104. DÜLDÜL PİRİ
Füzulidəydi. İri, yekə bir daşıydı. Bir dəfə getdih gəldih. Onun da ortasında iri çala varıydı. At adıdı Düldül. Deyillər guya hansısa imamın atı oluf. Çox adam gedif fırranırdı ora. Heyvan hərriyirdilər, pul nəzir qoyurdular.
105. QEYRİ-MÜƏYYƏN ŞƏXSLİ ÖVLİYALAR
I mətn
Gəlif durmuşdux Saatlıda. Bir kişi nağıl elədi. Dedi, burda bir seyid arvadını döydü, Arazın qırağında. Bax, bı yoldan arvat gəlif özünü Araza atdı. Paltarı qoymadı arvadı batmağa. Amma su aparır bını. Seyid gəldi çəliyini vırdı yerə, Araza dedi: "Mənim arvadımı hara aparırsan sən?" Araz ikiyə bölündü. Arvad çıxdı quruya. Onnan sora Araz təzədən qarışdı. Başdadı axmağa.
II mətn
Bizim kəndin qırağında bir ojax varıydı. Bı ojağın böyründə ona yaxın olan bir əv varıydı. Bı əvin kişisi bir gün bir vedrə su götürər, vannasını götürər, gedər o ojaxda yuyunar. Ojağın da qırağını daşdarnan hörmüşdər, daldanacax olmuşdu. Deyər gedim orda bir suya girim, gəlim. Gedif girif çimir. Bı gəldi altı ay yatdı. Altı aydan sohra dədəm bına dedi ki, get o ojağın başına hərrən, öp o ojaxdan. Bı getdi dolandı, öpdü ojaxdan. Sağaldı. Sohra dedi ki, gedif daş gətirif ojağın dağılan yerrərini də hördürəjəm. Elədi. Yaxşı da oldu.
İndi bala, ojax, ojax, bir də ojax. O, günah eləmişdi. Ojaxda çimmişdi. Getdi hərrəndi, gəldi, altı ay yatannan sohra yaxşılaşdı.
Dostları ilə paylaş: |