37. AĞLIMI ALINCA, PULUMU AL
Bir gün bir varrının qızı bir kasıbın oğluna ərə gedir. Varrının qızı kasıfın oğlunu bəyənir da. Bunun atası, anası, qohum-əqrəbası deyir o kasıf adamdı, sən neynirsən ona gedib. Deyir:
– Nolur olsun, mən getməliyəm ona. Nolsun kasıfdı.
Nəysə, gedir bu kasıfın oğluna. Qız da düz, əməli-saleh adammış.
Musa peyğəmbər bir gün gedirmiş. Deyir:
– Ya Musa, gedirsən, sənə agahdı, mən varrının qızıyam, bu da kasıb aylədi. Allah-talaya mənim sözümü deyərsən, bizə bir var versin da.
Nəysə, Musa peyğəmbər gedir Turi-Sənada söhbət eliyir Allah-talaynan. Kəlam verib kəlam alır. Axırda deyir ki, mən gəlirdim, ey mənim Allahım, belə bir kadın idi, şəxs idi, gəldi ayaxyalın, üzü örpəhli, ayağımın altına düşdü, mənə belə dedi. Mən ona nə deyim? Gedəndə soruşajax axı. Musa peyğəmbərin yolu ordan imiş da.
Deyir:
– Ya Musa, verdim var.
İndi nə yollasa, bulara var verir. O qədər varrı olullar, o qədər varrı olullar. Bunun da qaynatası var görmüyən kasıf adamdı, zəhmət çəhməyən adamdı. Elə gedif birinə odun yarırmış, onnan bir axşam dolanışığını alıf gətirirmiş. Var olanda gərəh zəhmət də ola. Bu kişi dilxor olur bu varın, döylətin əlində.
Bir gün Musa peyğəmbər genə gedirmiş. Bu kişi deyir:
– Əşi, mən kasıf olanda arxayın otururdum, zəhmət çəhmirdim. Musa peyğəmbər gəlir, gedim ona deyim ki, Allah-talaya desin ki, bu varı azaltsın bir az.
Tərpənir gedir. Gəlinin də başı qarışıx idi. Heyvanı sağırmı, artdaşdırırmı, neynirmi? Bir də gözünü açır, görür ki, Musa peyğəmbər gedir, qaynatası çatdırıf. Bu bilir ki, qayınatası darıxıfdı varın əlində. Bilir ki, gedif deyəjəh ki, bu varı al. Bu tərpənir. Gedir Musa peyğəmbərə deyir ki, bəs bu varın-döylətin əlində ölmüşüh ayləlihcə. Allah-talaya deynən bu varı bir azaltsın. Bu gəlin çatır. Daa kişinin axırıncı sözüdü. Deyir:
– Ya Musa, canım sənə fəda olsun. Qaynatamdı, mənnən böyühdü. Amma sənnən birjə dənə xayiş eliyirəm ki, Allah-talaya mənim sözümü də deyərsən. Vardı, alar, özü bilər, alsın, amma ağlımızı almasın.
Musa peyğəmbər gedir, genə kəlam verif kəlam alannan sora deyir:
– Ey mənim Allahım, iki şəxs mənə belə söz dedi. Mən nə deyim olara?
Deyir:
– O zənən ki gəlif deyir ağlımızı almasın, varı alır qoy alsın, gedif ona deyərsən ki, mən onun varını neynirəm, haraya aparajaydım varı? Ağlını alajaydım, var öz-özünə çıxıf gedəjəydi. O zənənin sözünü eşidirəm. O var zənənindi. Getsin nə qədər yeyillər yesinnər.
Ağıl heylə şeydi.
Dostları ilə paylaş: |