Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə73/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   69   70   71   72   73   74   75   76   ...   92
AŞIQ RƏVAYƏTLƏRİ
DOLLU MUSTAFA İLƏ ŞAİR SALMAN
Deyirlər Mustafa bir gün Bukanın Qovsabad kəndində öz mürşidinin yanındaydı. Orada Salman adında bir şairin şeirin eşidir. Soruşur, bu Salman kimdir? Cavab deyirlər Di­zəli bir şairdir. Mustafa çox təəccüb eləyir, çün özü Dizəli idi. Bir daha soruşur, necə ki Salman Dizəlidir? Mən özüm Dizə­də olaram, bəs necə olub ki, indiyə qədər Salmanı tanımamı­şam? Cavab veriblər: Ustad! Salman Sulduz Dizəsində olar, sən Dol Dizəsində yaşayırsan.

Bu söz-söhbətdən sonra Mustafa Salman ilə görüşmək istəyir və Qovsabaddan çıxaraq yola düşür və birbaşa Sulduz mahalına gəlir, gecəni Məmiyənd adlı bir kəndin qəhvəxana­sında qalır.

Sən demə, qəhvəxananın şagirdinin xanımı şair imiş. Hə­min xanım özü də qəhvəxanada işləyirmiş. Mustafanın gözü ona sataşır, görür çox gözəl bir gəlindir. Onun kim ol­duğunu soruşur, deyirlər qəhvəxananın şagirdinin xanımıdır. Mustafa bir xanıma baxır, bir şagirdə baxır. Əlin üzünə qoyur, bir ah çəkir və öz içərisində deyir: bəs necə olubdur ki, belə bir cavan gəlin o qocalıqda kişiyə ərə gedibdir?

Mustafa bu fikirlərə qərq olmuşdu. Bu halda həmin xanım ona çay gətirir. Burada idi ki, Mustafa dayanmayıb üzün Xumar xanıma tutub belə deyir:

Könlüm quşu çıxıb seyran eylədi,

Dönə-dönə bu mahala yetişdi.

Əgləndi zimistan, gəldi nobahar,

Bütün bu dağlarda lala yetişdi.

Xanım çayı verəndən sonra deyir: Aşıq! Söz tək olmaz, birin sən dedin, birin də mən deyirəm. Al cavabın:

Əzəlindən bu dünyada gülmədim,

Könül səhəri min xəyala yetişdi.

Çarx altında bir gün görmədim,

Yandı qara bağrım, xala yetişdi.
Mustafa:

Bağları bürüyüb ətirli güllər,

Şövqə gəlib oxur şeyda bülbüllər.

Hicran xəstəsində qaldı niskillər,

Zənbur həsrət çəkər bala yetişdi.
Xumar:

Fələk qoymadı heç bir an yarayan,

Gözüm açdım, gördüm bircə qarıyam.

Mən qəm karvanının cilovdarıyam,

Əlif qəddim nur tək dala yetişdi.
Mustafa:

Kamandı qaşların, ahu gözlərin,

Payız almasına bənzər üzlərin.

Rəsulun yetimi dedi sözlərin,

Gözlərindən sənə bəla yetişdi.
Xumar:

Xumar deyər göz yaşımı silmədim,

Ömrüm keçdi cəfa ilə bilmədim.

Çox ağladım, bir şad olub gülmədim,

Yazıldı qismətim çala yetişdi.

Beləliklə, söz qurtarır, Mustafa Xumar xanımın hazır­cavab və şair olduğuna təəccüb eləyir və ona afərin deyir.

Mustafa o gecəni orada qalır. Sabahısı günü Sulduz Di­zəsinə gedir, orada Salman ilə görüşür. Salman Mustafanı gör­məkdən sevinir. Amma söz meydanı bunlara baxmaz, iki şair məclis qururlar. Və onların arasında deyişmə keçir. Birin­ci meydan Salmanın payına düşür. Salman soruşur:

Bir sözüm var sənə ey kamil ustad,

O kimdir, kim ilə üzbəüz oldu?

Çəkdi qılıncını, ənəlhaqq dedi,

O kim idi, gördü bağrı köz oldu?
Mustafa:

Ustad, məhzarına bir cavab söyləyim,

Əli Kəffar ilə üzbəüz oldu.

Çəkdi zülfüqarı, durdu meydanda

Şeytan gördü, baxdı bağrı köz oldu.
Salman:

Bir xəbər ver, nədir dinin sütunu

Kim qoyubdu yer üzünə bu dini?

Nədir, nədən görər işin çətini,

O kim idi yaraları yüz oldu?
Mustafa:

Oruc, namaz olar dinin sütunu

Babayi-Əmir özü qoyub bu dini

Əl-əldən ötgündü işin çətini

Əyyub idi, yarələri yüz oldu.
Salman:

Şair Salman haqqa oldu iltica,

Qismət olsun, köçək Məkkəyə-hacca.

Kim kimə demişdi gəlsin meraca

Nə danışdı, neçə kəlmə söz oldu?
Mustafa:

Rəsulun yetimi xumsun ver aca,

Könül sındırmayan bir gedər hacca

Haqq buyurdu Məhəmməd var meraca

Bu söhbətdə üç min kəlmə söz oldu.

Aşıqların arasında olan rəsmə görə bu dəfə meydan Mustafanın olur. Mustafa üzün Salmana tutub belə soruşur:

Səndən xəbər alım, ey Salman əmi!

O kimdir ərşdə nişanəsi var?

Kim idi, Misirdə sultanlıq etdi?

Kim idi, neçə min divanəsi var?


Salman:

Al sözün cavabın, Dollu Mustafa,

Peyğəmbərdir, ərsdə nişanəsi var

Yusif idi, Misirdə sultanlıq etdi.

Neçə Züleyxatək divanəsi var.
Mustafa:

O kimlərdir, bu dünyadan köçdülər,

Yaxşı-yaman bir-birindən seçdilər.

Nə körpüdür, hamı ordan keçdilər,

O kim idi, əldə peymanəsi var.
Salman:

Yarananlar bu dünyadan köçdülər,

Yaxşını-yamanı bir-birindən seçdilər.

Sırat körpüsünün üstən keçdilər,

Əlinin kövsərdə peymanəsi var.

Mustafa:


Rəsulun yetimi hesabı qatdı,

Hansı peyğəmbərdir, murada çatdı?

O kimdi, meracın yolunda yatdı,

Qırxların içində meyxanəsi var.


Salman:

Salman bu dünyanı görəndə atdı,

Yaqub səbr eylədi murada çatdı.

Cənab mövla idi, meracda yatdı,

Dərvişlər içində meyxanəsi var.

Bu deyişmələrdən sonra Mustafa Salmanın qabil bir şair olduğuna inanır. O gecəni Salmana qonaq olur və sabahısı gün Salmandan vidalaşıb yola düşür. Urmu gölünün sahilləri ilə gələrkən Heydərabad ilə Dol Dizəsi arasında xan qızı Pəri xanımı görür. Pəri xanım bir neçə başqa qız ilə gəzməyə çıxmışdı. Mustafa görür qızın hər bir hərəkəti gözəldir. Am­ma onun gözlərində ayrı bir aləm var. Şairlər, aşıqlar maral və ceyranların gözlərinə söz qoşublar. Amma onların gözləri Pə­rinin gözləri yanında heçdir. Həmin yerdə aldı görək Mustafa nə dedi:

Baxsan görünər hər yandan, Pərim, gözlərin sənin,

Ziyadə əbru kamandan, Pərim, gözlərin sənin.

Xudam yaradıb behişti içində qılman gəzər,

Çıxıb cənnəti-xizvandan, Pərim, gözlərin sənin.


İstərəm vəsfin söyləyim, adın düşə dastana,

Dəmirqapı Dərbənddən ta gedə Dağıstana.

Fars, ərəb, Bəlx, Buxara, yetişə Hindistana,

Xaracın alır İrandan, Pərim, gözlərin sənin.


Gecə-gündüz dəli könlüm gör nə onhaondadır,

Ahu gözlüm, camalın şöləsi gör nə gündədir.

İns, cin, məlaikələr, dev onun hökmündədir,

Xəbər verir Süleymandan, Pərim, gözlərin sənin.


Dişin inci, dilin şəkər, ləblərin qənd eylədi,

Siyah zülfün dal gərdəndə göz necə bən eylədi?

Sənan kimi Mustafaya bir neçə fənd eylədi,

Elədi dindən-imandan, Pərim, gözlərin sənin.

Mustafa bu sözləri deyəndən sonra Pəri xanım özünə güvənir, amma yanındakı qızlar Mustafadan incikli düşürlər. Mustafa onların da ürəklərin ələ gətirmək üçün görək onlara nə deyir:

Barmaqlarım pərdələri gəzəndə,

Pərdə gülə, mizrab gülə, əl gülə.

Məclisdə dolanar gülgəz badələr,

Saqi gülə, şərbət gülə, dil gülə.
Mən sevərəm bayram ola, toy ola,

Bu rəsm elimizdə daimən qala.

Rəqibin baxçası, həm bağı sola,

Qohum gülə, qardaş gülə, el gülə.


Dolun gözəlləri bənzər ceyrana,

Cadu qəmzələri ox vurar cana.

Darayıb zülflərin verəndə yana,

Ayna gülə, şanə gülə, tel gülə.


Ey Mustafa, dur sazın al əlinə,

Düz danışar, yalan gəlməz dilinə.

Arzum budur, bayram gələ elinə,

Bülbül gülə, bağban gülə, gül gülə.

Mustafa bu macəradan sonra bir daha yola düşər. Urmu gölünün sahilləri ilə gedərkən Kərgən kəndinə çatır, baxır görür bir yan dağdır, bir yan sudur. Suya gün düşüb və keç­məli bir yer degil, sazını bağrına basır və Kərgəni gözəlləyir:

Bahar fəsli, yaz ayları gələndə,

Arabir dağlarda qarı Kərgənin.

Oxuyar bülbüllər, baş verər güllər,

Gözəl olar hər diyarı Kərgənin.
Kərgən gözəlləri qəsrdən baxar,

Gedən aşiqləri yandırar, yaxar.

Cümədən cüməyə seyrana çıxar,

Qız-gəlini, qadınları Kərgənin.


Kərgən dediycəgin bir bala dağdı,

Al yanı dəryadı, üst yanı dağdı.

Kərgən gözəlləri kağızdan ağdı.

Xəstəyə dərmandı narı Kərgənin.


Yay mövsümü Mustafanın yatağı,

Dəryanın sübh yeli, mənbən sazağı.

İnəgin kərəsi, camışın yağı,

Hesabsızdı mal-davarı Kərgənin.


Qadir Allah yazıları yazanda,

Hər nəyə bir biçim qələm çalındı.

Hər kəsin qisməti oldu müəyyən,

Bir bez geyindi, bir şal indi.


Yaratdı hər nəyi həyyi-kər digar,

Onun təqdirindən olunmaz fərar.

Taman nəzərində birdi, hər nə var,

Biri yetgin oldi, biri kal indi.


Fələk ilən əkdim mən də bir bostan,

Sağda culpər düşüb, solda balstan.

Çox dolandım, yerim oldu qəbrstan,

Barandurda mənə bir yer salındı.


Dollu Mustafayam, sözlərim bitməz,

Nə versən Allahın yolunda, itməz.

Dövran dönər, keçən günə gün yetməz,

Aç gözüvü, gör başın üstə sal indi.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin