53. NAŞI OĞRU
Deyir, biri heç oğurrux bilmirmiş. İsdəmiyənin biri götürüf milisə şikayət verir ki, bu şəxs oğurrux eliyir. İşdəmir, eləmir, heç hara getmir, hamıdan kefi kök yaşıyır. Milis bunu çağırır, deyir:
– Səni tutajam.
Deyir:
– Niyə?
Deyir:
– Bəs sən nəynən yaşıyırsan? Oğurrux eliyirsən. Deyilənə görə sən oğurruxnan yaşıyırsan.
Deyir:
– Mən oğurrux bajarmıram, Allah yetirənnən dolanıram birtəəri, filan.
Deyir:
– Yox, sən oğurrux eliyirsən. Mütləq, bir heyvan gətirəjəhsən. Bir heyvan deyəndə quzu-muzu yox ey, erkəh. Bir erkəh gətirif verəjəhsən, canı qutarajaxsan, yoxsa tutularsan.
Deyir:
– Vallah, mən bajarmıram axı.
Deyir:
– Yox, gedəjəhsən, yalan deyirsən, sən oğrusan.
Naəlac qalır.
– Mənim heyvanım-zadım yoxdu.
– Yoxdu, get oğurra, gətir.
Bu, məjbur qalır gəlir, qonşusuna deer ki, örgənmişəm filan yerdə iki dənə saz erkəh var. Gedəh oları çıxardax, bu köpəh oğlannarı mənnən əl çəhmir. Gedəh çıxardax, biri olsun sənin, biri də mənim. Mən tək gedə bilmirəm axı, bilmirəm yolunu.
İndi, deyir, bu gedir. Yoldaşına deyir:
– Külfədən gir, çıxart ver mana, mən də çıxardım, onnan sora əlinnən tutuf səni də çəkif çıxardım, götürəh gedəh.
O da heç oğurrux bajaran adam olmuyuf ey, məjbur oluf gedif. Tamah aparıf bunu da. İki mərtəbə ev idi, işıx yanırdı. Görür qoşalülə də ordan asılıf, evin yiyəsi də qəşəh taxtın üsdündə yatıf. Yaxınnaşıllar, qoyun pəyədədi, yeraltı oluf pəyə də. Pəyənin külfəsinnən dosdu deyir ki, sən gir, mən sənin əlinnən tutum endirim aşağı. Bu deyir, yox, sən gir. Nəhayət, kişi girəsi olur. Pəyə də çox dərin imiş. Bunun əlinnən tutur, dirsəyi dirənir torpağa, bunun ayağı genə çatmır yerə. Buraxır, g..ü üsdə dəyir yerə. Baxır görür ki, pəyədə bir at da var. Qoyunnar da burdadı. İndi qoyunun birini qalxızır, külfədən verir, çöldəki çəkir. Çəkir çıxardır çölə, bu səfər o birini qalxızır. O birini qalxızanda bu biri qoyunu – işdətmiyif da bu yolu – buraxır. Bunu tutuf çəkəndə görür ki, o biri çıxıf ikinci mərtəbədə tarapbatarap məliyə-məliyə belə qaçır, belə qaçır. Deməh, bu qoyunu çəkif çıxarır, bunu da buraxır. Bu da məliyə-məliyə o biri qoyun tərəfə gedir. Çöldəki baxıf görür ki, kişi qalxdı, qalxan kimi də tüfəngi götürdü. O saat çöldəki qaçır. Bu qaldı pəyədə. Hopbanır düşür, hara çıxajax?
İndi qoyunnar çıxıfdı. Kişi gəlir. Pəyənin qapısında qıfıl varmış. Tüfəng əlində bir-iki güllə atır havaya. Gəlir görür ki, qıfıl yerindədi. Deməh, oğru içəridədi, külfədən girif. Oğru qoyunnarı külfədən çıxarıf. İndi qıfılı açır. İçəridəki nağarsın? Qaçır girir atın qarnının altına, görür yox, görünəjəh, işıxlar da yanır. Qoyunnar da gəlif durur pəyənin ağzında. Qoyun yiyəsi də qıfılı açır. Bu nağarsın? Təxminən otuz-qırx santı pəyənin girəcəyində qəlbi yer varmış. Uzanır burda ki, görməsin da, üsdünnən addıyıf keşsin. Qorxur, işdətməmiş adam. Bu adam da tələm-tələsih, işə düşmüş adam, qıfılı açır, itəliyir, qapı açılanda bu qalxır cumur buna. Ham-ham eliyir it kimi, başını salır iki qıçın altınnan ötürür pəyənin içinə. Tulluyur pəyənin içinə, qapını çəkif rəzəliyir, çıxır qaçır. Qoyunnar düşür bunun dalına. İndi bu qaçır, qoyunnar da bunun dalınca. Bu fikirrəşir ki, hara gedim? İndi bu içəridən qoşalüllə atır, gurp, gurp, hay-küy salır, qapı rəzəlidi. Evin adamları qalxır, qonşular qalxır, kənd qalxır:
– Əyə, qoyma.
Partapart, athaat, gurpagurp. Bu kişi fikirrəşir ki, hara qaşsın aydınnıx gejə, gündüz kimi.
Pəyəni açıllar, kişi çıxıf çölə.
– Ə, noluf?
Belə-belə, iki qoyun çıxmışdı, pəyəni aşdım, nəisə bir şey cumdu mənə, it kimi hürdü, ağlagəlməz bir şey. Qapını çəkdi rəzələdi, qaldım içəridə. Qoyun da gedif, adam da.
İndi başdıyıllar gəzməyə. Deyir, qaratikannıx idi, aydınlı gecə, bu qaçır, iki qoyun da bunun dalınca. Qoyun heyvanı belədi, adamdan əl çəhməz. Bu, nəhayət, fikirrəşir ki, gedim qəbirsdannığa. Deyir, uçux bir qəbrə girir bu, qoyunnar da biri bu üzdə, biri də o üzdə durub qəbrin üsdündə. Başdıyıllar gəzməyə kolluğu, gurpagur, athaat, qəbirsdannıx kimin ağlına gəlir. Tapmıllar, camaat qayıdıf gedir kəndə. Bu durur, qoyunnarı da götürüf gəlir. Vəd vermişdilər ki, qoyunnarı oğurruyannan sora filan yerdə ayrılarıx. Gəlif görür qaçan yoldaşı gəlif duruf orda. Sual verir. İndi bu bölməlidi bunnan. Gör sual harda çıxır ey. Nə qədər çətin, mürəkgəb sualdı. Yoldaşın ixtiyarı var, səlahiyəti çatır ki, deyə biri mənim, biri sənin. İndi deyəjəh ki, vermirəm, gedif şikayət elijəh, ev yiyəsinə gedif deyəjəh. Deyir:
– Nolar, deyirsən, deyirsən, amma sənə düşmür. Sən məni qoyuf pəyədə qaşmısan. Heç olmasa, çəkif çıxardaydın da.
Deyir:
– Qoyunu niyə buraxırdın?
Heç ağlına gəlmir ki, ayağını bağlıya, gedə bilməyə. Bu oğurruğu mən də etməmişəm, mən də helə olaram. Amma söhbətdə eşitmişəm ki, nağarmax lazımdı. Birini verir buna, deyir:
– Yaxşı, it aparan olsun.
Birini aparır milisonerə, deyir:
– Çox əzab-əziyyətnən gətirmişih, bir yoldaş da aparmışdım özümlə, canım üçün, mənim özümə heş nə qalmır, mənnən əl çəkin. Sən mənim canım, sən sənin canın, sən dədənin goru, mənnən əl çəh, mən oğru-zad deyiləm. Bax, bunu da məjbur elədin, getdim oğurradım gətdim. Hələ bizi az qalmışdı tutalar. Tutsaydılar biyabırçılıx idi, kim buraxajaydı bizi? Mənnən əl çəh.
Deyir:
– Yaxşı, heyvanı apar evə.
Milisoner yanındakı yoldaşına deyir ki, doğrudan da, bu oğru imiş, bunu tutmax lazımdı. Oğru deyilsə bu heyvanı hardan oğurradı gətdi bu.
Bu aparıf indi qoyunu verəndə baxıf görür ki, bunun qapısında bir əlli-altmış hinduşka var. Deyir:
– Ə, məni tutajaxlar onsuz da, elə bu hinduşkaları da oğurruyum.
Yolunu bilir da, qoyunnarı oğurruyanda örgənif. Gejə bir bardon da götürüf gedir bunun qırx dənə hinduşkasını oğurruyur, aparır hansısa bazarda tezdənnən satır. Milisoner bunu tutanda deyir:
– Canın üçün, hinduşkaları da mən aparmışam. Narahat olma, aparıf bazarda satmışam.
Bax, məjburiyət adamı bu cür şeylərə sürüklüyür.
Dostları ilə paylaş: |