17. ALLAHIN HÖRMƏTLİ BƏNDƏSİ
I mətn
Musa peyğəmbər genə bir gün Allahnan kəlmələşməyə getmiş imiş. Deyir:
– Ey mənim Allahım, mənnən hörmətdi bəndən var?
Keyfi yuxarı imiş. Deyir:
– Ya Musa, bu dəfə gəldiyin yolla getmə, filan yolu get.
Ayrı bir yol gösdərir. Musa peyğəmbər az gedir, çox gedir, görür çöllü-biyabandı. Axşam da düşür. Amma dağın başınnan tüsdü gəlir. Deyir:
– Gedim bu tüsdüyə sarı. Kənd yox, kəsək yox. Nədisə, orda yaranmışlardan var ki, tüsdü gəlir.
Gedir ki, qayanın başında düzəngah yerdi, bir sürü qoyundu, bir də çoban.
– Çoban qardaş, məni qonax eliyərsənmi?
Deyir:
– Allaha da qurban olum, qonağına da. Gəl bəri.
Musa peyğəmbər də ajıf. Gedif baxır ki, nə paltar var, nə qab var, nə yeməh var. Heş bir şey yoxdu. Bu fikirrəşir ki, ay Allah, mən gəldim, burda nə yatmağa mitil var, nə yeməyə çörəh.
Çoban qoyunu yığır arxaca. Oturullar. Deyir:
– Ey mənim Allahım, qonax var, təam göndər.
Musa peyğəmbər məətdəl qalır. Deyir:
– Bu kimnən danışır, ay Allah? Qonşu yox, qohum yox.
Bir də ajıxlı-ajıxlı deyir:
– Ey mənim Allahım, demədim mənə təam göndər, qonağım var!
Rəvayətə görə, bir bulud gəlir, bu somuyaan üsdünə düşür. Görür ki, bir dənə qızıl badnos, içində iki adamlıx hər bir nemət var. Qab-qaşıx hamısı da qızıldandı. Altı uzun bir dərədi, qəlbi, hündür dağdı. Bunnar yeyir-içir. Çoban qab-qaşığı yığışdırır, qayadan tulluyur. Musa peyğəmbər məətdəl qalır. Çəngəl qızıl, qab-qaşıx qızıl, badnos qızıl, bunu götürdü niyə tulladı? Bu dayana bilmir, çobana deyir:
– A çoban qardaş, Allah-tala pislih elədi sənə? O formu qızıldan qab-qaşıx göndərdi, burda yedih-işdih. Sən niyə qayadan tulladın o qab-qaşığı?
Deyir:
– Otuz ildi mən burda çobanam. Bir sürüdü, bir də mən. Allah-tala gündə üş dəfə belə qızıl badnosda yeməh göndərir. Mən burda dəmir-dümür yığanam? Allah-talanın dəmir-dümürü azdı, mən burda qızıl yığam, dəmir-dümür yığam? Mən elə bildim ki, sən düzgün qonaxsan.
İndi Musa peyğəmbər namaz qılır. Bu da başını yerə qoyub "ağ qoyun, qara qoyun, başımı yerə qoyum" deyib namaz qılır. Bunun da namazı budu. Bilmir da. Onnan sora Musa peyğəmbər bilir ki, onnan qabax çoban gedəjəh cənnətə. Çoban, rəvayətə görə, çarıxlı-patavalı cənnətə gedir. Musa peyğəmbər gedir ki, cənnətdədi çoban. Hə, belə işdər.
II mətn
Abidə peyğəmbər adı vermək isdiyirmiş. Abid gedir bir kolun divində yolun qırağında yatır. Buna, demək, gündə bir dənə nar gəlirmiş. Bunun yeməyi bu imiş. Nə var onun içindəymiş. Axşam da olanda yorğan-döşəh gəlirmiş, səhər yığılıb gedirmiş.
Bir günnəri buna bir qonax gəlir, Allah tərfinnən, cənab əmir-zad olur da. Gəlir görür ki, iki nar gəldi, iki dəsdə yorğan-döşəh gəldi. Birini götürür qoyur narın, bəlkə, sabah gəlmədi, bunu səhərə saxlıyım. Yorğan-döşəyin də birini saxlıyır, bəlkə, səhər yorğan-döşəh gəlmijəh. Nəysə, bu belə olur.
Burdan durub cənab əmir yolnan gəldiyi yerdə görüf ki, bir çoban dağın döşündə qoyun otarır:
– Ay yolnan gedən qardaş, ay yoldaş, ay aman, ay dad, gəl bura.
Deyir:
– Qardaş, günortadı, kənt də uzaxdı. Gedif çörəh yeyə bilmiyəjəhsən, aj qalajaxsan. Gə bura, mənnən çörəh yeyəh.
Gəlif deyir:
– Ay oğul, hanı sənin çörəyin? Heş misəfkən-zadın da yoxdu.
Deyir:
– Ə, sənin nə işəə qalıf, deyirəm gəl mənnən çörəh yeyəh. Allah-tala maa çörəh göndərəjəh.
Oturur kolun dibində, deyir:
– Bu saat gələjəh, filan vaxdı.
Gedif görüf yaxşı yeməh, plov. Yeyif-içif, axırda qabın dibində bir az qalıf. Çomağı çəkir qabı qırıxlıyır, tulluyur ora. Deyir:
– Ay oğul, niyə belə elədin?
Dejir:
– Vallah, bu da qurd-quşun payı-zadı da, gəlif yeyər.
Deyir:
– Axı səə hər saat qismət gəlməz.
Deyər:
– Gəlməz, bu çomaxnan Allahın başını dağıdaram.
Gedir Allah-talanın yanına. Deyir ki, Allaha, bir heylə ibadət eliyən, peyğəmbərrih verməh isdədiyin, onun hansı cənnətdihdi, hansı cəhənnəmlih.
Deyir:
– O çoban cənnətdihdi, o kişi cəhənnəmlihdi.
Başa düşürsənmi?
Dostları ilə paylaş: |