86. İLANLARA QƏNİM KƏSİLƏN KİŞİ
Bir kişinin var-yox bir oğlu vardı. Çöldə yatdığı yerdə bir ilan bu kişinin oğlunu vurdu öldürdü. Bir oğul idi dana. Kişi ağladı, neynədi. Dedi ki, nə qədər yaşıyıram ilan öldürəjəm, ilannarı qırajam, mənim bir oğlumu əlimdən aldılar. Harda ilan görürdü öldürürdü. Dedi ki, ilan məni vurar da. Dəmirdən paltar tikdirdi, geydi. Dedi, da ilan məni hardan vurajax, dəmirin içindəyəm. Süleyman peyğəmbər çıxdı bunun qabağına, dedi:
– A kişi, ilannarı niyə qırırsan? Saa kim icazə verif?
Dedi:
– İlan mənim oğlumu niyə vuruf öldürüf? Bir oğlum var idi. Mən də ona görə nə qədər yaşıyıram öldürəjəm.
Dedi:
– Qorxmursan ilan səni vurar?
Dedi:
– Ə, ilan mənim haramnan vurajax, hər yanım dəmirdi.
Dedi:
– Burda dur.
Süleyman peyğəmbər bir ilan çağırdı. Dedi:
– Havaxtan havağa su içirsən?
Dedi:
– Üş günnən bir içirəm.
Dedi:
– Bunun əynindəki paltarı əridə bilərsən?
Dedi:
– Yox, güjüm çatmaz.
Başqa birini çağırdı. Havaxdan havağa su içirsən? Həftədən həftəyə, aydan-aya. Bunu əridə bilərsən? Dedi:
– Yox.
Birini çağırdı. Çox çətinnihnən çağırdı gətdi. Dedi:
– Havaxdan havağa su içirsən?
Dedi:
– Mən su tanımıram.
– Bu kişinin paltarını əridə bilərsən?
Dedi:
– Hə, niyə əritmirəm.
Nəfəsini verdi, bu kişinin əynindəki paltarı əritdi tökdü yerə. Dedi:
– Kişi görürsən? Səni ilan elə vurar ki, heç özünün də xəbərin olmaz. Allah məslahat verifdi, o da vurufdu. İlannarı niyə qırırsan? Sən yaratmısan?
Onnan sora kişi qorxusunnan qayıdıf.
Dostları ilə paylaş: |