Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə74/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   70   71   72   73   74   75   76   77   ...   92
SABİTLƏ MƏHCUŞ XANIM
Sərabda Mehdixan oğlu Sabit öz atası öləndən sonra dövlət-malın əlindən vermişdi. Bir gün anası boynundakı qızıl boyunbağını açıb Sabitə verib “oğul, elatın yaylağa çıxan vaxtıdır, bunu sat, parça al, çıx yaylağa satmağa!” dedi:

Sabit anasının bu işinə dözənməyib dedi:

Həzin-həzin layla çaldın,

Körpə vaxtı sən balana.

Mən böyüdüm, sən qocaldın,

Ömrün getdi hədər, ana!


Pünhan dərdin yoxdu duyan!

Bir yan çiskin, bir yan duman!

Əllərin də dərdə dərman,

Əl qoynuna, söylə cana!

Sevinməsin zülmü verən,

Sabit haqqı dalda görən,

Nəzər eylə gözlərindən!

Qəmin sazın bax çalana!

Sözləri qurtarıb Sabit bazardan tirmə şal alıb çıxdı “Boz­­quş” yaylağına. Söz burada qalsın eşidək Əsəd xandan.

Çəlbiyanlı Əsəd xana Allah təala bir gözəl qız vermiş, adı da Məhcuşdur. Məhcuş elat qızları içrə taysız gözəlliyi olduğuna ad çıxartmışdır. Sabit yaylağa çatıb, qız-gəlinə hay çatdı “yaylağa çərçi gəlib”. Məhcuş da qoşulub qızlara gəldi çərçidən şey-şüy ala, elat qızları Sabiti çevrələyib hərəsi bir şey istəyir. Sabit başını qaldırdı qızların birisinə parça göstər­sin, gözü sataşdı Məhcuşa, elə bil dünya başına dar oldu, sevgi oduna alovlanıb, bir könüldən min könülə Məhcuş qıza vuruldu, Məhcuş da Sabitin gözəlliyinə vurulub hər iki gənc sevda oduna yanıb yaxıldılar. Məhcuş xəyalında öz-özünə de­yirdi “ay Allah, bu oğlana getsəydim yaxşı olardı”. Birdən Məh­cuşun müəllimi Məhəmməd Mirzə onu səsləyib qaytardı evə. Mirzə özün Əsəd xana yetirib dedi:

– Qızın özbaşına getmişdi tirmə-şal almağa, qoymadım, o bir cavan oğlan qıza da bir söz-möz deyər, el içində rüsvay ollaq.

Məhcuşun atası öz qardaşına söz vermişdi ki, Məhcuşu onun oğlu Qala bəyə versin. Əsəd xan yönəlib Sabitə sarı dedi:

– Bala, düz dolan, el içində ad qazan! El-obada sən al­ver eyləyirsən.

Sabit sözləri eşidən kimi duydu ki, Əsəd xan bu sözləri buna deyir. Üz tutub xana dedi:

Getdim gördüm yar yanında məddi!

Dedi: Sabit bu səhmanə gəlməsin!

Nə rəvadı, gülüstanı zağ gəzə,

Deyə bülbül gülüstana gəlməsin!


Eşq atəşi canda çəkər rəbanə,

Hicrin mehnətindən gəlmişəm cana!

Deyirlər şəm yanar, sonra pərvana!

Pərvanələr şəmistana gəlməsin!


Xoryad ola bilməz, bülbüllü çimən,

Hər kəz gülüstanı etməsin məskən!

Sabitəm söylərəm bu sözləri mən,

Yoldan keçən, bu yollara gəlməsin!

Sözlər qurtulan Əsəd xan dedi:

– Bala, kimlərdənsən, ata, baban kimdir?

Sabit dedi:

– Xan, deyim də!

Əsəd xan, sözümə dürüst qulaq ver!

Dünyası tarumar olan mənəm, mən!

Mey içib aləmdə sərxoş olanlar,

Zəhrdən mey içib soldan mənəm, mən!


Gün oldu halımı xoş eylədilər,

Könlümün evində nuş eylədilər,

Yuvası dağılmış quş eylədilər,

Gözləri qan yaşla dolan mənəm, mən!


Anadan olandan gözəl çağlıyam,

Sinəm üstü düyünlüyəm, dağlıyam!

Adım Sabit, Mehdixan oğluyam,

Fələyin əlindən nalan mənəm, mən!

Sözlər qurtaran Əsəd xan “sən Mehdixanın oğlusan!” deyə Sabitin üzündən öpüb apardı öz alaçığına. “Bala, o ki­şi­nin mənim boynumda çox haqqı var” dedi. Namaz vaxtı ol­du, hamı durdu namaza. Sabitin gözü Məhcuşa düşdükdə qib­ləni itirib tərsə durdu. Əsəd xan dedi:

– Bala, qiblə bu yandı!

Sabit üz tutub Əsəd xana dedi:

Əsəd xan, nəzər sal, bir diqqət eylə!

Soruşma qibləni, qiblə belədi!

Xəncər alıb namərd bağrını teylə!

Soruşma qibləni, qiblə belədi!

Əsəd xan özü də şəkk eyləyib qızına dedi:

– Bala, bu yanda otur!

Özü də çöndü Sabit duran yerə. Sabit yenə dönüb durdu Məhcuşa sarı. Əsəd xan dedi:

– Bala, bə dedin qiblə bu yandı axı, bə niyə yerini də­yişdin?

Sabit dedi:

Mənim könlüm yatmayıbdır, oyaqdı,

Həqiqət, mərifət hər ikisi haqdı,

Qibləni soruşsan, qiblə qabaqdı,

Soruşma qibləni, qiblə belədi!


Sabitəm, çox sual eyləmə məndən!

Şikayət eylərəm Allaha səndən,

Məhcuş, camalın ayırma təndən!

Soruşma qibləni, qiblə belədi!

Sözləri eşidən Əsəd xan hirslənib səsləndi:

– Dur mal-matahın götür burdan çıx! Yaylağda qalsan verrəm səni öldürərlər.

Sabit durub alaçıqdan çıxanda yavaşca baxdı Məhcuşa, gördü səssiz, için-için ağlayır. Dözməyib dedi:

Yar, ala gözlərin qurbanı, canım,

Xalların eyləyib divanə məni!

Lalə yanaqlısan, qəmər üzlüsən,

Zülflərin salıbdı zindanə məni!
Bülbül olan ayrı düşməz gülündən,

Kimsə ayrılmasın, doğma elindən,

Məcnunam, dönmərəm Leyli çölündən,

Yar eşqin döndərib Sənanə məni!


Sabit, indi söylə sözün düzünü!

Qəmim yoxdur, görüm yarın üzünü,

Qadir Allah beylə yazıb sözünü,

İstə qulluğuna mərdanə məni!

Sabit gəldi satışa gətirdiklərin yığıb bir yerdə oturdu. Əsəd xan Sabitin yanına gəlib dedi:

– Dur burdan get!

– Xan sənə qurban, gəl məni yardan ayırma.

Xan bu sözü eşidən nökəri çağırıb dedi:

– Apar bunun əl-qolun bağla, sal çadırın birinə, gə­lən­dən sonra deyərəm buna!

Nökər Sabiti sürüyə-sürüyə gətirib saldı alaçığa, əl-qo­lun da bağladı. Sabit əl-qolu bağlı üz tutdu göyə:

Bu can məgər necə olub,

Bir belə dərdi-qəm çəksin!

İllərcə o zalım fələk,

Sitəm üstəm, sitəm çəksin!


Yar niqabın atsa yana,

Şoqu düşər bu cahana,

Tapşıram xurşid xaqana,

Bu aradan qədəm çəksin!


Fələk verdi mənə cəza!

Taleimi yazdı taza!

Sabit deyir küncü qəza,

Mən yazığa qələm çəksin!

Sabitin umudu hər yandan kəsilib mövlası Əlini imdada is­tədi. Əsəd xan da Məhcuşunan Mirzəni götürüb çıxdı dağa. Gül­lü-çiçəkli bir yer tapıb oturdu. Məhcuş atasından ayrılıb qəm­li-qəmli üz qoydu çəmənlikdə gəzməyə. Bu yandan da Məh­­­cuşun anası Sabitin əl-qolun açıb buraxdı. Sabit yola düşüb Əsəd xanın kəndinin yolunu soruşa-soruşa gəlib bir ço­bana çatdı:

Başına dolanım, ay çoban qardaş!

Alagözlü, nazlı yardan xəbər ver!

Məni saldı Məcnun kimi çöllərə,

Ala gözlü, nazlı yardan xəbər ver!

– Bala, yarın kimdi?

Səhər-səhər çıxan dan ulduzudu,

Aşıqların söhbətidi, sözüdü,

Adı Məhcuş, Əsəd xanın qızıdı,

Ala gözlü, nazlı yardan xəbər ver!

– Bala, sən kimsən, Məhcuşu axtarırsan?

Mən Sabitəm, başa qara bağlaram!

Sinəm üstün düyünlərəm, dağlaram!

Dəli çaylar kimi dayim çağlaram!

Ala gözlü nazlı yardan xəbər ver!

Çoban dağı görsədib: “Bax! Əsəd xan qızınan dağdadır” dedi. Sabit çobandan ayrılıb üz qoydu dağa, dağın ətəyində gördü Məhcuş bir göl qırağında soyunur, daşın dalında giz­lən­di, Məhcuş girdi suya. Daşın dibindən çıxdı:

Ay suyun sonası, ver bir icazə!

Əyləşibən qulluğunda qalım mən!

Hurusan, pərisən, ya ki qılman,

İzin versən qol boynuna salım mən!

Səsə Məhcuş dönüb gördü Sabitdi. “Buradan get! Atam görsə, ikimizi də öldürər” dedi. Sabit saymayıb sözünün ardın dedi:

Yar deyibən xidmətində qalaram,

Kərəm ölüb atəşinə yanaram

Gecə-gündüz hicrin sazın çalaram!

Öl desən, vallah yolunda ölüm mən!
Sabit eşq əlindən daha neyləsin?

Xəncər alıb qara bağrın peyləsin!

Dili tutmur, beş kəlməni söyləsin!

Qıyma, güllü bağda, gültək solum mən!

Bu anda Mirzə Əsəd xanı yatılı qoyub gəzməyə çıxmış­dı ki, gözü sataşdı Sabitinən Məhcuşa. Gəlib yanlarına istədi dillənsin, Sabit yapışdı qolundan: “Ya bizim siğəmizi oxu! Ya səni öldürəcəm”. Mirzə qorxusundan başladı Sabitlə Məhcu­şun siğəsin oxusun. O yandan Əsəd xan yuxuda gördü bir üzü işıqlı atlı deyir:

– Əsəd xan, Məhcuş Sabitindi, qoy evlənsinlər!

Əsəd xan yuxudan dik atılıb gördü Mirzə gəlir dalısıca da Sabitinən Məhcuş əl-ələ verib gəlirlər, Mirzəni çağırıb dedi:

– Mirzə, bu ikisinin siğəsin oxu! Bir-birlərinə halal olsunlar.

Sabit dedi:

Eşit ərzi-halımı, sənə söyləyim!

İncitmə Mirzəni, sən də Əsəd xan!

Dil cavabı burda əyan eyləyim,

İncitmə Mirzəni, sən də Əsəd xan!
Şeyda bülbül yad bağda susubdur,

Bu yaylaqda badı-sərsər əsibdir,

Mirzə su içində kəbin kəsibdir,

İncitmə Mirzəni, sən də Əsəd xan!


Doğru desən, doğrulardan doğruyam,

Tərlan olsa, bu dağlarda ovlayam,

Sabit deyir, Mehdixanın oğluyam,

İncitmə Mirzəni, sən də Əsəd xan!

Əsəd xan gördü siğə oxunub, daha bir söz deməyib, qı­zın, kürəkənin də götürüb çıxdı yaylağa, qardaşı oğluna da ba­cısı qızını alıb, hər yandan qonaqların çağırıb bəylərin iki­sinə qırx gün, qırx gecə toy tutdu.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin