Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə138/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   134   135   136   137   138   139   140   141   ...   197
47. ƏDALƏTLİ QAZI
Bir gün Şah Abbas camaatın vəziyyətini örgənməh üçün durur dərvişlibas oluf kəndbəkənd, şəhərbəşəhər gəzir. Gəlir çıxır bir şəhə­rə. Qazının oturacağının yanında oturur. Dərvişdi, buna kim nə deyə bilər? O vaxdı dərvişdər müqəddəs adam oluf. Bu oturmaxda olsun, bu şəhərin də böyüh hasarı varmış. Gejə hasardan çöldə kim qalırmışsa, onu vəşi heyvannar yeyirmiş. Bir kişi də öz arvadıynan şəhərə gəlir. Görür yolda səs gəlir. Baxır ki, bir invalit kişidi. Deyir ki, yazıxdı, bunu götürəh aparax şəhərə, şəhərdə düşürəh da, qurd-quş yeməsin. Bunu mindirillər ulağın belinə. Gəlillər girillər şəhərə. Bu qazının idarəsinin qavağınnan keçəndə deyir:

– A dayı, biz başqa səmtə gedirih.

Deyir:

– Nətər?

Deyir:

– Düş da ulaxdan.

Deyir:

– Mən şikəstəm, bunnan yaşıyıram, mənim ulağımı da əlimdən alırsan?

Deyir:

– A qardaş, axı sən qalmışdın orda, səni qurt-quş yeməsin deyə ulağa mindirdim gətdim bura.

Deyir:

– Yox.


Səsə-küyə idarədən qazı bir adam göndərir. Gəlillər bunu aparıl­lar. Bular içəri girəndə görüllər ki, bir dənə qəssabdı, bir də bir qolu­zor­ru adamdı. Qəssabın sinəsində döşdüyü var, burda civi. Qəssab deyir:

– Ay qazı, bu mənim əlimnən pulumu almax isdiyir, güjüm çatmır.

Deyir:

– Otur.


Bir az keçənnən sora görüllər ki, bir çobandı, bir də bir qız uşağıdı, tutuf əlinnən gətirir. Bir də bir məəllimdi. Çoban deyir ki, qız mənimdi, məəllim də deyir yox, mənim qızımdı. Deyir:

– Yaxşı, aparın.

Qəssaba deyir ki, ə qardaş, pul sənindi? Deyir:

– Hə.


Deyir:

– Bir qazan isdi su gətirin.

Onda da dəmir pul idi da hamısı. Bir qazan isdi su gətirillər. Qolugüjdüyə deyir ki, sənin civində pulun var? Deyir:

– Hə.


Deyir:

– Sən pulu qoy bura.

Qəssaba deyir:

– Sən də qoy bura.

Bir qazan isdi su gətirillər. Qəssabın pulunu töküllər suya, görül­lər suyun üsdü yağ oldu. Bunun da pulunu tökür, görür bunda yağ işarası yoxdu. Deyir:

– Ə, get, belə işnən qazanmax olmaz. O pul qəssabındı. Çünki pulu verəndə əli yağlı-yağlı alıf atıf ora.

Məəllim deyir ki, mənim qızımdı, çoban deyir ki, mənim qı­zım­dı. Siz görməzsiniz, qabaxda yun daramax üçün dəmirdişdi darax­lar olurdu. Arvatdar qoyurdu onu dizinin altına, yunu onnan darı­yırdılar. Tez deyir bura darax gətirin, bir də pıtraxlı yun gətirin, bir etajerka da kitab gətirin. Gətirillər. Etajerkanı qoyur ora, qıza deyir:

– A qızım, bu yunu dara da.

Qız əlini pıtrağa vuranda pıtrax da çox tikannı olur, bunun əlinə batır. Qəsdən kitab rəfini itəliyir yıxır. Kitablar dağılır. Deyir:

– A qızım, a qızım, bunu yerinə yığmağa kömək elə.

Görür ki, qız durur, məsələn, Nizaminin, Füzulinin əsərlərini, filan əsərləri böyür-böyürə yığır. Cəllada deyir:

– Çobana beş-on dənə vurun, yola salın, qız məəllimindi. Görürsən o əlini pıtrağa vura bilmədi. Çünki o örgənmiyif. Amma çobanın öz qızı olsaydı, pıtrağı diliynən də təmizdiyərdi.

Şah Abbas da burda qulax asır dərviş libasında. Deyir:

– Nə qəşəh adil adamlar var ey mənim məmləkətimdə. Xalqın qaydına qalan, xalqın tərəfini saxlıyan yaxşı adamlar var.

Nəysə, qalır bu qoja kişi. Bu ulax sahibinnən bu qoja kişini aparıf hərəsini bir otağa salıllar, hərəsinin də qapısına bir dənə nəzarətçi qoyullar. Deyillər:

– Qulağ as, kim nə danışsa, onu deyərsən bizə.

Səhər açılır, qazı gəlir oturur yerində. Şah Abbas da gəlir ki, görüm bunu nətər həll eliyəjəh. Qapıda durannan xəbər alır ki, nə eşitdin. Deyir:

– Arvad dedi ki, Allah boynunu qırsın, eşşəh idi, isdədi, is­dədi, verəydin da. İndi namusum da əldən gedir. Sübut eliyə bil­mirsən ki, arvad sənindi. Qoja da deyir ki, bir şərdi da, atmışam. Ya eşşəh qalajax mana, ya da arvad.

Qazı eşşəh sahibinə deyir ki, bunu nətər oldu gətdin. Deyir:

– Vallah, bilirsən də, şəhərdən kənarda kim qalırsa, onu vəşi heyvannar yeyir. Bunu da vəşi heyvannar yeməsin deyə mənim yazığım gəldi, dedim aparım, şəhərə gedər bir yerdə daldalanar. İndi üzdən irağ, uzunqulağı yox, deyir ki, arvad da mənimdi.

Buna da bir-iki kötəh vuruf yola salır. Onnan sora Şah Abbas deyir ki, mən özüm yaxşıyam ki, mənim vilayətimdə olan insannar da camaata yaxşı xidmət eliyillər.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin