33. BƏYNƏN SÜD QARDAŞI OLMUSAN
Bir bəy oluf, bərk xəsdəliyə tutulufmuş. Buna türkəçarə həkimlər deyiflər ki, sən eşşəh südü işməlisən. Yazda da təzə doğmuş heyvan xəsil yeyər da. Bəy süd işməhdən ötrü gərəh xodux da yarıya, süd də artıx qala ki, onu da bəyə verələr. Xoduğu da buraxıflar xəsilin içinə. Xodux ayna-bayna okqədər hopanırmış ki, bəy də azarı adam imiş, qıraxda oturufmuş. Xodux gəlif bunun qavağında bir belə şıllax vurur, bir belə şıllax vurur. Hirsdənir axı, dözəmmir. Deyir:
– Niyə şıllax vurmuyasan. Xəsilin içində yeyirsən, üsdəlih bəynən də süd qardaşı olmusan.
Dostları ilə paylaş: |