18. CƏNNƏT XİDMƏTÇİSİ
Peyğəmbər gedirmiş namaz qılmağa meçidə. Görüfdü bir dənə şir, qapını belə daraxlıyıf duruf. Buna deyifdi:
– Ay Allahın heyvanı, niyə camaatı qoymursan meçidə girsin günorta namazına?
Şir deyir:
– Mən gəlmişəm məni evləndirəsiz.
Peyğəmbər, deyir, iclas çağırır. Üş dəfə təklif eliyir:
– Kim qızını bu şirə verir?
Heş kəs dillənmir. Qoja kişi görür peyğəmbərin sözü yerə düşür:
– Mən – deyir, – verərəm. Yeganə bir qızım var.
Qızını verir. Peyğəmbər kəbini kəsir, qızın əlini verir şirin əlinə, çıxır gedir.
Bir günnən sora kişi gedir:
– Ya peyğəmbər, aman-zaman bircə dənə qızım var idi, aldın əlimdən verdin şirə. Barı yerini de, gedim görüm onun taleyi nətərdi?
Deyir:
– A kişi, ala bu kağızı – kağız yazıb verir əlinə, – kağız uçacağ, sən də dalınca get. Kağız hansı darvazanın yanında düşsə, qızın ordadı.
Xeylax gedir, az gedir, çox gedir, görür ki, bu düşdü bir dənə darvazaan ağzında. Qapını döyür, qız gəlir. Görür, vallah, qızı ağappax belə ağarıf, qızıllı, geyimli-gejimli. Qujağında da bir oğlan uşağı oturuf, yeyir-içir. Deyir:
– Qızım, şir hanı?
Deyir:
– Ay ata, o şir deyil axı, o şir donunda məleykədi. Cənnətdə xidmətçidi. Gedif, gələjək indi.
Bir azdan sora gördü nətər bir oğlan gəldi... Amma peyğəmbər deyif ki, kişiyə, yolda nə görsən gəl mənə de. Çox qalır, az qalır bilmirəm, bunun payını-pürüşünü tutullar, bu qayıdır. Qayıdanda görür bir dəvə can verir, bir sürü qarğa gəlir bunu dimdihləyir, qalxır uca çinar başında Quran oxuyur. Kişi götürüf bir daş atır:
– Qoyun bu heyvan ölsün, sora dimdihləyin da.
Bir də yeyif qayıdıllar, çıxıllar Quran oxuyullar. Qayıdır Süleyman peyğəmbərin yanına. Deyir:
– Nə gördün, razı oldunmu?
Deyir:
– Qızımdan da, göyümdən də, sənnən də razı oldum.
Deyir:
– Bəs axı mən səə bir söz demişdim, yolda nə gördün?
Deyir:
– Ya peyğəmbər, bir dənə dəvə idi, can verirdi. Bir sürü qarğa gəldi qondu, dimdihlədi, ağzı qannı çıxdılar ora, Quran oxudular.
Deyir:
– A kişi, qumarbaz da Quran oxujax, piyanıska da Quran oxujax, nəşəxor da Quran oxujax.
Bax, indi, həmin zamanamız, oğul, gəlif çatıfdı. Belə. Bu da bu qədər.
Dostları ilə paylaş: |