40. TACİR BƏHLUL
Bəhlul Danəndənin bir qardaşı vardı Bağdadi-Xəlifə, padşah idi. Bu Bəhlul da qarğıdan at minirdi, nə bilim nə söylüyürdü, danışırdı, ona əysihlih gəlirdi. İki tacir alverə gedirdi. Padşah çağırdı yannarına. Dedi ki, ə, bu Bəhlulu da özünüznən aparın, tanımadığınız bir şəhərdə qoyun, gəlin. Daa bu mənim canımı xirtdəyimə yığıf. Xəjalət çəkməhdən ölürəm. – Amma xəjalət də döyüldü ey, Bəhlul düz danışırdı, savatdı idi. – Bəhlula deyir ki, ə, Bəhlul, bu tacirrərnən sən də get da. Axşamatan burda bekar-bekar gəzirsən. Get sən də satdığını sat, al gətir. Bəhlulun da ağlına batır, deyir:
– Qardaş, get deyirsən gedim, amma mən un aparajam.
Üyütdü, hazırratdı, yeddi qatır yükü unu hazırratdı. Tacirrər gedəndə Bəhlulu da apardılar. Getdilər, nejə bizim bu asfalta çıxan yolumuz kimi yolnan gedirdilər. Bir meşə vardı, meşənin də o üzü dərya idi. Xeylağ getmişdilər. Üş-dörd gün yol getmişdilər. Tacirrərdən birinə dedi ki, biz qayıdanda bu yolu qayıdajeyih? – İndi hara getdiyini hələ bilmir də. – Dedilər: “Hə, senterni yer buradı. Kim hardan gəlsə bu yola çıxajax, burdan gedəjəh”. Yavaşcadan qatırrarı qaytardı meşəyə, dedi:
– Onda siz gedin, harda satırsınız satın, alın gəlin. Mən alverimi burda eliyəjəm, sizi də gözdüyəjəm.
Dedilər:
– Ə, Bəhlul, burda nə var? Şəhər yox, kənd yox. Quleybani yerdi.
Dedi ki, o sizə qalmıyıf. Mən sizə deyirəm hara gedif hardan gəlirsiniz? İntaası gələndə məni də burdan götürüf gedərsiniz. Qatırrarı qaytardı, yükünü aldı. Bunnarın da biri dedi ki, ə, gəlin çıxıf gedəh ey, cəhənnəmə getsin. Getmir getməsin, duruf ona yalvarmıyajayıx.
Onnar getdi, bu qaldı burda. Aşdı qatırrarın yükünü. Allahdı dana. Gətdi nağardı. Bu unnarın bir-bir ağzını aşdı, xamır elədi, tökdü dəryaya. Balıxlar yedi. Balıxlar az qaldı çölə çıxa. Tökürdü, qayırırdı, tökürdü, burdan yeyirdilər. Bir gün getdilər balıxlar padşahının yanına. Dedilər ki, bir oğlandı orda bizi yaman yedirdir. Da başımızdan yuxarı yeməh verif.
Balıxlar padşahı deyir:
– Siz ona nə verirsiniz?
Deyir:
– Vallah, bizim nəyimiz var nə verək ona.
Deyir:
– Madam heylədi, heylədi. Siz də xəzinədən adama bir qızıl götürün aparın, balıx çox, qızıl çox, tulluyun çölə, qoy onu götürsün.
Balıxlar heylə elədi. Qızıldan gətdilər. Bəhlul gördü ki, balıx qızıl tulluyur çölə. Götdü qızıldan bir az komalıyannan sorasına ağlına gəldi ki, bunu mənim yanımda gəlif görən olsa, məni öldürüf əlimdən alar, yaxud tacirrər bilsə, gənə məni öldürəllər də. Gətdi bu malın peyininnən yığdı, balaca-balaca koka qayırdı, hərəsinin içinə bir-iki dənə ləl qoydu. Sərdi günün qabağına, qurutdu, yığdı meşoğa. Gətdihləri meşoğun hamısını heylə təzəhnən doldurdu, hərəsinin içinə iki ləl qoydu. Bir də gördü ki, tacirrər gəlir. Görüşdülər elədilər.
– Ə Bəhlul, noldu, niyə qaldın burda? Nağardın, nə iş gördün?
Dedi:
– Alver elədim dana, nə iş görəjəm.
– Ə, burda alver var? Nə alver elədin? Nə aldın?
Dedi:
– Təzəhdi.
– Ə, – dedi, – sən öl, şah bizi biyabır elijəh, apar tök, neynirsən onu. Təzəh tapılmır orda?
– Ə, – dedi, – nə dərdinizə qalıf? Sizə deyirəm nə alıf nə gətirifsiniz? Mənim də alverim belə tutuf dana.
Qatırrarı yüklədilər, düşdülər yola, gəldilər. Hava soyux idi, yolda bular üşüdü. Həm də çörəh yeyəjeydilər. Dedi:
– Bəhlul, təzəhdən gətir bir ojax qalıyax, elə çörəh də qızdırax yeyəh, həm də qızınax.
Dedi:
– Ay qardaş, mənim alverimdi, onu pay verə bilərəmmi?
Dedi:
– Ə, orda o qədərdi, meşoxnan yığıf gətirif verəjəm saa dana.
Dedi:
– Yox, onda gəlin daqavorraşax.
Götürdü yazdı ki, filankəsə iki təzəh verdim, filankəsə iki təzəh verdim. Qol çəkdirdi bulara. Qaladılar, çörəh qızdırdılar. Yedilər elədilər, qızındılar. İçində qızıl var idi dana. Təzəh yandı, qızıl töküldü ora. Bunu da götdü Bəhlul. Onnar bilmirdi axı. Bəhlul götdü bunu da. Getdilər. Aralandılar, hər kəs öz evinə getdi. İndi Bəhlul da getdi.
Bayaxdan qardaşı axı bunu azdırmağa göndərif. Bağdadi-Xəlifə gördü ki, budu, Bəhlul gəlir.
– Ə qardaş, nədi alverin?
Dedi:
– Təzəhdi.
– Ə, – dedi, – Allah səni biyabır eləsin. Camaat gedir al-qumaş alır gətirir. Təzəyi neynirsən ə, buralarda yoxdu təzəh?
– Ə, – dedi, – sənin nə dərdinə qalıf ey. Mən də heylə alver eliyirəm. Atamızın evinin birini ver mana, mən alverimi yığım ora.
– Ə, – dedi, – apar tök çölə, heş kəs görməsin.
– Ə, – dedi, – hara töküm çölə. Atamın evinin birini maa ver da, nolar.
Nəysə, birini verdi buna, bu təzəyi yığdı bura. Üş günnən sora tacirrər gəlirdi, padşahın daxodunu verirdi. Tacirrər gələndə bu da təzəyin birini götdü getdi. Dedi ki, qardaş, bunnar mana hərəsi iki təzəh boşdudu. Onu hesabladax, pulumu versinnər. Qardaşı da bunu təpihliyir ki, ə, çıx get ayna, düzü-dünya təzəhnən dolu döylü? Təzəyi belə qıranda ləlin ikisi sıçradı düşdü yerə. Baxdılar ki, iki ləl var burda. Dedi:
– Qardaş mənim təzəyim bu təzəhdəndi. Hərəsinin içində iki ləl var. Dörd dənə ləl vermişəm bulara. Çağır hesablat gör neçə eliyir.
Bu ləl qiymatdı ləl idi, dəryada olan ləl idi. Çağırdılar zərgəri, qiymat qoydu. Tacirrərin bu dəfə elədihləri alverin hamısını padşah aldı verdi Bəhlula. Ləl heylə qiymatdı ləl imiş. Həm də padşah gördü ki, bu təzəyin içi ləldi.
– Ə Bəhlul, bunu nətər elədin?
Dedi:
– A qardaş, onu heylə eləməsəm, bunnar məni öldürüf əlimdən alardılar. Amma görəndə təzəhdi, heş kəs bir söz demir.
Ordan padşahın üzü gülür. Bu yeddi qatırın yükü ləldi. Onnan sora Bəhlulu çox isdiyir.
Dostları ilə paylaş: |