33. QOYUN İSİNƏK
Qışın oğlan çağıymış. Bərk şaxtalı bir gecədə Heydər oğlu Xanların evinə od düşür. Ev başlayır yanmağa. Gecə yarısı imiş. Ev yiyələri, qonşular yuxudan hövlənak oyanır, haray-qışqırıq salıb camaatı köməyə çağırırlar. Ayağı yer tutan Xanlar kişinin evinə doğru qaçır.
Əstan kişi də səs-küyə yuxudan oyanır. Biləndə ki, yanğın var, tələsdiyindən geyinə bilmir. Əyninə bir sırıxlı gödəkçə keçirib alt paltarında yıxıla-dura özünü çatdırır Xanlar kişinin evinə. Amma gəlib çatınca qoca o qədər üşüyür ki, soyuqdan dişləri şaqqıldayır. Əstan kişi çatan kimi yanğını söndürmək üçün əlləşən adamları itələyib qabağa soxulur. Çənəsi soyuqdan əsə-əsə hirslə deyir:
– Ə, nə qayrırsınız, o yana durun, qoyun isinax. Ə, görmürsüz şaxtanı?
Dostları ilə paylaş: |