VIII mətn
El camaatı hamı onnan razılaşıb, məsləhətə gəlib. Evlənənnər, qan davası olannar, bir-birindən küsülü olannar – hamı Seyid Həsən ağanın yanına gəlib. Bu günün özündə də deyillər ki, Seyid Həsən ağa elə bir nər kişi idi ki, ayağını yerə vursaydı, yer paralanardı.
Daim gəzərti olub, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcərə qədər gedib çıxıb. Nəcəfqulu kişi vardı, rəhmətə getdi. Adi, sadə bir dəmiryolçu idi. Deyirdi, bizim kəntdə varrı, imkannı adamlar çox idi, amma ağa gələndə bizim ocaxda otururdu. Deyirdi ki, Allah-tala qonağın ruzusunu yetirir, mənim ruzumu qoy Nəcəfqulu kişinin ocağına yetirsin. Hətta doxsan üçüncü ildə el köçəndə hamı çıxıb kəntdən, Nəcəfqulu kişi çıxmayıb. Oğlu gəlib deyib:
– Qağa, budey, bütün kənd çıxdı.
Deyib:
– Bala, məndə elə bir şey var ki, onun sahibi məni heş vaxt darda qoymaz.
Deyib:
– Axı nədi o?
Civinnən çıxardıb deyib:
– Seyid Həsən ağa axırıncı dəfə bizdən gedəndə deyib Nəcəfqulu kişi, ölüm-itim dünyasıdı, gedirəm, birdən görüşəm-mərik. Pencəyin astarını cırıb, üstünə yazıb.
Bu gün də onu oğlu saxlayır. Dedim:
– Ay qağa, başa dönüm, bunun erməniyə dəxli yoxdu ey, topnan, tüfəynən gəlir. Dur gedək.
Birtəri dilə tutub atasın çıxarıb, Arazı addıyıb gəliblər.
Ağanın bir əli alıb, bir əli verib. Biri on maat nəzir gətirəndə onun bir maatını götürürdü, dokquz maatını paylıyırdı.
Şaban kişi danışırdı. Deyir, bir dəfə biri pul isdədi. Ağa əl atdı cibinə, pulu qalmamışdı. Dedi:
– Ə, bu nə yaman adamdı.
Əl atdı sapoğun içinə, dedi:
– Ə, iki maat burda gizdi pulum var.
Çıxartdı oları da verdi ona. Bu qədər səxavətdi kişi olub. Danışıllar ki, bir dəfə Mincevana gəlib üzünü qırxdırmağa. Kimsə niyyət eləmişdi ki, ağa, gəlim evdə üzünü qırxım. Deyib:
– Yox, sən gəlmə, mən gələcəm ora.
Gəlib onun dəlləkxanasına üzünü qırxdırmağa. Üzünü qırxanda o gəlib ağa, cəddə qurban olum, nə yaxşı burda üzü qırxdırırsan. Obşim beş maat ona, üş maat buna, iki maat buna, bir maat buna. Duranda deyiblər:
– Ağa, maşallah, üzü qəşəh qırxıblar.
Deyib:
– Əlbətdə, yaxşı olacax. Qırx maata qırxılan üz əlbətdə yaxşı olacax.
Orda oturduğu yerdə qırx maat paylamışmış camaata. Helə könlü tox olub, gözü tox olub. Ağa heş vaxt evə pul gətirməzdi. Heyvan nəzir deyəndə də deyirdi kəs burda, yarı şakqasın payla, kim başına yığılırdı, yarı şakqasın da kabab çəkdirib onnara verirdi.
IX mətn
Seyid Həsən ağa son bir ili xəstə yatıb. Zəngilan rayonunda da üzümçülük geniş yayılmışdı. Həmin ili Zəngilan od tutub yanırdı, çox qızmar yaymış. Üzüm də yağış yağmasa, yerdən nəm götürməsə, tələf olur, məhsulu yetişdirə bilmir, qora bişir. İndi də salamatdı, Hürü xanım ispalkomun sədri idi. Hürü xanım bir neçə nəfəri götürür gəlir Seyid Həsən ağanın ziyarətinə, evə. Nazir Kərimov var idi, o, özü şəxsən danışıb bizə. O dedi Hürü xanım xəbər elədi ki, yığışın, gedək Seyid Həsən ağanı həm ziyarət edək, həm də deyillər naxoşduyub, baş çəkək.
Nəysə, gəlillər. Xoş-beş. Yerdə uzanmışmış da. Hürü xanım qayıdıb deyir ki, ağa, bəs yerdə uzanmısan, bizim üzümlüklər yanır, planı doldurammıyacıyıx. Ağa heş nə demir. Əbasını atırlar üstünə yayın günü, durur yerdən. Nəvəsi Səriyyə xanıma deyir ki, – qulluğunda dururdu o, – a qızım, get ordan bir istəkan su gətir. Gedir bir istəkan su gətirir. Suya dua oxuyur, deyir:
– Get, həyətdə üzüm talvarı var, üzümün dibinə tök.
Deyir ki, mənnən diləməhdi, Allah səxavətini gösdərər, inşallah. Bir kəlmə bunu deyir. Sabah durullar, görüllər ki, duman, çiskin Zəngilanın başının üstünü alıb və narın bir yağış başdıyır. O cür qızmar havadan sonra üş gün narın yağış o qədər yağıb ki, deyiblər da bəsdi.
X mətn
Onun ata yurdu Ordubad olub. Ordubada tez-tez gedib-gələrmiş. Bir gün Ordubatda gəlir girir çayxanaya. Ordubad camaatı da çayxor camaatdı, çayı xoşduyur. Özü də qonaxpərvər camaatdı, mülayim rəftar eliyillər. Görüllər ki, başında papax, ayağında xrom sapox, hərbi formada bir kişi girdi içəri. Bular da hörmət əlaməti olarax deyillər ki, əmioğlu, gəl otur, çay içək. Seyid Həsən ağa bulara heş nə demir. Düz basır keçir, yuxarıda çayçı oturur, çayçının yanına. Orda iki samovar pakkapak qaynıyırmış. Yekə samovarları olur ordubadlıların, qaynıyırmış. Samovarın birin lüləyin açır, qaynar samovarın altında əlin yuyur, sora da böyründəki dəsmalı götürür əlin silir, gəlir boş stolların birində əyləşir. Deyir:
– Özüün mənə əmioğlu hesab eliyən buyursun əlin yusun, gəlsin otursun çay içək.
Duran qaçır. Durub qaçıllar hamısı. Ordubadlıların özü mənə söhbət eliyiblər ki, ağa bir dəfə gəlmişdi, bizi çayxanadan qaçax saldı.
XI mətn
Muğannı kəndində böyük oğlu ilə yanaşı ikisinin də qəbri vardı. Orda kompleks hazırramışdılar, qarşısında səkkizguşəli hovuz. Bütün camaat da gəlib orda ziyarət edirdi. 1992-ci ildə mənim iş yoldaşımın anası paralij oldu. Vidadi adında iş yoldaşım vardı, anası da Dilarə. Gejə gəldi ki, bəs anam paralij olub, bilmirəm neyniyim. Dedim tərpətmə.
Vidadi, mən, bir də anası üçümüz mənim xidməti maşınım var idi, oturdux xidməti maşına – Volqaya, gəldik Muğannıya. Muğannıda ağanın qəbrinin böyründə bankədə su tökdük yerə, onun torpağınnan yoğurub götürdük, salafanda gətirdik rayona. Mənim yoldaşım həmin arvadın sağ hissəsinə, hansı ki, paralij olmuşdu, burdan bura qədər o torpaxdan yaxdı, üsdün bürütdədi qaldı.
Gecə deyə bilmərəm, çünki gecə yanında dayanammadıx, biz gəldik. O torpax yaxmaynan arvadın sinirrəri təzədən gəldi hərəkətə.
Üsdünnən neçə il keçənnən sonra 2003-cü ildə burda oturmuşdum. Ağa (Seyid Əli – top.) da evdə yox idi, harasa xəsdə üstünə aparmışdılar. Gecə də həmin o hadisəyə bənzər qarışıx yuxu görmüşdüm. İki gəlin gəldi, baldıznan gəlin. Uşağı raxit xəsdəsi idi, gəzə bilmirdi. Birdən bu yuxunu xatırladım, dedim:
– Ay gəlin, burdan gedirih gülün dibinnən torpax götürəcəyih. Uşağın ayaxlarını bağla, torpaxdan sürt, üsdünə ya corab geydir, ya bir şey, bir müddət saxla.
Rayonda olan abidə kompleksini burda yaratmışıx, ona ordan torpax yığdım verdim, apardı. Üstünnən bir ay keçənnən sora uşax sapsağlam yeriyə-yeriyə gəlidi. Deyə bilmərəm bu torpağın kəraməti oldu, ağanın kəraməti oldu, inamın kəraməti oldu, uşax da sağaldı.
Dostları ilə paylaş: |