Nə yaxşı dedin, yoxsa mən tüklü-tüklü yeyəcəkdim
Bir yoxsul kişinin dəri-dünyada bir yaxşı xoruzu vardı. Günlərin bir günündə əli bərk dara düşdü. Öz-özünə dedi:
─ Nə edim, nə etməyim, axırda belə fikrə gəldi ki, durum bu xoruzu aparım şahın hüzuruna, şayət şahın xoşu gəlsə mənə bir ənam verər və mən də bu çətinlikdən qurtararam. Yoxsa bu xoruzu evdə saxlamaqla işlərim düzəlməyəcək.
Kişi belə fikirlə durar ayağa. Xoruzu vurar qısnağına,18 gedər çatar şahın sarayına. Vəzirdən, vəkildən gələrlər bu kişidən soruşarlar ki, nədən ötrü gəlmisən. Kişi öz ürəyinin sözünü bunlara deyər. Vəzir, vəkil bir nəfər öz adamlarından qoşarlar bu kişiyə, ta aparıb şahın xoruzxanasına təhvil versin. Kişi gedər yetişər xoruzxanaya. Baxar görər ki, şahın xoruzxanasında elə xoruzlar var ki, bunun xoruzu onların yanında balaca bir cücədir. İşi belə görüb kor-peşiman üz qoyar evlərinə sarı.
Şahın vəziri buna ürəyi yanıb istər ki, onun ürəyini alsın. Buna görə də kişini çağırıb deyər:
─ Ay kişi, bu xoruzu apararsan, onun qəşəng-qəşəng başını kəsərsən, başını kəsəndən sonra tüklərini yaxşı yolarsan, sonra onu sarı yağda qızardarsan, qoyarsan düyünün üstünə və öz ailə-uşaqlarınla başlayarsan onu yeməyə.
Kişi yoxsulluqun əlindən ki cana gəlmişdi, vəzirin bu sözünə bərk nifrət edir. Və təkcə ümidi olan xoruz da beləliklə görür ki, əldən gedir. Öz ürəyində belə deyər:
─ Bu başsız vəzir deyir bəs ki, mən xoruzun yeməyini bacarmamaqdan onu gətirmişəm şahın sarayına. Buna görə də çox hirslənib üzünü tutur vəzirə və deyər:
─ Nə yaxşı sən dedin, yoxsa mən tüklü-tüklü yemişdim.
Dostları ilə paylaş: |