121. YONQARINA BƏRƏKƏT
Söyləyicinin dediyinə görə, evlərini təmir edəndə ustadan aylıq qazancını xəbər alır. Usta yüksək bir məbləğ deyəndə təəccüb edir ki, nə üçün bu qədər qazancı olduğu halda gileylənir? Usta deyir ki, bizi peyğəmbərin qarğışı tutub, ona görə nə qədər qazansaq da, yonqar kimi sovrulur. Ardından da bu mətni danışır.
Deyir, bir dülgər işinin müqabilində bir təlis pul alıb yol ilə gedirmiş. Bu zaman qarşısına bir peyğəmbər çıxır. Salamlaşıb hal-əhval tutandan sonra peyğəmbər təlisə işarə edir ki, bu nədi belə aparırsan? Dülgər fikirləşir ki, əgər desəm ki, bu puldur, peyğəmbər deyəcək apar bunu kasıb-kusuba payla. Mən də ki, pulumu heç kəsə vermək istəməyəcəm. Aramızda inciklik düşəcək. Odur ki, deyir:
– Peyğəmbər sag olsun, mən bir dülgər babayam, bu təlisdəki də işlədiyim yerdən götürdüyüm ağac yonqarıdı, aparıram evdə sobada yandıram.
Peyğəmbər baxıb deyir:
– Allah yonqarına bərəkət versin.
O zamandan dülgərlər nə qədər çox pul qazansalar da, pulları deyil, yonqarı bərəkətli olur.
122. MİN ŞÜKÜR
Söyləyicinin dediyinə görə, bu mətni taksi sürücüsündən eşidib. Taksi sürücüsü öz halına şükür edərək bu mətni danışıb.
Bir gün bir vəzir padşahın yanına gəlir. Deyir ki, şah sağ olsun, ölkədə dolanışığı düşən adamların sayı aşıb daşır, hamı narazılıq edir. Padşah bir az fikirləşib vəzirə deyir ki, get o adamları vəzifəsinə və işinə görə sıra ilə düz. Sonra hər kəsə de ki, özünnən sonra gələnin vəziyyətini öyrənsin. Vəzir gedir, əvvəl özü durur, sonra vəkili, ondan sonra saray əyanlarını, tacirləri, bənnaları, onların şəyirdləri, işi-gücü olanlar, əlsiz-ayaqsızlar düzülür. Vəzir özünnən sonra baxır vəkilə və fikirləşir ki, mənim bir işim-gücüm var, otururam padşahın yanında, onun yeyib-içdiyinnən yeyib içirəm. Buna da min şükür. Vəkil baxır sarayın əyan-əşrəfinə, öz-özünə deyir ki, elə mənim də bu sarayda vəzir qədər hörmətim var, yeri gələndə padşah mənim də fikrimi soruşur. Ailəm də heç vəzirinkindən pis dolanmır, min şükür. Saray əyanları da baxır tacirlərə, fikirləşirlər ki, bunlar bir tikə pul qazanmaq üçün ölkələr gəzirlər. Onlar da öz rahatlıqlarına min şükür edirlər. Belə-belə növbə gəlir digər sənət sahiblərinə. Onlar da özlərinnən sonra gələnlərlə özlərini müqayisə edib, şükür edirlər. Əlsiz-ayaqsızlar da gözləri görməyənlərə baxıb deyirlər, Allah, sənə şükür, bizim gözümüz var, bu dünyanı görürük. Qəbirstanlığın yanında duran kor ayağı altda yatanları düşünüb, öz halına şükür edir. Beləliklə, camaat arasında narazılıq yatır.
123. XEYİR ƏMƏL
Qayınanam deyərdi ki, heç kəsi yeyəcək bir şeylə umsundur-ma. Əgər umsundurdunsa, həmin yeməkdən ona da ver. Verməsən, yerin cəhənnəmdir.
O danışırdı ki, iki qonşu olur. Biri çox kasıb, o biri qonşu isə çox varlıymış. Bir gün varlı qonşu müqəddəs yerlərə həcc ziyarətinə getməyə hazırlaşır və həmin günü həyətində heyvan kəsir, varlı dost-tanışını da yığıb qonaqlıq verir. Bişirilən kababın iyi ətrafa yayılır. Kasıb qonşunun bir hamilə gəlini var imiş. Gəlin kababın iyindən çox narahat olur. Gəlinin qayınatası gizlincə pişiyi tutur, dalda bir yerdə kəsir, pişiyin ətindən kabab çəkib gəlninə yedizdirir.
Sabahısı günü zəvvarlar yola düşür. Ziyarətə çatırlar. Varlı yatır, çox qəribə bir yuxu görür. Yuxuda müqəddəslərdən biri ona deyir ki, ay filankəs, sən niyə belə yubanmısan, sənin kasıb qonşun səndən əvvəl mənim ziyarətimə gəlmişdi. Varlı buna inanmır, deyir ki, bu ola bilməz. Çünki o adamın bura gəlmək imkanı yoxdur. Müqəddəs ona deyir ki, mən əlimi yağa bulayıb onun kürəyinə vurmuşam. Varlı ziyarətini başa vurub evinə qayıdır. O qədər həyəcanlı olur ki, öz evinnən qabaq qonşuya gedir və onun arxadan kürəyinə baxıb görür ki, bəli, adamın çuxasının arxasında beş barmaq şəkili düşüb. O zaman başa düşür ki, xeyir əməl çox vacibdir.
Dostları ilə paylaş: |