Pıs-pıslı Püstəxanım, dabanı üstə xanım
Günlərin bir günündə pıs-pıslı Püstəxanım bəzənər, düzənər, püstə qabığından başmaq geyib, fındıx qabığından arakçın qoyub, soğan yarpağından çadra örtər, gedər ər axtarmağa. Gedər, gedər, yolda bir çobana rast gələr. Çoban diyər:
– Pıs-pıslı Püstəxanım, dabanı üstə xanım, hara gedirsən?
Pıs-pıslı Püstəxanım diyər:
– Gedirəm ər axtaram.
Çoban soruşar:
– Mənə gələrsən?
Diyər:
– Niyə gəlmərəm? Hirslənəndə məni nə mənə ilə döyərsən?
Çoban diyər:
– Bax bu döyənəynən vurram, əzilərsən.
Pıs-pıslı Püstəxanım diyər:
– Get, get, mən sənə gəlmənəm.
Pıs-pıslı Püstəxanım çobandan ayrılıb bir müddət gedəndən sora bir baltaçıya rast gələr. Baltaçı diyər:
– Pıs-pıslı Püstəxanım, dabanı üstə xanım, hara gedirsən?
Cavab verər:
– Gedirəm ər axtaram.
Baltaçı soruşar:
– Mənə gələrsən?
Pıs-pıslı Püstəxanım soruşar:
– Hislənəndə məni nəmənə ilə döyərsən?
Diyər:
– Heş zadınnan, baltıynan vurram, iki bölünərsən.
Pıs-pıslı Püstəxanım diyər:
– Get, get mən sənə gəlmərəm.
Sizə kimnən diyim, siçan bəydən. Pıs-pıslı Püstəxanım gəlirdi, yolda bir siçana rast gələr. Siçan soruşar:
Pıs-pıslı Püstəxanım,
Dabanı üstə xanım
Hara gedirsən?
Pıs-pıslı Püstəxanım cavab verər:
– Gedirəm, ər axtaram.
Siçan onnan soruşar:
– Mənə gələsən?
Diyər:
– Hislənəndə məni nəmənə ilə döyərsən?
Siçan diyər:
– Heç zadınan. Quyruğumu batırram xan qızının sürmədanına, çəkərəm gözlərinə.
Pıs-pıslı Püstəxanım bunu eşidənnən sora qəbul edib diyər:
– Gələrəm
Olar yeddi gün-yeddi gecə toy tutallar. Bir gün pıs-pıslı Püstəxanım siçan bəyin paltarrarını aparar yusun, suva çəkəndə əyağı büdrər, tüşər dəvə rəddi dərin gölə. Az qalar boğulsun. Qulax yatırdar, görər uzaxdan at səsi gəlir. Pıs-pıslı Püstəxanım dəvə rəddi dərin gölün içinnən diyər:
Atdı-butdi qərdəşlər,
Xan evinə gedərsiz
Pənir-çörəy yiyərsiz,
Siçan bəyə diyərsiz:
- Pıs-pıslı Püstəxanım,
Dabanı üstə xanım,
Düşüb dəvə rəddi dərin gölə, boğulur.
Atdılar səsi eşidib bir az səsi axtarıb səsi tapbazdar. Yola düşüb gedəllər Xan evinə. Xan evində yiyəllər, içəllər. Bəy diyər:
– Yediğız, işdiğız, sizin gördüğuz, eşitdiğuzdan bizə də diyin. Atdılar diyər biz heç nə görməduğ. Amma bir səs eşitdığ ki diyirdi:
Atdı-butdi qərdəşlər,
Xan evinə gedərsiz
Pənir-çörəy yiyərsiz,
Siçan bəyə diyərsiz:
Pıs-pıslı Püstəxanım
Dabanı üstə xanım
Düşüb dəvə rəddi dərin gölə, boğulur.
Siçan bəy xan evində buların sözün eşidib özün yetirər dəvə rəddi dərin gölün başına. Görər Pıs-pıslı Püstəxanım az qalır boğulsun. Diyər:
– Əlin ver mənə çıxari.
Pıs-pıslı Püstəxanım diyər:
– Get-get, mən sənnən küsari.
Ginə də Siçan bəy diyər:
– Əlin ver çixari.
Pıs-pıslı Püstəxanım cavab verər:
– Get, get, mən sənnən küsari.
Siçan dördüncü dəfə hislənər. Bir yumuri palçıx götürüb şappıltıynən vırar dəvə rəddi dərin gölün üstünə. Diyər:
– Qal, köpəyin qızı, sənin yerin elə oradı.
Dostları ilə paylaş: |