109. AŞIQ ƏLƏSGƏR
Aşıq Ələsgər evdən çıxanda bir mollaynan qavaxlaşır.
– Salam-məlöykü.
– Əlöykümət-salam.
Molla deyir:
– Ələsgər, hara gedirsən?
Deyir:
– Gedirəm məclis var, ora.
Deyir:
– Ələsgər, qoltuğundakı nədi?
Deyir:
– Sazdı.
Deyir:
– Ələsgər, onu çalma ey, günahdı.
Deyir:
– Buy, ay molla, nətər günahdı, niyə günah olur?
Deyir:
– Vallah, çalmax günahdı da.
Deyir:
– Molla, sən gejə ayağınnan asılırsan ki, ya Allah, bir adam ölsün, səhər gedim onun meyidin götürüm, pul alım gətirim, uşa-ğım yesin. Mən də gejə ayağımdan asılıram ki, ya Allah, sən özün toy elə, şaddıx elə, şənnih elə, gedim çalım-çağırım, gətirim, onun pulun verim balalarımı saxlıyım. Niyə səninki halaldı, mənimki haram?
Deyir:
– Vallah, o şeytan işidi.
Deyəndə Ələsgər götürür deyir:
– Molla, sənnən üş qatar söz soruşajam. Əgər o sözü maa deyə bildin, oxuduğun Quran haqqı, burda sazı yerə vuruf qırajam. Deyə bilməsən, Quran kitabını əlinnən alajam.
Deyir:
– Yaxşı, de.
Götürür orda deyir:
Mənnən salam olsun, ay duran molla,
Altı gündə dünya neçə don geydi?
Kim idi göyün bənnası,
İldızdar harda yerbəyer oldu?
Deyəndə molla boynun dalın qaşıyır.
Deyir:
– Ə, niyə dinmirsən?
Deyir:
– Yaxşı, o biri kəlməni de görüm.
Deyir:
Mələhlər cəm oldu, neçə idi sayı,
Hansı idi onun içinin bəyi?
Hara çağırdılar, molla, Məhəmməd peyğəmbəri
O kim idi, onnan bixəbər oldu?
Deyəndə gənə boynun dalın qaşıyır. Deyir:
– Əyə, niyə dinmirsən. Deyir:
– Yaxşı, axırıncı kəlməni ge görüm.
Ələsgər götürür deyir:
Ələsgərəm, muğarraram saadını,
Yerdən xəvər verərəm göy büsatını.
Cannıdı, cansızdı, molla, ərşin sütunu
Müsurman əhlinə nə xəvər oldu?
Deyəndə bu yönəlir getməyə. Deyir:
– Hara gedirsən, ə?
Deyir:
– Rəhmətdiyin oğlu, sən ərşdən-ürşdən danışırsan. Mən nə bilim ərşin sütunu cannıdı, cansızdı.
Dedi:
– Bilmirsənsə, bəs niyə mənim çaldığımı günah eliyirsən, ə. Maa ver, ə, Quran kitabını.
Quran kitabını əlinnən alır. Molla başdıyır buna yalvarmağa. Çox xayişdən-minnətdən sora verir. Deyir:
– Ala, Quran kitabını verirəm özünə. Get arvatdarı allat, duadan-muadan yaz, başını saxla. Aşığnan nə işin var?
Dostları ilə paylaş: |