ABDAL QASIM HAQQINDA
19. ABDAL QASIMLA ERMƏNİ AŞIĞI
Saz aşığı erməni gəlir. Deyir ki, gedif Avdal Qasımı bağlıyajam. Avdal Qasım da, deyir, yolun qırağında qolunu yayıf söykənif ağaca. Erməni Avdal Qasımı görməmişdi, tanımırdı, amma eşitmişdi Qasım belə hazırcavab adamdı. Deer gəlif keçəndə Avdal Qasım görür ki, bir erməni çiynində saz kəndə tərəf gedir. Deyir:
– Ə, hara gedirsən?
Deyir:
– Qasım kirvənin yanına.
– Ə, nəyə gedirsən?
Deyir ki, gedirəm onu bağlıyajam.
Deyir:
– Nətər bağlıyajan? Bir de görüm, nə deyif bağlıyassan?
– Deyəjəm ki,
Əziziyəm, bəndə səni,
Salaram bəndə səni.
Qoymaram gələsən,
Bizim kəndə səni.
– Bəs onda Avdal Qasım dinməz durajax?
Deyir:
– Məə nə deyəjəh bu sözün qabağında?
Deyir:
– O da deyəjəh ki,
Əziziyəm bəndə səni,
Salaram bəndə səni.
Yıxaram harsınını,
Qoymaram kəndə səni.
Elə orda da erməni qayıdır dala. Deyir:
– Ə, bunun çobanı belə danışanda indi gör Qasım nağarajax da. Gör mana nə deyəjəh?
Dostları ilə paylaş: |