AŞIQ RƏVAYƏTLƏRİ
108. SARI AŞIQ
I mətn
Bir gün Sarı Aşığın yolu dağlara düşür. Bir çobanın evində qonaq qalmalı olur. Sən demə, çobanın bir neçə qoyunu quzulayıbmış. Evin xanımı təzə sağdığı süddən kətəməz bişirir. Süd bişdikcə bərkiyir. Bunu görən aşıq deyir:
Mən aşiqəm, buz bağlar,
Çaylar, sular buz bağlar.
Bu gün bir əcaz gördüm,
Od içində buz bağlar.
II mətn
Bir dəfə taxıl biçini zamanı Sarı Аşıq bir kəndlinin evində qonaq imiş. Ev yiyəsi oğlanları ilə biçilib bənd vurulmuş taxılı xırmana daşıyır, bir tərəfdən at qoşulmuş vəl ilə taxılı döyürmüşlər. Evin xanımı da evdə qonaq olduğundan məcməyidə düyü artlayırmış ki, aş bişirsin. Aşıq bu mənzərəni görüb deyir:
Mən aşıq, yaydı günü,
Sonalar yay dügünü.
Qəmər çəkər, sar döyər,
Açılmaz yay dügünü.
III mətn
Bir gün Sarı Аşıq Yaxşıgilə gəlir. Yaxşının bacısı Günəş Аşığa çox hörmət qoyur. Aşıq da Günəşin hörmət-izzətini görüb deyir:
Mən aşıq, yaxşı Günəş,
Çıxıbdı yaxşı günəş.
Yaxşıya gözəl çatmaz,
Yaxşıdan yaxşı Günəş.
Bu zaman içəri girən Yaxşı Sarının dediyi bayatıdan çox mütəəssir olur. Əməlli başlı qaş-qabaq tökür. Məsələnin nə yerdə olduğunu duyan Sarı Aşıq səhvini düzəldir və deyir:
Mən aşıq, Gün aşanda,
Durmuşam günaşanda.
Üzgörəsi demirəm,
Sən handa, Günəş handa?
IV mətn
Yaxşının yaşadığı Maqsudlu kəndi Həkərinin sol sahilində, Sarı Аşığın yaşadığı kənd isə sağ sahilində idi. Aşıq sevgilisini görmək üçün çayı keçib bu tərəfə gəlməli imiş. Bir gün Yaxşının anası soruşur:
– Ay Sarı, sən bu çayı necə keçibsən ki, heç islanmayıbsan?
Aşıq cavabında deyir:
Mən aşıq, bayı keşdim,
Xotkarı, bayı keşdim.
Altı camış, yüz keçi,
Qucaqda çayı keşdim.
Heç nə başa düşməyən ev əhlinə aşıq bayatını xırdalamalı olur. Sən demə, Sarı Аşıq çarıqlarını qucağında islatmadan bu taya keçirif. Çarığın da altı camış dərisindən, üzünün ipləri isə keçi dərisindən toxunmuşmuş.
Dostları ilə paylaş: |