17. QIZI UDAN ƏJDAHA*
Şirvan tayında bir oğlan olur, əmisi qızıynan sevişir. Əmisi qızını buna vermillər. Bu, qızı da götürür, Lənbəranın tuşunda “Bıçaxçı” deyillər, böyüh qoaxlığ oluf, gəlir ora. Ələkbərov Məhəmməd qaçaxçılıx eliyirmiş. Lənbəran qaçax-quldur yeri imiş. O danışırdı ki, gördüh bir oğlan vəşi kimi, saç-sakqal, tük basıf, böyürdən çıxdı.
– A bala, nədi bu, nə gəzirsən, kimsən, nəçisən?
Dedi:
– Vallah, əmim qızınnan nişannı idik. Vermədilər, gəldik çinarın divində məskən salmışdıx. Dedim əmiqızı, sən uzan, mən gedim su gətirim. Gəldim su gətirməyə. Qayıtdım ki, bura qədər əjdaha soruf. Belimdə xançalım var. Əjdaha da sorduğu ovu zəhərrəməz, diri udar. Əmim qızı dedi ki, əmioğlu, mana heş-zad eləmiyifdi, salamatam. İntaası, məni sıxır, incidir. Xançalı belə dolayı ver bunun ağzına, məni sorduxca bunun ağzını cırsın, ölsün.
Deyir, mən dondum, tərpənə bilmədim. Əmimqızı dedi ki, yaxşı, sən eləmirsən, xançalı ver mən özüm tutum. Deyir, gənə cürətim çatmadı, dondum. Axırı əmimqızı dedi:
– Sənin təki namərdnən olmaxdansa, qoy aparsın əjdaha məni.
Qolunu belə elədi (söyləyici qollarını qabağa uzadır – top.) guppultuynan getdi ilanın qarnına. Yeyənnən sora dolandı ağaca, şakkaşak sümüyün qırdı. Ona görə gedə bilmirəm öz kəndimə. Gəlif çıxmışam bura.
18. CANAVAR QIZ
Bir oğlan öküz arabasınnan gəlir. Qalatəpədə su dəyirmanı vardı. Mən orda bir həftə, on gün dən üyütmüşəm. Gələndə dəyirmançı deyir ki, bala, üzdən irağ, burda başında noxda bir canavar peyda olur. Deyəndə deyir:
– Ə kişi, nə danışırsan sən? Camaatın dənin yığmısan bura, canavar nədi?
Deyir:
– Saa deyirəm bala, dəyirmanın suyun buraxmışam, axşam düşəndə mən dəyirmanı bağlıyajam.
Deyir:
– Sən yeri get.
Öküzün boyunduruğun açır, taxılı yığır içəri. Başdıyır suyu buraxır, dəyirman işdiyir. Bu dəyirmanın içində ojağ qalıyır, çörəh yeyir. Qavaxda çual idi. Bunnan üş-dörd meşoğun yığır qapının dalına. Dəyirman işdiyir. Bu çörəh yediyi yerdə görür qapı basılır. Deyir:
– Ə, bu nətər şeydi? Mən bura dörd meşoğ qoymuşam, qapı basılır.
Görür, yox, qapını bərk basıllar, üsdəki çual dığırranır. Su dəyirmanının donuzduğu olur aşağıda, pərinə baxmax üçün. Bu girir donuzduğa. Canavar başında noxda gəlir çörəyi yeməyə. Qavaxlarda çox adamlarda olurdu. Bu oğlanın da bu uzutdaxda xançalı vardı. Oğlan xançalı çıxardır, yavaşcadan çıxır, qəfildən tutuf noxdanı kəsir. Kəsəndə bu, qadın səsi çıxardır. Oğlan özünnən gedir. Hannan-hana bunun üzünə şapalax-zad vurullar. Gözünü açanda görür yetişmiş qız uşağıdı. Oğlan bir də gedir özünnən. Ayılanda qız deyir ki, otur. Deyir ki, dəyirmançı düz buyuruf. Neçə illərdi Allah-tala tərəfinnən maa belə ejir verilif. Axşam yatanda noxda salınır başıma, mən oluram canavar, dadanıram bura. Düz deyir onu dəyirmançı. Oturullar, bular əhd-peyman eliyillər. Dəni üyüdür qutarır. Qız yaxın kəntdə olurdu, onu götürür aparır.
Səhər açılır, dəyirmançı görür oğlan da salamatdı, dəni də üyüdüf. Deyir:
– Ə bala, bəs canavar gəlmiyif?
Deyir:
– Ay dayı, əgər canavar vardısa, çöldə mənim öküzümü tutuf yeyərdi, məni neynirdi? Yeməlidi, öküzü yeyərdi da. Mən canavar-zad görməmişəm.
Deyir:
– A bala, mən gözümnən gördüyümə inanım, sən dediyə inanım?
Deyir:
– Mən də saa deyirəm da. Gəlmişdi öküzü yeyərdi, məni niyə yeyirdi, dəyirmana niyə girirdi?
Nə qədər eliyir, dəyirmançı inanmır. Ununu götürür gedir. Qıza elçi gəlir, qızı aparıf yaşıyıllar.
Dostları ilə paylaş: |