Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab


BALIĞI AT DƏRYAYA, BALIQ BİLMƏSƏ DƏ



Yüklə 2,66 Mb.
səhifə140/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   136   137   138   139   140   141   142   143   ...   238
2. BALIĞI AT DƏRYAYA, BALIQ BİLMƏSƏ DƏ,

XALIQ BİLƏR
Bir patcahın gözü tutulur. Patcah əmr eliyir ki, kim mənim gözümün dərmanını tapsa, onu dünya malınnan biqayid** eliyəjəm. Axırı biliciləri, münəccimləri, baxıcıları yığır, deyir:

– Mənim gözümün dərmanını deyin.

Bir nəfər deyir ki, sənin gözuun dərmanı şəhərimizin kəna­rın­da axan çaydadı. Bir balıxdadı, çox gözəl balıxdı. Patcah bunu eşi­dən kimi əmr eliyir ki, bütün adamlar getsin balıx tutmağa. Kim həmən balığı tutdu, tutdu. Kim tutmadısa, hər ora gedənə axşam bir qızıl verəjəm. Belə-belə hamı gedir balıx tutmağa.

Patcahın bir oğlu varmış. Baxır görür xəzinədə pul qalmadı, amma hələ də balıx tutulmuyup. Durur atını minir, gəlir ki, baxsın görsün camaat balıx tuturmu, neyniyir? Gedir çıxır çayın qırağına, görür hamı balıx tutur. Ancağ aralıda bir adam var. Bu oğlan gedir onun yanına.

Bu kişi bir qoja kişiydi, patcahın oğlu ora çatanda qırmax tərpənir. Baxıllar görüllər ki, həmin balıxdı. Qoja sevinir ki, həmən balıxdı, dünya malınnan biqayid olajam. Bu vaxdı patcahın oğlu görür gözəl balıxdı. Deyir:

– Ver maa görüm.

Baxır görür o qədir gözəl balıxdı? Heyfi gəlir balığı öldür­məyə, onu buraxır çaya. Bu heyində qoca başına, dizinə vıra-vıra gəlir şahın divanına. Deyir:

– Şah sağ olsun, mən həmin balığı tutmuşdum, oğlun aldı buraxdı suya.

Şah əmr eliyir ki, oğlumu dar ağacınnan asın. Vəzir, vəkil yığı­şıp deyillər ki, a kişi, bir oğlun var, öldürmə, sürgün elə, getsin. Buna pul-zad vermədən sürgün eliyir, çıxır gedir. Bu yolnan başqa məmləkətə gedir. Bir yolayrıcına çatanda görür kü, arxadan, uzax­dan bir qaraltı gəlir. Bu qaraltı o qədir uzaxdadı ki, heş görünmür. Güjnən qaraltısı gəlir. Elə başını aşağı əyən kimi görür həmin adam yel kimi gəldi keşdi bunnan qabağa. Arxadan çağırıp deyir ki, ə qardaş, dayan görüm sən kimsən? O da buna deyir:

– Sən kimsən?

Deyir:

– Məni atam sürgün eliyip başqa məmləkətə – deyəndə bu da deyir:



– Məni də atam sürgün eliyip.

Deyillər:

– Ə, bura gəl, yoldaş olax.

Deyir:


– Ə, hara gedəh, neyniyəh?

Heş birisi bilmillər hara gedələr. Deyir:

– Onda gəl qardaş olax, gedəh qərip şəhərrərdə dolanax da.

Bu təzə gələn oğlan deyir ki, sənnən o şərtnən qardaş ola bilərəm ki, mənim şərtdərim var, onu qəbul eliyəsən.

Deyir:

– Nə şərtdi?



Deyir:

– Biz gedirih gəzməyə. Əlimizə nə keşsə, qismət olsa, bu yerdə hamısını yarı böləjih.

Oğlan deyir:

– Mən buna tam razıyam, gedəh.

Beləlihnən, bular şəhərbəşəhər gəzir, bir şəhərdə dayanıllar. Deyillər: "Bura qəşəh şəhərdi". Bir arvat tapıllar, deyillər:

– Qarı nənə, biz yad adamlarıx bu şəhərdə. Biz qazanax, gətirəh, sən də bizim çayımızı, çörəyimizi qayır.

Qarı deyir:

– Mənim gözüm üsdə.

Belə danışannan sora patcahın oğlu gedir şəhərin bir tərəfinə, o biri oğlan da gedir bir tərəfinə. Həmişə də qarının əvinə gələndə bir-birrərinnən soruşullar, nə gördün, nə götdün şəhərdə.

Bir gün patcahın oğlu deyir:

– Qardaş, mən bir şey gördüm.

Deyir:


– Nə gördün?

– Bir qız şəkliydi, altından yazılıp: "Qız danışmır, amma lal deyil. Bu qız patcah qızıdı, kim bunu üş dəfə dindirsə, qızı ona verəjəhlər. Kim də dindirə bilməsə boynu vurulajax".

Bu təzə gələn oğlan deyir:

– Mən səni örgədərəm, gedip qızı alarsan.

Deyir:

– Örgət.


Deyir:

– Get. Saa bir rəvayət örgədəjəm. Patcahın adamlarının qaba­ğına bir əşya qoyup əşyaynan söhbət eliyərsən.

Deyir:

– Yaxşı.


Bu oğlan durup gedir patcahın yanına. Deyir:

– Patcah sağ olsun, mən sənin qızıı danışdıraram, amma gəl müqavilə bağlıyax.

Şah deyir:

– Baş üsdə.

Bunnar müqavilə bağlıyannan sora deyir:

– Patcah, arvadıı, oğluu, qızıı, vəzirii, vəkilii – hamısını yığıp gə­ti­rirsən bura. Sora mən deyəjəm.

Hamısı burda oturannan sora oğlan gətirir qabağa bir məc­mə­yi qoyur. Tay heş kimə bir söz demir, ancax məcməyiynən danışır. Deyir:

– Ey məcməyi! Dünyada çox adamlar görmüsən, çox adam­la­rın qabağına yeməh aparmısan. Mənim başıma belə bir iş gəlip. Bəlkə, onu saa nağıl eləsəm, sən bir əlac taparsan.

Məcməyi onsuz da dinmiyəjəh. Bu camaatı nəzərdə tutur. Deyir:

– Ey məcməyi! Bir günnərisi bir dülgər, bir dərzi, bir də bir molla yol gedirmişdər. Gedillər bir qarannıx yerdə – meşədə bunnar gecələməli oldular. Bunnar belə qərara gəlillər ki, ikisi yatsın, biri qaroul çəksin.

Birinci qaroul çəkməh dülgərə düşür. Dülgər fikirrəşir ki, da­rı­xajax. Gedir meşədən bir ağac tapır gətirir. Bir qadın heykəli yo­nur, düzəldir. Bu, fiqur düzəldənnən sora yoldaşdarını oyadır, deyir:

– Durun əyağa, indi mən yatım.

Dərzinin nööbəsiydi. Dərzi durur, görür bir adam dik durup burda. Gedir əlini vurur, görür bu taxdadandı. Bilir ki, bu, dülgərin işidi. Bu da fikirrəşir ki, bəs mən niyə durmuşam? Tez bir paltar tikir geyindirir bu qadın fiquruna. Bu olur əməlli-başdı qadın.

Sora bu yatır, mollanı ayıldır. Məcməyi, bu molla ayılır, görür burda bir qadın durup. “Pismillah, pismillah” eliyir, görür bu qadın cannı döyül. Deyir:

– Hə, bu dülgərnən dərzinin işidi. Day mən niyə durmuşam.

Molla üzünü tutur Allah-tala tərəfə. Üç rükət namaz qılır, üzünü çevirir Allah-tala tərəfə, deyir:

– Ay Allah, buna can ver.

Bu cana gəlir, olur qadın. İndi, a məcməyi, sən maa de görüm, bu qız kimə, bunnarın hansına çatır? Bunnar bunun üsdündə dalaşıllar.

Vəzir deyir:

– Dülgərə çatır. Çünki bünövrəsini o qoyup.

Oğlan deyir:

– Niyə?


Vəzir suala cavap vermir. Vəkil deyir:

– Dərziyə çatır.

Deyir:

– Niyə?


Vəkil cavab verə bilmir. Axırda qız dillənir. Qız deyir:

– Bağışdıyın, mollaya düşür.

Gənə oğlan deyir:

– Niyə?


Qız deyir:

– Molla deyər, dülgər, ağaş yonmusan. Bu sənin ağacıı pulu. Di get. Dərzi, bu sənin parçan, bu da əlhakqın. Sən də get. Əgər yox, isdiyirsizsə, mən geri çəkilim, mənim canımı verin. Canı da kı qaytarmax olmaz.

Qız belə deyəndə qapı vurulur. Deməh, molluya düşür. Belə­lih­nən, oğlan qızı bir dəfə danışdırır. Bu oğlan axşam gəlir evə. Evdəki dosdu soruşur, danışdırdınmı? Deyir:

– Dindirdim, çox sağ ol, dindirdim. Amma hələ iki dəfə də dindirməliyəm.

Deyir:

– Qorxma, sabah da ikisini örgədəjəm. Onu gedip danışdırarsan.



Sora ona bir dənə də hekayə danışıp yola salır. Amma tapşırır kı, bu səfər də bir lampıya söhbət eliyərsən.

Genə də ikinci gün patcahın vəziri, vəkili, qızı, arvadı, sarayın qojası, cavanı yığışır. Bu vaxt ortuya bir lampa gətirillər. Oğlan başdıyır.

– Lampa, mənim başıma bir hadisə gəlip. Bunu çox yerdə de­mi­şəm. Amma fikirrəşirəm ki, ancax sən buna cavap verə bilərsən. Çünki sən bütün bilihli adamların üzünə işıx salmısan. Deyir, gün­nərin bir günü bir qızı üş dənə oğlan isdiyirmiş. Qızın oğlannarın üçünə də bərabər surətdə qonulu varıymış*. Qız fikirrəşir ki, oğlan­narın hansısa birinə söz versəm, o biri oğlannar onu öldürəjəh. Mən neyniyim ki, bunnar bir-birrərini öldürməsin? Qız belə fikirə gəlir ki, lampa, kim bahalı şey gətirsə, qız ona getsin. Oğlannarın üçünü də qız çağırır. Deyir:

– Gedin, hansınız bahalı hədiyə alsaz, ona gedəjəm.

Oğlannar gedillər, bir yol ayrıcında dönüllər bir şəhərə. Özü də getməmişdən əvvəl belə bir şərt qoyullar ki, birinci qızın yanına getdi yoxdu. Kim nə tapsa, gəlip bu yolayrıcında o birilərini göz­düyəjəh. Üçümüz də bir yerdə gedəjiyih qızın yanına. Bunnan da razılaşıllar. Oğlannarın hərəsi bir şəhərə gedir.

Birinci oğlan gedir bir şəhərə, görür burda çoxlu xəli satıllar – yekə keçə. Amma bir xəlidi, çox balacadı. O yekə-yekə gəvələri veril­lər üş minə, bunu verillər irmi min tümənə. Oğlan deyir:

– Bu xəlini niyə belə baha verirsən?

Deyir:


– Bu xəli elə bir xəlidi ki, onun üsdünə minip desən, ey Süleyman peyğəmbərin xəlisi, məni filan yerə apar, o səni əlbəəl o yerə aparajax. Ona görə də bu xəli bahalıdı.

Deyir:


– Çox yaxşı.

Xəlinin pulunu verip alır.

İkinci oğlan gedir, görür kü, yekə-yekə aynalardı, güzgülərdi. Birini on manıta verillər, birini beş manıta verillər. Balaca bir güz­günü verillər yüz manıta. Deyir:

– A qardaş, bu balaca güzgünü sən niyə belə baha verirsən?

Deyir:

– Bu güzgü elə bir güzgüdü, kimi ürəyaa gətirsən, güzgü də o saadı onu görkəzəcəh.



Oğlan deyir:

– Onda bu güzgünü də mən alım.

Güzgünü də bu alır.

Üçüncü oğlan gedir, görür kü, şəhərdə almanı vedraynan satıl­lar. Vedrasını bir tümənə, iki tümənə. Bir yerdə bir adam bircə­cə almanı qoyup qabağına yüz tümən deyir. Oğlan deyir:

– Qardaş, almanın vedrası beş tümən, üş tüməndi. Sən bunu niyə belə baha verirsən?

Kişi deyir:

– Yox, bu saa gösdərilən almadan döyül. Bu alma o almadı kı, ölüm halında olan adam yisə, əvvəl dirilər.

Bu oğlan da bu almanı alır. Üçü də qayıdır həmən yolayrı­cı­na. Bunnar burda fikirrəşillər ki, uzun müddətdi evdən çıxmışıx, yol da uzundu. Nejə eliyəh, qızın vəziyətini örgənəh. Güzgü yiyəsi deyir:

– Bu saat deyim qız nətəhərdi.

Güzgünü çıxardır, baxır ki, budee, qız yataxda ölüm halın­da­dı. Bunnar: "Bir onu görə bilseydih" – deyəndə xalça yiyəsi deyir:

– Bu saat sizi aparıf ora çatdırım.

Oturullar, qız ölməmiş çatıllar onun yanına. Bunnar ona dərman axdaran vaxt alma yiyəsi deyir:

– Onun dərmanı məndə.

Almanı kəsir verir qıza, qız yeyən kimi sağalır.

– İndi, a lampa, de görüm qız güzgü yiyəsinə düşür, alma yiyəsinə düşür, yoxsa gəvə yiyəsinə düşür.

Gənə də yerdən biri deyir güzgü yiyəsinə düşür, biri deyir gəvə yiyəsinə düşür. Hərə bir söz deyir. Oğlan deyir:

– Niyə?

Bunnar cavap verə bilmillər. Qız deyir:

– Bu qız alma yiyəsinə çatır.

Oğlan deyir:

– Niyə?

Qız deyir:

– Alma yiyəsi deyər: "Al bu sənin güzgün, bu da onun xidmətinin pulu". Xəli yiyəsinə də deyər: "Bala, elə bil məni fılan yerdən bura gətirip çıxarmısan, eləmisən. Bu sənin xəlin, bu da hakqı. Rədd olun mənim başımnan. Əgər isdiyirsızsa, mən gedim, onda mənim diricə almamı verin, gedim”. Almanı qız yeyip. Qay­ta­ra bilmiyəjəhlər. Deməh, qız alma yiyəsinə düşür.

Hamı çapı vurur. Beləlihnən, oğlan ikinci dəfə də qızı din­dirir. Oğlan gəlir evə axşam. Axşam qardaşı soruşur:

– Qardaş, dindidin qızı?

Deyir:


– Hə. İkinci dəfə də qızı dindidim.

Oğlan deyir:

– Bir dənə də hekayə örgədəjəm. Get gənə qızı dindi.

Hekayəni örgədir və deyir:

– Bu dəfə gedərsən, bunu qabağa sərilən surfıya danışarsan.

Üçüncü gün genə oğlan gedir, camahatı çağırdı, yığdı meyda­na. Genə də şah, vəzir, vəkil, arvadı, oğlu, bir də qızı gəldi. Oğlan surfa gətirtdirip sərdi ortalığa. Deyir:

– Surfa, mən bir sualnan qarşılaşmışam, heş kim ona cavap vermiyip. Buna ancax sən cavap verərsən. Sən cavanın da, qocanın da, varrının da, kasıbın da, yaxşının da, pisin də qabağına getmisən, bütün üzdəri görmüsən. Surfa, bir günnəri bir gəlin əriynən, qarda­şıy­nan yol gedirmiş. Bunnar gedir, bir meşədə quldurrar düşür bun­n­a­rın üsdünə, bunun ərini də öldürür, qardaşını da. Nələri var, alıp aparıllar. Arvad olduğuna görə gəlinə dəymillər. Gəlin oturur iki başı kəsili meyidin ortasında, "ərim vay, qardaşım vay" deyip qalır buların arasında. Bir müddət keçənnən sora arvat gördü kü, bir siçoul o tərəfdən çıxdı, bir siçoul bu tərəfdən çıxdı. Gəldilər siçoul­lar güləşdi. Biri o birinin boğazını qırdı, tulladı. Bu gəlin də baxır­dı. Gördü bu diri siçoul getdi o yannan bir ot gətdi, bu ölü siçoulun boğazına vurdu, başını da qoydu üsdünə. O saatı siçoul dirildi getdi. Belə olanda arvat dedi: "Ay dadi-bidad, bu otdan vursam mənim qardaşım, ərim dirilər". Bu gedir həmin otdan gətirir sevinə-sevinə, qardaşının da, ərinin də başına, boğazına vurur. Amma sevindiyinnən başdarı tərs qoyur. Ərinin başını qardaşının başının yerinə, qardaşının başını ərinin başının yerinə qoyur. İndi, ay surfa, bunun başı əridi, bədəni qardaşıdı, onun da bədəni əridi, başı qardaşıdı. Sən maa de görüm, qadın kimə düşür.

Yerdən biri deyir başı əri olana, biri deyir bədəni əri olana çatır. Bu vaxt qız ordan deyir:

– Dayanın! Yadınızda qalsın, insan həmişə üznən tanınar, başnan fikirrəşər. Ərinin başı hansı meyitdəysə, qız ona düşər.

Hamı çapı vırır. Oğlan deyir:

– Patcah, qızıı üş dəfə dindidim?

Patcah dedi:

– Hə.

– Müqaviləmiz var?



– Hə.

– Onda lap yaxşı. Qızı ver, aparım.

Patcah deyir:

– Get, sabah gələrsən, qızı apararsan.

Oğlan evə gəlir. Qardaşı soruşur:

– Qardaş, dindidinmi?

Deyir:

– Hə, çox sağ ol.



Sabah oğlan gedir saraya. Patcah yeddi gün, yeddi gecə toy eliyip qızı verir bu oğlana. Bir müddət burada qalıllar. Bir müddət qalannan sora bunnar gəlillər patcahın yanına, deyillər:

– Patcah!

Deyir:

– Hə.


Deyillər:

– Bizim atamız var, anamız var. Bəlkə də onnar ölmüyüplər, durullar. İcazə ver, biz gəlnimizi də götürəh gedəh.

Amma onu da deyim ki, qız üş dəfə danışannan sora gənə danışmırdı. Nəysə, patcah gətirir üç at. Birini gəlinnən əri, birini də onun dosdu minir. Bir də bir xurcun qızıl verir. Deyir:

– Sizə yaxşı yol, gedin.

Bu yolnan gedillər. Gedillər o yerə çatıllar kı, burda şərtnən qardaş olmuşdular. Demişdilər ki, nə tapsax yarı böləjiyih. Bu söz patcahın oğlunun yadınnan çıxmışdı. Amma onun dosdu deyir:

– Qardaş, dayan burda. Yadındadımı biz şərt kəsmişdih ki, nə tapsax, burda yarı böləjiyih.

Deyir:

– Hə, düzdü.



Deyir:

– Onda atdan düş.

Bu soradan gələn oğlan xurcunu ortadan kəsir. Deyir:

– Qardaş, bu göz sənin, bu göz mənim. Bu at sənin, bu at mənim, düzdü?

Deyir:

– Hə.


– Qaldı ortada biri. Onu da ortadan böləh.

Deyir:


– O atın pulunu birimiz verəh o birimizə, kutarsın getsin.

Deyir:


– Yox, heylə şərtdəşməmişih. Ortadan bölməliyih.

Qılıncı çəkir qorxuzmax üçün atı ortadan bölür. Deyir:

– Bu pay mənim, o pay sənin. Qaldı qız. Onu da böləjiyih. Para­sı sənin olajax, parası mənim.

Bu qılıncı götürüp qızın üsdünə cumur ku, kəssin. Qız qışqırır ki, mən neynəmişəm, nağarmışam, deyəndə ağzınnan qurt düşür. Qız başdıyır tir-tir əsməyə. Sora oğlan deyir:

– Qardaş, onsuz da mən qızı öldürmüyəjeydim. Bu qızıllar da sənin, atdar da sənin olsun. Bu barmağımnan da bir az qan götü, apar sürt dədaa gözünə, sağalsın. Əgər bilməh isdəsən mən kiməm, bil və agah ol. Mən o balıxçının əlinnən alıp suya atdığın balığam. Get dün­yada hamıya denən ki, balığı at dəryaya, balıx bilməsə də, xalıx biləjəh.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin