92. ARXAM BOŞDU, ONA GÖRƏ AĞLAYIRAM
Bunu mən Natfalan sanatoriyasında da dedim. Çalğı-zad vardı, hərə ata haqqında öz sözünü deyirdi, onda mən də bunu dedim. Dedim ki, ata-bala olur. Deyir:
– Ay dədə, gəlsənə bir at çapax.
Deyir:
– Çapax dana, ay bala.
Nəysə, minillər dədə-bala hərəsi bir ata. Bular dədə-bala at çapajaxlar. Oğlu ata minən kimi atı tərpədir. Atası daldan gələndə bu, qaxqanax çəkif gülür. Deyir:
– Ay dədə, qaldın geridə, mənim atım keşdi.
Deyir:
– Hə, neynəh bala, sən cavansan. İndi ay bala, gəlsənə bir yalayatma çapax.
Deyir:
– Ay dədə, o yalayatma nədi?
Deyir:
– Görəssən də, ay bala.
Nəysə, yola çıxıf çapıllar. Kişi yəhərin qaşına yatır, atını buraxır dana. At çıxır gedir, oğlan qalır geridə. Axı bayaxları bu kişi geridən gələndə bu, qaxqanax çəkif gülürdü. İndi də kişi gedif, bu qalıf dalda. Kişi gələndə bu, başdıyır ağlamağa. Deyir:
– Ay oğul, bayaxları güldün, bəs indi niyə ağlıyırsan?
Deyir:
– Ay dədə, mən o zaman geri baxanda gördüm arxamca sən gəlirsən, arxamda sən varsan. Amma indi sən çıxdın getdin, mən geri baxdım ki, arxam boşdu. Bax, ona görə ağlıyıram.
Orda (sanatoriyada keçirilən məclisdə – top.) bu sağlığı dedim.
Dostları ilə paylaş: |