65. ŞAHIM, AYAQYOLUNDAKI SÖZ
Deyir bir şahın axmaq bir vəziri olub. Bir gün başqa bir ölkənin padşahı bunları oğlunun toyuna qonaq çağırır. Yemək zamanı dəvətli padşahlardan birinin vəziri görür ki, şahının bığlarında yediyi düyünün bir-ikisi sallanıb durub. Vəzir şahı məsələdən halı etmək üçün deyir:
– Şahım, uca dağ başında qar görünür.
Şah o saat vəzirin eyhamını başa düşür. Əlini bığlarına çəkir, düyüləri təmizləyir. Axmaq vəziri olan şah bu məsələdən çox təsirlənir. Ayaqyoluna getmək adıyla otaqdan çıxır. Dalınca çıxan vəzirə acıqlı-acıqlı deyir:
– Gördün nə cür ağıllı vəzirlər var? Şahını necə məsələdən agah etdi. Sən isə başını aşağı sallayıb yeməkdən başqa heç nə bilmirsən. Bax, indi içəri qayıdıf oturajam, düyünü də elə yeyəjəm ki, bığıma, saqqalıma yapışsın. Sən də yaxşı bir söz tap, məni məsələdən agah elə.
Vəzir boynunu büküb baş üstə deyir. Şah əllərini yuyub yenidən məclisə qayıdır. Oturub yerinə başlayır plovdan yeməyə. Plovun düyülərindən iki-üçü yapışır şahın bığına-saqqalına. Axmaq vəzir bunu görüb tez deyir:
– Şahım, ayaqyolundakı söz.
Məclis əhli hamısı vəzirin ədəbsiz sözünə gülür.
Dostları ilə paylaş: |