10. BƏHLUL OLMAĞIN BƏDƏLİ
Biri deyir ki, mən də Bəhlul olmax isdiyirəm. Deyir:
– Get ayın-oyunu sat, gəl.
Ayın-oyununu satıf gəlir. Hərəsi qarğıdan bir at minif gedillər. Böyüh bir çayın üsdünnən keçəndə çayın ortasında Bəhlul dayanır. Deyir:
– Bəhlul, get dana.
Deyir:
– O torbada pul var ey.
Deyir:
– Nədi?
Deyir:
– Torbanın ağzını aç, çaya tök, getsin.
Deyir:
– Bura bax, ay Bəhlul, bunu yaman gün üçün saxlamışam.
Deyir:
– Ə, Bəhlul olmax isdiyirsənsə, aç boşda, getsin.
11. BƏHLULNAN ŞƏYİRDİ
Biri gəlir ki, Bəhlul, sənin sənətini örgənməh isdiyirəm. Bəhlulun yanında qalır. Beş ilə örgənməli idi, dörd il tamam olanda deyir:
– Yox ey, mən Bəhlulam.
Deyir:
– Axı sənin hələ bir ilin var?
Deyir:
– Heylə şey yoxdu.
Bu aralanır gəlir bir kəndə çıxır. Görür ki, camaat çay-çörəh yeyir. Deyir:
– Ay camaat, bax, o bulağın suyunnan işmiyin. O sudan hər kim işsə öləjəh.
Bunnar da gəlif görüllər ki, bulağın başında bir çoban yatıf. Çoban durdu, ağzını dirədi o bulağın suyunnan işdi, möhkəm gərnəşdi, çıxdı getdi. Bəhlulun şəyirdinin boğazına kəndiri salıllar. Bəhlul gəlir ki, şəyirdi asıllar. Deyir:
– Niyə asırsız onu?
Deyir:
– Ə, bu deyir o bulağın suyu zəhərdi, işmiyin, amma o çoban işdi, ölmədi.
Deyir:
– Hə, düz deyir, o bulağın suyu zəhərdi, amma bu bədbaxt oğlu bilmir ki, o çoban sudan işdi, qatığı işdi, möhkəm də gərnəşdi. Zəhər hamısı parçalandı. Başqa adama verin işsin, görün parçala-najax, parçalanmıyajax.
Verillər, içən kimi ölür. Deyir:
– Ə, bədbaxt oğlu bədbaxt, saa demədim, sənnən hələ Bəhlul olmaz. Sənin bir ilin qalıf, bir il də örgən, onnan sora ol Bəhlul.
Dostları ilə paylaş: |