20. BİR QARINGAH OXUYUN
Deyir bir gün Qarabağ bəylərindən biri ətraf kəndlərdən varlı-hallı adamları toplayıb qonaqlıq verirmiş. Qonaqlığa gələn bəylərdən biri yolda Avdal Qasımla rastlaşır. Ordan-burdan söhbətləşirlər. Məlum olur ki, hər ikisi eyni yerə qonaq gedir. Bəy deyir:
– Bı qonaqlıqda indi məndən soruşacaqlar ki, sənin üçün nə oxunsun. Vallah mənim muğamnan-zaddan elə də başım çıxmır. Heç bilmirəm nə cavab verəcəyəm.
Avdal Qasım da arif adam idi. O saat məsələni başa düşür, deyir:
– Heç fikir eləmə, bəy. Sənin orda gözün məndə olsun. İki barmağımı qaldırsam, de ki, xanəndə "Dügah" oxusun. Üç barmağımı qaldırsam, "Segah" sifariş edərsən, olar, bitər.
Bəy çıxış yolu tapdığı üçün çox sevinir. Birlikdə gəlib çatırlar ziyafət verilən evə. Yeyib-içdihdən sonra ev yiyəsi bir-bir qonaqların arzusu ilə xanəndəyə sifarişlər verir. Növbə bəyə çatanda Avdal Qasım tez iki barmağını göstərir, bəy də "Dügah" sifariş eləyir, xanəndəyə pul bağışlayır. Bir müddət sonra yenə də bəyin arzusunu soruşurlar. Bu dəfə də Avdal Qasım üç barmağını göstərir. Bəy bu dəfə "Segah" sifariş verir. Bəyin səxavətindən ruhlanan xanəndə bir müddət sonra yenə də bəyin arzusunu rica edir. Bəy qalır çıxılmaz vəziyyətdə. Çar-naçar yenə də baxır Avdal Qasıma. Bu dəfə də Avdal Qasım dörd barmağını yuxarı qaldırır və məclis əhli duyuq düşməsin deyə tez həmin əlini belinə doladığı kəmər yerinə keçirir. Avdal Qasımın qarnına işarə etdiyini düşünən bəy üzünü xanəndəyə tutub deyir:
– İndi də bir qarıngah oxuyun.
Dostları ilə paylaş: |