35. BU GÜNÜ DƏ BELƏ İTİRDİK
Bir ölkədə bir tacir varmış. Çox da qüvvətdi tacirmiş. Yaxşı da alveri varmış. Bının böyründə də başqa tacirlərin satış toçkaları varmış, maqazinnəri varmış. Bı tacir hər gün qapını bağlıyıf gedəndə deyir ki, böyün də belə itirdik. Bını yoldaşdarı, qonşu tacirrər gedir şaha xəbər verir ki, bəs filan tacir hər axşam qapını kilitdiyif gedəndə deyir ki, böyün də belə itirdih. Şah əmr verir ki, səhər bütün toçkalar hamısı bağlansın. Təkcə o tacirin mağazası açıx olsun. Əmr eliyir ki, hamı dаa alveri o tacirdən eləsin. Şahın əmri əmrdi də. Nətər deyir, elə də eliyillər. Axı bına da fikir verir yoldaşdarı ki, görəh böyün nə deyəjəh. Axşam gənə qapını kilitdiyif gedəndə deyir ki, böyün də belə itirdih. Gedillər şaha deyillər ki, şah sağ olsun, gənə də həmən adam həmən vəziyyətdə qapını kilitdiyif gedəndə dedi ki, böyün də belə itirdih. Əmr eliyir, deyir:
– Onu gətirin bıra.
Gətirillər şahın hüzuruna. Şah deyir ki, a kişi, mən əmr vermişdim ki, bütün satış toçkaları hamısı bağlansın, səninki açıx qalsın, hamı da sənnən alver eləsin. Deyirsən ki, böyün də itirdih. Böyün də itirəjəhsənmi?
Deyir:
– E-e-e, şahım sağ olsun. Mən döylətdən, dünya malınnan ötəri deməh isdəmirəm. Yəni deməh isdiyirəm ki, ömrümüzdən, günümüzdən böyün də itirdih. Mən satış toçkalarımdan gələn gəlirim hakqında söhbət eləmirəm. Ömrümüz hakqında fikirrəşirəm ki, böyün də belə itirdih.
Dostları ilə paylaş: |