III. OVSUNLAR
1. İLAN DUASI
Bala bı duanı oxuyanda, bını oxuyuf bağa, baxçıya, sahiyə girəndə ilan heş vaxt saa toxunmaz.
Ərəb, ərəb ahıyam,
Ərəblərin şahıyam.
Ərəb oldu bir kişi,
Bağlandı ilan dişi.
Süleyman peyqumbərin pıçağı məndə,
Fatma ananın saçağı məndə.
Dəymə maa, ay Allahın heyvanı,
Dəymə maa, ay Allahın ilanı.
2. QURDAĞZI DUASI
I mətn
Gündüzdən düyə doğuf qalıf örüşdə, bilməmişik. Sohra gejə mələdi. Baxdıx ki, doğufdu, balası da qalıf örüşdə. Gejə vaxdı hara gedeydih. Nənəmin nənəsi dedi ki, qurdun ağzını bağlıyım, sabaxdan nə olar, olar. Gejə vaxdı hara gedəjeyih. Pıcağı götüdü, ağzı qatdanan pıçağı. Pıçağın ağzına oxudu,
Allahdan fəmənt,
Dörd yanı kəmənt.
Açarı Süleyman,
Kilidi Məhəmmət.
Dedi, pıçağı qatdadı qoydu döşəyin altına. Sabaxdan durduğ inəyi buraxdıx, düşdüh dalına. Getdih, bir əlli metr qalmış mələdi. Bir də gördüh kü, bızav yovşannıxdan durdu, inəh yüürdü balasının yanına. Gördük sağdı, götdük gəldik.
Həmin arvat bir şey olanda tez qurdun ağzını bağlıyırdı. Mənim bildiyim budu, daa başqasını bilmirəm.
II mətn
Canavarı tutanda canavarın dodağını kəsif saxlıyıllar. Heyvana canavar düşəndə o kimdədisə, onu alıllar, aparıf suya salıllar. Onun suyunu da aparıf heyvanın üsdünə səpillər. Heyvan qurd ağzınnan çıxsın deyənə.
III mətn
Anam rəhmətdih qurdun ağzını saçıynan bağlıyardı. Diyirdi:
Ayı gördüm ağladım,
Gülü dəsdə bağladım.
Fatma nənənin saçıynan,
Peyğəmbərin bıçağıynan
Qurdun ağzını bağladım.
Bunu oxuyup saçını bağlıyırdı. Səhər heyvan gələndə onu bağlı qoymurdu, açırdı. Deyirdi günahdı, o da özünə yem tapmax isdiyir, mən onun ağzını bağlamışam. Səhər onun ağızını açırdı. Amma kəntdə bir kişi varmış, heyvanı itəndə deyirmiş ki, a bala, canavar gedip bazardan, tükannan ət alıp yemiyəjəh, qoy biri də qalsın, canavar yesin də.
IV mətn
Bıçağın ağzını açırsan. Bıçağın ağzına “Ayətül-kürsünü” oxuyursan. Üfürüf qatdıyırsan, qurdun ağzın bağlıyırsan. Ona da sərhəd qoyursan, elə-belə üfürüf bağlamax olmaz. Deyirsən beləsi filan yer, beləsi filan yer, bunun arasında olan qurdun ağzını bağlıyıram. Bir də deyəllər ki, qurd ağzı oxunan bıçax suyun üsdünnən keçəndə təsirdən düşər.
Dostları ilə paylaş: |