8. NAXIRÇININ NAĞILI
Bir naxırçı olur. Bı naxırçı çöldə kəndin heyvanını, naxırını otarırmış. Gəlməymiş bı naxırçı, gəlmənin əvi kəndin qırağında olar. Həzrət Əli axşam gəlir, hələ mal gəlməmişmiş. Düşür bı arvadın əvinə qonax. Arvad da kişisiz qonağı qəbul elədiyinə görə, bilmir qonağın Həzrət Əli olduğunu, gedir kişinin qabağına ki, birdən kişinin ajığı tutar. Deyir:
– Əşi, vallah, iki qonax qəbul eləmişəm, hamma o sən deyən qonaxlardan dəyil. Birdən oların yanında maa ajığın tutar, maa söz deyərsən ki, arvad xeylağısan, niyə kişi xeylağını qonax eləmisən?
Nəysə, kişini qabaxlıyır, bını deyir. Kişi gəlir görür ki, abırrı adamlardı, oturuflar.
– Salam.
Allahın salamını, kalamını verir, alır. Alıf verənnən sora arvadnan kişi fikirrəşir ki, nağayrax, neyniyəh bı qonaxları razı yola salax. Nəysə, bir danaları, bir də bir inəkləri varmış bıların. Kişi durur dananı kəsir. Kişinin də arvaddan başqa bircə qızı varmış. Nəysə, bılar dananı kəsif yeyillər. Rəvayətin dediyinə görə, bıların mehriban olduğuna görə, kişinin heş bir şey danışmadığına görə, Həzrət Əli yoldaşına him-cimnən örgədir ki, çox yaxşı aylədi. Nağayrax, neyniyəh? Rəvayətin dediyinə görə, üz tutullar Allahın dərgahına. Qız ölür. Qız ölür, qızın ehsanını, payını verillər, yeyillər. Bı Həzrət Əligil bırdan getməmiş arvad da ölür. Qalır kişi. Kişi inəyi də kəsif arvada ehsan verir. Arvad da getdi, qız da getdi. Kişi deyir:
– Tay arvad yox, qız yox. Mən bı kəntdə durmuyajam. Gedirəm tay ayrı ölkəyə.
Kişi üz tutur, gedir ayrı bir ölkəyə. Gedir varrı bir adama naxırçı olur. Bının malını otarır, qoyununu otarır. Bir gün yamaşda mürgülüyür. Kişi yuxluyur. Yuxluyanda bir kişi gəlir bını durğuzur. Deyir:
– Nədi, niyə belə olmusan?
Gətirir bına iki alma verir. Kişi baxır görür ki, alma o qədər yaxşı almadı ki, özü yemir. Deyir:
– Aparım bını verim ağama. Ağamın yanında üzüm ağ olsun, yaxşı almadı.
Kişi almanı qoyur cibinə, axşam gətirir əvinə. Əvdə oturuf çörəh yeyəndə ağasına deyir ki, ağa, bəs belə-belə. Almaları verir ağasına. Ağası deyir ki, bı alma üç olmalıdı, birini neynəmisən?
Deyir:
– Əşi, vallah, yamaşda yuxulamışdım, birdən məni durğuzdular, gördüm bir şəxsidi. Bı almaları verdi maa. Gördüm ki, yaxşı almadı, götdüm gəldim ki, saa verim.
Ağası elə öz dediyini deyir ki, alma üç olmalıdı, neynəmisən, birini də ver. Ya da get həmən yerdə bir də otur. O kişi gətirif birini də verəjəh.
Nəysə, bı kişi malı aparıf otarır. Gəlir orda oturur. Deyir:
– İlahi-pərvərdigara, mən nə nağıla düşdüm. Bəs iki almanı vermişəm, indi ağam üçüncünü isdiyir. Mən nağarım?
Kişini bırda genə yuxu aparır. Kişi bir az yatır. Yuxudan ayılır görür ki, həmən kişidi, bir qab alma gətirif. Deyir:
– Keyfindi, bı almanı götür apar ver o kişiyə, keyfin dəyil, gözuu yum.
Kişi deyir:
– Yox, başaa dönüm, mən bir də o əvə getmirəm. Gözümü yumajam.
Kişi gözünü yumur, açanda görür kü, bir bağlı-baxçalı yerin qırağındadı. Kişi baxır görür kü, vallah, bı bir bağdı, hər tərəfi də bı almadandı. Bağın başında da bir bulax var, bulağın yanında hörühlü bir dana, bir də bir inək var. Bir arvad da orda nə yuyursa, yuyur, bir qız uşağı da yanında. Kişi çox təəccüb qalır. Rəvayətin dediyinə görə, kişi yeriyir bağa sarı. Görür kü, bir bağmançı bağı suvarır. Bağa baxır, baxır, deyir:
– Qardaş, ola bilər bı almadan birini girim yeyim?
Deyir ki, yox, bını verə bilmərəm, icazə yoxdu. Mən bı bağdan heş kimə heş nə verə bilmərəm, heç özüm də yeyə bilmərəm. Kişi bir az duruxsunur. Qayıdır gedir bulağa sarı. Gedir görür kü, inək bının inəyidi, dana da bının danasıdı, uşax da bının qızıdı, arvad da bının ayləsidi. Kişi bılarnan görüşənnən sora qayıdır bir də bağmançının üsdünə, deyir ki, bəs gəldim bayax maa alma vermədin. Bax, o inək də mənimdi, arvad da mənimdi, qız da mənimdi, dana da mənimdi. Deyir:
– Əşi, niyə heylə deyirsən? Bı bağ bir naxırçınındı. Onun haçarı onun cibindədi. Mən bı bağın qapısını açıf səni içəri buraxa bilmərəm.
Deyir:
– Nətər naxırçıdı?
Deyir:
– Belə-belə.
Kişi əl atır cibinə, görür ki, cibində haçar. Qapını açır, girir içəri. Deyir:
– Hə, indi girə bilərsən. Bı bağ o naxırçınındı ki, o sənsən.
Deyillər o çarıxlı-patavalı naxırçı gedif cənnətə haa... Bax, o həmən naxırçıdı rəvayətə görə. Demək, özü də, arvadı da, qızı da, danası da, inəyi də gedif cənnətin bağının qırağına.
Dostları ilə paylaş: |