TOPONOMİK RƏVAYƏTLƏR 110. GÜRCÜHANİ Bir gün Nadir şah Gürcüsdana hücuma keçəndə bı gürcülər qaçıf bir dərədə gizdəniflər ki, Nadir şah bıları tuta bilməsin. Hay gəlif ki, bəs şah, gürculər filan yerdədi. Oların gizdəndihləri yerdən bəridə bir hündür təpə vardı. Nadir şah çıxıf həmin təpəyə, əlini qoyuf gözünün üsdünə, deyif ki, ə, gürcü hanı? O kəndin adı qalıf Gürcühanı. Sohradan o kənt gürcüləşif. İndi böyüh şəhərdi, adı da qalıf Gürcühani.
111. ƏTYEMƏZLİ KƏNDİ Kəndin adının qoyulması belə oluf ki, keşmiş vaxdı rəvayətə görə, ajdıx oluf. Bütün kəntdərdə atdarı kəsif yeyiflər. Müsəlmana guya at yemək olmaz. O kəndin camaatı at əti yemiyif. Ora at əti aparan olanda deyərmişdər olar at yemillər. At yemillər sözü tədricən uzun-uzun illər keşdihcə çevrilif oluf Ətyeməzdi. Amma əslində Atyeməzdidi.