45. MƏN ÇƏRDƏYİ ÇIXARDIB ATDIM
Kişi bazardan aş gavalısı alıf gətirir. Oğruluğunu, əyriliyini, düzdüyünü təyin etməh üçün sayır gavalını, görüm neçə gavalıdı. Yığır boşqaba, qoyur yükün altına. Axşam adətmiş çörəhdən sora həmişə meyvə yeyəllərmiş. Mənim yaxşı yadıma düşür, uşax idim onda mən, çörəh yeyilənnən sora meyvə gəlirdi surfaya. Yeməh gələn zaman gavalını qoyullar bir qırağa ki, yeməh yeyilənnən sora gətirsinnər. Gavalını da qoyanda uşağın biri görür. Bir dənə gavalını götürüf yeyir uşax. İndi axşamdı, yeməh yeyilif. Kişi deyir:
– Orda meyvə var, gətirin surfaya.
Gətirillər. Kişi sayır, görür gavalının biri əysikdi. Deyir:
– Gavalının biri əysikdi, əlli dənə olmalı idi, qırx doqquzdu. Birini kim alıf?
Heş kim boynuna almır. Deyir:
– Mən gavalını neynirəm ki, onsuz da yeyiləjeydi. Amma o gavalını kim yeyifsə, onun çərdəyinin uju çox şişdi. Əgər udufdusa, o çərdəh batıf onun mədəsini deşəjəh, – deyəndə uşax deyir ki, mən çərdəyi çıxardıf atdım.
Dostları ilə paylaş: |