Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə22/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   18   19   20   21   22   23   24   25   ...   197
26. DAVUD PEYĞƏMBƏR
I mətn

Bax, orda zindan var (həyətindəki zindanı göstərir – top.), Həzrəti Davud peyğəmbərin zindanıdı. Bax, o zindan hakkı. Bir günnəri Həzrəti Davud peyğəmbər o zindanda çəkişnən işdiyif çörəh qazanırmış. Bir nəfər gəlif deyir:

– Ya Həzrəti Davud!

Deyir:


– Nədi?

Deyir:


– Çəyirtkə yer üzünü alıf, bütün taxılları apardı. Bu camaat nə yeyəjəh?

Davud peyğəmbər deyir:

– Əşi, çəyirtkəni mən yaratmamışam ha. Yeyir yeyir da, mənnih bir iş yoxdu.

Bu söz bunun ağzınnan çıxanda çəyirtkə özünü verir zindana. Zindanın bir qulağını yeyir. Odur ki, zindan tayqulaxdı. Həzrəti Davud peyğəmbər baxır görür ə, bu zindanı yeyif qutardı. Bu, savah nəynən camaatı yola salajax? Dedi:

– Yarəbbi, bir qələtdi eləmişəm. Sən varsan, sən nə desən eliyərsən.

Toba, əstəfirlax elədi. Nardan çalğı qayırdı, getdi çəyirtkənin harayına. Orda onun bu hərəkətinnən Allah-talanın xoşu gəldi, Həzrəti Süleyman peyğəmbəri ona oğul verdi.


II mətn

Allah-tala Davud peyğəmbərə o qədər var-variyət, mərhəmət vermişdi ki. Şeytan Allah-talaya şikayətlənir ki, Davud peyğəmbərə bir belə vermisən deyə səə şükür eliyir. Allah da deyir ki, mən neynəsəm Davud peyğəmbər mənnən şükrün kəsmiyəjəh. Deyir:

– Onda onun oğlannarın varın-döylətin əlinnən al, görəh gənə səə şükür eliyirmi?

Allahın hökmüynən bunun yeddi oğlu varmış, oğlannarı bir-bir öldühcə, Davud peyğəmbər deyir:

– Şükür, Allah, sən vermisən, sən almısan.

Var-döyləti də gedir, bütün nəyi varsa, hamısı gedir, canı da, xəsdə düşür. Gənə də deyir:

– Şükür, Allah, sən vermisən, sən alırsan. Məslahat sənindi.

Allah-tala deyir:

– Gör, buna bu qədər zəlalət verdim, gənə şükrün mənnən kəsmədi.

Gətirir axır-axırda Süleyman peyğəmbərtək evladı ona qismət eliyir. Deyir sənnən aldıxlarımı Süleyman peyğəmbərin vasitəsiy-nən səə verəjəm. Süleyman peyğəmbərə o qədər bilik, elm verir ki. Ona da bir dənə üzüh qismət eliyir ki, bütün dünyanın tilsimi o üzüyün qaşına həkk olunufmuş. Bütün bəşəriyyətin hamısının dilin Süleyman peyğəmbər bilir.

Bir gün Süleyman peyğəmbər saxsağanı çağırır, deyir:

– Ey saxsağan, gedərsən dünya üzün gəzif ən gözəl quş balasın mənə gətirərsən.

Saxsağan gedir, gəzir dolanır. O qədər gözəl quş balaları var – göyərçin balası, bülbül balası. Gəzir, deyir:

– Yox ey. – Saxsağanın da balasını bilmirəm görmüsüz, görmə­misiz? Pis, yolux-molux, qotur-motur balası olar. Yumurtadan sifdə çıxanda boğazı tühsüz, eybəcər balası olar. – Dünyada öz balamnan gözəl bala yoxdu. Peyğəmbərə layax budu, qoy bunu aparım.

Öz balasını alır qanadına, gətirir peyğəmbərin qavağına qo­yur. Deyir ki, ya peyğəmbər, vallah, dünyanı gəzdim, bunnan gözəl quş balası tapmadım. Sənə layax olan quş balası ancax budu. Süley­man peyğəmbər deyir:

– Ey dili-qafil, bütün cannıya öz balasınnan əzizi yoxdu. Bunnan da eybəcər quş balası yoxdu, amma anasının gözündə nətər oluf ki, mənə layax bunu bilif.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin