzirin bir qoja atası vardı. Çox qoja idi. Şah Abbasın da belə bir əmri var idi ki, əyəm mən sənnən iki yaş böyüyəmsə, sən məni eşitməsən, səə cəza veriləjəh. Heylə də bir əmri varmış. Vəzir də fikirrəşdi ki, şah gələndə bunu öldürəjəh. Elə ora uzanırdı üzüquyulu, bura uzanırdı.
Allahverdi xan vəzir gündə bir dəfə atasını yoxluyurdu. Gündə bir dəfə gedirdi otururdu atasının yanında, halını xəbər alırdı. Nə yemisən, nə işmisən, arvad yaxşımı baxır sana. Belə-filan danışırdı, çıxıf gəlirdi. Gündə bir dəfə. İndi üş gündü getmir atasının yanına. Gəlin aparıf çörəyini verəndə dedi ki, a bala, Allahverdi xan vəzir hanı, heş gəlmir mənim yanıma.
Dedi:
– Vallah, əmi, Allahverdi xan vəzir üzüquyulu qalıf. Heş nə çörəh yeyir, nə çay içir, nə danışır.
Deyir:
– Niyə?
Deyir:
– Nə bilim.
Dedi:
– Get ona denən ki, atan səni çağırır.
Gəldi dedi ki, Allahverdi, atan çağırır səni. Dur get, gör nə deyir.
Durdu getdi yanına, görüşdü elədi.
– A bala, gəlin deyir ki, çörəh yemirsən, üzüquyulu qalmısan. Nədi, noluf?
Amma bu kişi də Şah Abbasın atasının vəziri oluf ha. Çox bilən kişi idi. Dedi ki, ata, hal-qəziyə belə-belə. Şah Abbasnan getdih, belə bir kadın gördüh. İndi maa da əmr elədi ki, kadınnarın boynunu vurdur. Çıxdı getdi. Mən də getdim bir evdə beş kadın vardı, boynunu vurdurdum, qiyamat göyə çıxdı. Dedim elə onnansa məni öldürsün.
Dedi:
– Qorxma bala. Niyə qırırsan, Allah yaradıf onu. Şah gələndə denən atam qoymadı. Məni apar onun yanına, mən sözümü ona deyim.
Nəysə, bu gah qorxdu, gah qorxmadı. Gözdədi. Şah Abbas faytonnan gələndə gördü ə, sən öl, arvatdar sərbəst-sərbəst dolaşır. Ajığı tutdu: “Nətər bu mənim əmrimi yerinə yetirmiyif”. Gəldi taxda çıxan kimi çağırtdırdı yanına.
– Sana nə demişdim?
Dedi:
– Şah Abbas sağ olsun, özün bilirsən da mənim bir qoja atam var. Qoymadı. Dedi məni apararsan şahın yanına.
Dedi:
– Get gətir görüm.
Gəldi atasını aldı qujağına, apardı. Dedi:
– Şah Abbas.
Dedi:
– Bəli.
Dedi:
– Sən bilirdin mən sənin atanın vəziri idim? Sənin də belə qanunun var ki, elə o yaxşı qanundu, kiçih böyüyü eşitməsə, ona cəza verirsən. Mən qoymamışam kadınnarı qıra. İndi mən sana bir söypət eliyəjəm. Genə kadın durur, sən durursan, qırdır da.
Dedi:
– Nətər?
Dedi ki, mən sənin atanın vəziri idim. Özüm də qəni pəhlivan idim. Mənim qolumu qatdıyan olmuyuf. Camaatı mən təmin eliyirdim da, vəzir idim. Taxılı olmuyana taxıl verdirirdim, pulu olmuyana pul verdirirdim. Nə lazımdısa, mən eliyirdim. Gejə vəzirrihdən evə gələndə gəlirdilər, kətçi camaat idi da, çağırırdılar, dərdini deyirdilər, əlac eliyirdim, gedirdilər. Genə getdim, deyir, soyundum paltarımı, çörəhdən-zaddan yedim, söykənmişdim, gördüm darvaza döyülür. Darvaza döyülən kimi durdum əbanı saldım çiynimə ki, çıxım görüm kənt camaatınnan kimdi da, niyə gəlir. Arvadım qoymadı. Dedi: “Belə hara çıxırsan. Sən paltarını geyin, xançalını qurşa belinə, mən atını yəhərriyif gətirərəm”. – “Ay arvad, kənt camaatınnan olajax, qoy görüm kimdi”. Dedi: “Yox”. Paltarımı geyindim, deyir, xançalı vurdum belimə, çıxdım ki, arvad atı yəhərriyif gətirif. Üzəngini basdı, deyir, mindim. Arvad darvazanı aşdı, baxdım ki, bir qara paltar atın belində bir adamdı. Buna “salam məlöyküm” deyəndə, dedi ki, nə salam məlöyküm ə, atı dalımca sür. – “Ə, mən qəni pəhlivanam, mənim qolumu kim qatdıya”. Sür, sür. Sürdüm.
Getdih, deyir, şəhərdən çıxdıx. Şəhərdən çıxanda mən dedim: “Ə, mən bunun dalına düşüf hara gedirəm. Mən qəni pəhlivanam, təpəsinə bir xançal vurum, ölsün”. Şah Abbas, xançalı çəkdim belimdən, aldım əlimə. Atı qamçıladım, buna çatdım, ayağımın biri üzəngidə bunun təpəsinən bir xançal. Qayıtdı maa dedi ki, əyə, yekə kişisən, adın-sanın var, vəzirsən. Niyə uşax-uşax iş tutursan? Atı dalımca sür. – “Bıy, əyə mənim xançalım buna dəymədi?” Sür, sür. Genə sürdüm.
Bir xeylağ sürənnən sora dedim, əlbət xançal yaxşı tutmuyuf dana. Bir də buna bir xançal çəkəndə mana ajıxlandı. Mana ajıxlandı ki, yekə kişisən, sana bayax dedim ki, adın-sanın var, niyə uşax iş tutursan ə, dalımca atı sürəmmirsən. “Allah sən saxla” deyif, sürdüm. Sürdüm, amma bunnan qorxdum. İki dəfə xançal çalmışam. Getdi girdi bir meşənin içinə. Dedi ki, sənin evini də tanıyıram, özünü də tanıyıram. Qaşsan səni öldürəjəm. Burda düş. Bax, mənim atımın tərkindəki qızıldı bir xurcun. Burda düş, atı da verirəm sana. Burda dur məni gözdə. Bir kora işığ gəlir meşənin içinnən. Bax, mən gedəjəm o işığ gələn yerə. Orda mənim düşmannarım var, onnan vuruşmağa gedirəm. Mana sənin səsin lazımdı. Onnar bilsin ki, mənim dalımca adam gəlir. Sənə ayrı şey demirəm. Dur burda, mənim ordan nərəm gələndə mənə səs ver. Denən gəldim, vur gəldim. Mən sənin səsinə onnarı qırajam. Getdi deyir. Bunun atını aldım saxladım. Özüm-özümə deyirəm: “Ay allah, qaçajam, yerimi bilir, yurdumu bilir. Gəlif məni öldürəjəh. Mən nətər eliyim?” Qaşmadım.
Deyir, otdum gözdədim, gözdədim, bir azdan sora gördüm bunun səsi gəldi. Buna dedim: “Vur gəldim”. Bərkdən çığırdım, üş dəfə səs verdim. Durdum gözdədim. Gözdədim, gözdədim, gördüm gəlir. – İndi bunu Şah Abbasa deyir ha, fikrinnən çıxarma. Gərəh söypəti düz götürəsən. – Şah Abbas sağ olsun, gəldi çıxdı. Baxdım ki, bir xaral başdı. Kəsif yığıf xarala, gətirif. Atı mindi, maa dedi onu qaldır ver. Əlimi atdım ağzına, mənim kimi adam zornan onu qaldırdım bunun qucağına verdim. Bir xeylax gəldi meşənin içiynən, orda saxladı, dedi:
– Atı da verirəm saa, bax, bu xurcunnan da bir qızıl, halalın olsun. Bunnan sora maa lazım döyülsən.
Başı götdü, deyir, bir xaral başdı. Bu, belə çıxdı, mən gəldiyimiz yolnan getdim. Bekara dayanmışdım. Birdən ağlıma gəldi ki, əyə, mən bunnan hal almamış hara gedim. Görüm bu kimdi, nətər adamdı, niyə belə eliyir. Şah sağ olsun, atı tez bağladım ağaca, bu getdiyi yernən getdim. Getdim ki, bura qəbirstannıxdı. Bunun əmisi oğlu buna nişannı imiş. Əmisi oğlunu düşmannar öldürüf. İndi bu əmisi oğlunun qanını almax üçün kömək gətirirmiş özüynən ki, elə səsini versin, onnan qorxsun, öldürsün. Deyir, başı tökdü qavırın üsdünə. Dedi ki, əmi oğlu, qanı aldım, innən belə ölsəm, daa dərdim yoxdu. Xançalın götünü qoydu qavırın üsdünə, isdədi üsdünə yıxıla, daldan bunu yığışdırdım. Qayıtdı baxdı mana, dedi ki, niyə çıxıf getməmisən? Sənə demədim çıx get. Baxdım ki, bir arvad xeylağı. Dedim: “Ay xanım, bəs axşamnan bəri məni əsir-yesir eləmisəm, sənnən mən halı bilməmiş nətər gedim?” Dedi: “Mənim sirrimi heş kəs bilmirdi, sən bildin. İndi ixdiyarım keşdi sənin əlinə. Neyniyirsən elə”. Mən deyir onu götdüm gəldim evə, mollanı gətdim kəbinini kəsdirdim. Eşidirsən, deyir. Bax, Allahverdi xan vəzir həmin arvatdandı. Heylə də arvad var, Şah Abbas sağ olsun, belə də arvad var. İndi bir-iki kadınnan ötəri sən bu milləti niyə qırdırırsan? Sən yaratmamısan axı onu.
Onun sözüynən Şah Abbas Allahverdi xan vəzirə dəymədi.
Göydən üç alma düşdü. Biri mənim, biri nağıl deyənin, biri də Musanın.
Dostları ilə paylaş: |