Azərbaycan miLLİ elmlər akademiyasi


Port-Səiddən Yafa limanı istiqamətinə yola düşdük



Yüklə 2,9 Mb.
səhifə19/27
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#82678
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

Port-Səiddən Yafa limanı istiqamətinə yola düşdük.

h.q.1293-cü il 11 məhərrəmül-həram, düşənbə günü (1876, 9 fevral). Axşamdan yarım saat keçmiş “Hunqarıc” paroxodu Port-Səiddən yola düşdü. Bu paroxodun adı Macarıstan şəhərlərindən birinin (paytaxt) adından götürül­müş­dür.

Düşənbə günortadan iki saat keçmiş Yafa limanına yetiş­dik. Gəmi lövbər atdı. Port-Səiddən Yafayədək məsafə 135 mildir. Gəminin hərəkəti Şərq istiqamətinədir. Yafa Beytül­mü­qəd­dəsdə limandır, çox gözəldir və təpənin üstündə yerləşir. Bu cə­hətinə görə o yer müşahidə məntəqəsi kimi diqqətəlayiqdir.

Gəmidən çıxıb Yafanı gəzməyə getdim. Qayımməqam Ehsan bəy gətirdiyi əsgərlərlə sahildə dayanmışdı. Qayıdarkən paroxoda qədər müşayiət etdi. Həm də paroxoda gəldi. Ehsan xan türk nəciblərindəndir. İran dövlətinin Yafadakı konsulunun müa­vini Əhməd əfəndidir. Qüdsdə isə Xəlil Məhəmmədhadi əfən­didir. O, Şirü-Xurşid bayrağını görərək gəmiyə gəlmişdir. Qüds­də çox yaxşı işlər görür və ingilis, ərəb, türk dillərini bilir. “Məryəmiyyə”nin müqəddiməsində demişdim:

Ta Mesr beyayem o nəyayəm

Digər beçe san soxansərayəm

İndi gərək deyəm:

Ta Yafe beyayəm o nəyayəm

Digər beçe san soxənsərayəm.

Bizim heç Yafaya gəlmək fikrimiz yox idi. Qərara almışdıq ki, Port-Səiddən İsgəndəriyyəyə gedək. Bu gəmi axşam yola düşür və digər gəmi bir həftədən sonra gəlir. Nə qədər cəhd etdimsə, Qüdsi-Xəlili və Beytül-müqəddəsi ziyarət etmək üçün getmək mümkün olmadı. Həsrətlə Yafadan getdik.

İnşallah, Mədineyi-Münəvvərədə niyyət elədim ki, bir də­fə də Məkkeyi-müəzzəməni ziyarət etmək şərəfinə nail olum, elə bilirəm ki, inşallah qəbul olunacaq və Allah Beytül­mü­qə­d­dəs ziyarətini qismət edəcək!

Yafada yaxşı bağlar vardır. Burada dolabla su çəkirlər. Bağların çoxunda portağal yetişir. Bu meyvələr o qədər iridir ki, 4-5 ədədi bir Təbriz məni (1mən-2, 944kq. Təbriz məninə bərabərdir-T.H.) olar. Mən maraq üçün birini çəkdirdim, yüz otuz səkkiz misqal gəldi. Burada turş limon da vardır.

Xarici dövlətlərin konsulları Yafada yerləşmişlər.

Yafanin yaxınlığında liman qapısından daxil olduqda dənizin ortasında təbii daşların əlaməti görünür və düşünməyə əsas verir ki, burada vaxtilə qədim şəhər olmuşdur və tədricən suyun təsirindən dağılmışdır.

Bu günlərdə Yafada olan Əhməd bin Tulun qalası Osmanlı dövlətinin övliyaları tərəfindən fransızlara satılmışdır. Onun ortasında qədim bir came olmuşdur, indi dağılmışdır. İbrahim paşa həmin qalanı və cameni cəbbəxana və silah anbarı etmişdir. Fransızlar düşünürdülər ki, came bu halda korlanır. Müsəlmanlar ah və nalə edirdilər ki, min illik tarixi olan Əhməd bin Tulun qalasının yanında qədim camenin olduğu barədə Əlahəzrət Sultanın yəqin ki, xəbəri yox imiş.

Axşam Yafa qazisi, Xalid bin Vəlidin övladlarından olan Əbdürrəhman əfəndi paroxodun yanına gəlib, bizi görmək istədi. Müşarileyh çox savadlı, ağıllı bir insandır. Onun ata babasının əsli Qüdsi-Şərifdəndir. O, Yafaya şəriət hakimi vəzi­fə­sini icra etmək məqsədilə gəlmişdir.

Yafa 34 dərəcə 4 dəqiqə en dairəsində, 43 dərəcə 46 dəqiqə uzunluq daiərsində yerləşir.
Yafa limanından yola düşdük, Beyrutdan görünüş.

h. q. 1293-cü il, 12 məhərrəm ül-həram, seşənbə (1876, 10 fevral). Axşamdan yarım saat keçmiş paroxod Yafa lima­nın­dan yola düşdü (Ənbiya surəsi, 89-cu ayədən: “Rəbbim! Yalqız qoyma məni. Sən varislərin ən yaxşısısan”. Dünən axşamdan Allahın fəzlindən, kəramətindən dəniz sakitdir. Bu gün günortadan bir saat keçmiş Beyrut limanına daxil olduq. Bu liman Fələstinin limanlarındandır.

Avropalıların Sent Canəyri adlandırdıqları Hayfa və Əkkə limanları ilə üzəüz olan Sur və Seyda limanlarından keçdik.

Beyrut hündür bir yerdə, dağın və təpənin üstündə yerləşmişdir. Orada evlər də tikilmişdir. Oralar çox səfalıdır. Beyrutun hər məzhəbdən olan 80 min əhalisi vardır. Bütün xarici dövlətlərin konsulları burada yerləşmişdir.

Beyrutun şərqində Qəsrvan dağı yerləşmişdir, onun zirvə­sin­də daim qar olur, deyilənə görə yay aylarında da oradan Bey­ruta qar gətirirlər. Bu dağ məşhur, əzəmətli Lebnan dağının sil­silə dağlarından biridir və Trablisdən Seydaya qədər ərazini əha­tə edir, yəni Beyrutun şərq, cənub və qərbini tutmuşdur. Beyrutdan hansı tərəfə gedirsənsə get, yenə Lebnan silsilə dağlarından keçmiş olursan.

Beyrutun özündə, şəhərin şərq tərəfindən keçən bir çay axır və dənizə tökülür, çayın suyu yaxşı deyildir, Nəhr-əl-Kəlb yaxşı bir çaydır, Qəsrvandan axır, onun suyunu ingilis kom­pa­ni­yası Beyrut şəhərinə gətirmişdir. Nəhr-əl-Kəlbdən Be­y­ru­ta­dək məsafə 4 saatlıq bir yoldur. Bu çaydan evlərə çəkilən su əhaliyə ildə 150 franka başa gəlir.

Fransa, Amerika, İngiltərə və Almaniya kompaniyaları xeyli xərci olan erməni, rum və katolik qızları üçün mədrəsələri açmışlar. Bu mədrəsələrdə 1000 nəfər qız təhsil alır. Deyirlər ki, övlad adətən anaya bağlı olur, onlardan doğulan işəvi də olur. Beləliklə isəvilər məzhəbi geniş yayılır, artır.

Səhər İlyas bəyin oğlu, İran dövlətinin konsulu İsgəndər bəyin tərcüməçisi paroxoda gəldi, üzr istədi ki, İsgəndər bəyin gözü ağrıdığı üçün dənizlə yox, quru ilə faytonda gedəcək, indi faytondadır, gözü bağlıdır. Faytonun yanındakı əsgərlər təzim etdilər.

Konsulxanaya getdim. Oradan faytona əyləşib, şəhər-ət­ra­fı gəzintiyə çıxdım. Şam ağacları sıralanmış yolun tərəfində ge­niş bir səhra gördüm. Burada küknar ağacına oxşayan ağac var idi və onun toxumlarına fıstıq deyirlər. O ağac sənubər nö­vün­dəndir. Şam da deyirlər. Bunların fərqi ondadır ki, bunun toxumu iridir, püstə qoxusu vardır, yeyilir, çox yağlıdır. İranda bitən Şam ağaclarının toxumları nisbətən kiçikdir. Lüğətdə fıstıq püstə adı ilə məşhurdur və onların faydası məlumdur, lakin ərəblər və Misir, Şam əhalisi şam cinsindən olan bu ağaca sənubər deyirlər. Onun toxumundan yağ çəkirlər və fistıq yağı adlanır.

Əlbəttə, bu cinsdən 1000 ağac növü vardır. Hamısı bir boy­da, bir əndazədədir. Bu yerlər çox səfalıdır. Burada bağ­lar­da ağaclar, badam çiçək açmışdır. Naringi və limon ağacları bir bağ­­da əkilmişdir, bu yerləri çox gözəlləşdirir.

Oradan qayıdıb gördüm ki, liman rəisi Kamil bəy sahildə bir qayıq hazırlamışdır. Bu, məni aparıb paroxoda mindirmək üçün idi. Belə məlum oldu ki, bu qayığı bir aydan artıq müddətdir Beyrutda olan Şam valisi Həmdi paşa göndərmişdir.

Əvvələn, Həmdi paşanın özü heç əhvalımı soruşmamışdır və özü də görüşə gəlməmişdir. Onun şəni mənə baş çəkən Hicaz valisindən, Təqiəddin paşadan artıq deyildir. O, məni həm qarşılamışdı, həm də yola salmışdı.

İkincisi, qayığa ay-ulduz bayrağını vurduqları üçün qayığın digər tərəfinə də ehtiram əlaməti olaraq Siru-Xurşid bayrağını taxmalı idilər. Ona görə də üzr istəyərək dedim ki, öz qayı­ğımız hazırdır, sizin zəhmət çəkməyinizə razı deyiləm. Öz qayı­ğımıza əyləşərək gəmiyə gəldik. Müşarileyh də öz qayı­ğın­da bizimlə yanaşı paroxoda yetişdi, orada avar çəkənlər avarları yuxarı qaldırdılar, bu qayığın təzim etməsinə işarədir, Kamil bəy də qılıncını çıxararaq təzim etdi, mən də cavab verdim və paroxoda gəldim. Konsulluğun tərcümanı çox təşəkkür etdi və dedi ki, onlar üçün bizim qayığımızla yanaşı üzmək böyük şərəf və hörmət oldu.

Mən dedim ki, əgər Həmdi paşa qaydasında hərəkət etsəydi, gərək ya paroxoda, ya da konsulluğa gəlməli idi və əlbəttə ki, onda onun qayığını qəbul edərdim. İndi heç haqqı yoxdur ki, mən onun göndərdiyi bir qayığa görə ona təşəkkür edəm.

Xülasə, çərşənbə gününün axşamı gecədən bir saat iyirmi də­qiqə keçmiş gəmi Qıprıs adasına tərəf salamatlıqla və xeyirlə yo­la düşdü. Dəniz bir qədər təlatümlü idi, ləpə vardı, hava bu­lu­d­lu idi.

Beyrut otuz üç dərəcə əlli iki dəqiqə en dairəsində, otuz beş dərəcə otuz beş dəqiqə uzunluq dairəsində yerləşir.


Yafadan Larnaka istiqamətinə yola düşdük.

h.q. 1293-cü il, 13 məhərrəmül-həram çəharşənbə günü (1876, 11 fevral). Günortadan bir saat keçmiş gəmi Larnaka limanına daxil oldu, türklər ona Tuzlə deyirlər. Müsəttəh torpağında yerləşir.

Tuzladən gəmiyə Firəng kələmi və yaxşı kahı və əla pendir gətirdilər.

Tuzladə 4-5 min əhali yaşayır. İstədim ki, şəhərə tamaşa etməyə çıxım. Dəniz o qədər dalğalı və narahat idi ki, kapitan qayıqla üzməyə icazə vermədi. Bu vaxt yağış da yağırdı. Günəşin batmasına yarım saat qalmış paroxod hərəkət etdi.

Kıprıs Müaviyə bin Əbu Sufyan hakimiyyəti zamanı xəlifə Osmanın dövründə, h.28-ci ildə fəth olunmuşdur. Bu ada Şərqdən şimala və Qərbdən cənuba tərəf uzanır. Əndəryə burnundan ta Ərnavut burnunadək 140 mildir. Onun eni şimaldan Kurmakiti burnundan cənubda Vate burnunadək 52 mildir. Ensiz hissəsi Əndəryə burnu tərəfdə olub, 4 mildir, get-gedə enlənir.

Adanın şimali-şərq tərəfində yerləşən Pənin Şula təx­mi­nən 30 mil olar. O, cənubda olan Əndəryə burnundan Kaliyə bur­nuna qədər uzanır.

Qamus müəllifi deyir: Kıprıs böyük adadır, Ruma məxsusdur. Orada Məlcanın qızı Ümmi-Həram vəfat etmişdir və Ümmi-Həram Üns bin Malikin xalası və İbadət bin Samətin zövçəsidir...“Kamil-ət-tarix”-də Kıprısın fəthi haqqında müfəssəl yazılmışdır.

Larnaka 34 dərəcə 56 dəqiqə en dairəsində 33 dərəcə 40 dəqiqə şərq uzunluq dairəsində yerləşir.


Larnakadan Rodesə

h.q.1293-cü il 14 məhərrəmül-həram, pəncşənbə günü. (1876, 12 fevral) Gecədən keçmiş paroxod yola düşdü. Biz halsız düşmüş, hərəkətdən qalmışdıq. Dəniz tufanlı, qasırğalı idi, güclü külək əsir, yağış yağırdı. Heç yazmağa imkan yox idi. Gecə keçdi, pəncşənbə günü hündür dalğalar gəmini az qala batıracaqdı. Allaha yalvarmaqdan və dua oxumaqdan başqa əlimizdən heç nə gəlmirdi. 36 saat bu vəziyyətdə qaldıq, heç çay içməyi belə düşünmürdük. Haldan düşmüş vəziyyətdə, bu halda dedim:

Ey Bəhri-Sefid, rusiyahi nə koni,

(Ey Ağ Dəniz, üzüqaralıq etmə),

Çün Yunisman be kame-mahi nə koni.

(Yunis kimi bizi balıqlara yem etmə),

Ma şieyi-Heydərim o övladi-Bətül,

(Biz Heydər şiəsiyik və Bətul övladıyıq),

Ba şiyeyi-şir həqq təbahı nəkoni.

(Şirin (Əlinin) şiələrinin haqqını məhv etmə.

Gəminin bütün əhli, müdrik insanlar ölümcül vəziyyətə düşmüşdülər.

Allah bu iki gecədə, bir gündüzdə bizə qayğıkeşlik edərək bizi qara gündən qorudu. Gəminin gah havaya qalxması, gah suya qərq olması ilə yaxın fəlakətdən bizi uzaq etdi, qurtulduq.

Fransız qadınlardan olan bir nəfər gəmi sakini santur çalıb oxuyurdu. Biz gəmi ilə suyun gah altında, gah da üstündə qalmağa məcbur idik, qadın isə santurun gah zili, gah da bəmi altında qalmağa “məcbur idi”.

Qadın hər gün santurda o qədər çalıb-oxuyurdu ki, salon­da olanları təngə gətirirdi. Biz elə bir hala düşmüşdük ki, hiss edir­dim ki, bu zil və bəm səslər tədricən eşidilməz oldu. Sonra məlum oldu ki, gəmi qalxıb-enərkən kreslo birdən fransız mada­mın altından qaçmış və o da bizim vəziyyətimizə düşmüş­dür. Bu gün səs eşidilmədi.

Həqiqətən, Allah rəhm elədi ki, bu küləkdən, yağışdan, tufandan və şahə qalxan ləpədən xilas olduq.

Kıprıs limanından Rodosə qədər məsafə üç yüz bir mildir, bu zəhmətə giriftar olduq. Yenə cənabi-Seyyidüş şühədanın ruhu fəryada yetişdi.

Cümə günü gecə yarıdan keçmişdi, səhərə yaxın idi ki, külək zəiflədi və hava açıldı və paroxod sakit hərəkət etməyə başladı. Bu gəminin kapitanının adı Antonio Qubişişdir. Kapitan kamil, qabiliyyətli ustaddır. O deyirdi: “Mənim əlli doqquz yaşım vardır, qırx beş il olar dənizdə işləyirəm, otuz ildir ki, gəmi komandanıyam, paroxod qəzasından qocalmışam”. Gəminin uzunluğu 300 fut, eni 37 fut, hündürlüyü isə 26 futdur. Gəmi möhkəm idi ki, ilahinin fəzlindən, bu tufana və təlatümə dözməyi bacardı.
Rodos Limanına daxil olduq.

h.q.1293-cü il, 15 məhərrəm ül-həram, cümə günü. (1876, 13 fevral) Günortadan bir saat keçmiş paroxod Rodos lima­nın­da lövbər saldı. Beyrutdan azad edilərək Rodosa göndərilmiş Raif əfəndi bizim gəmidə idi və o, Rodosda bizdən ayrılaraq təyin edildiyi iqamətə getdi.

Günortadan 3 saat keçmiş paroxod yola düşdü. Yuxarıda deyildiyi kimi, Rodosa tabe olan kəndlər və ətrafın əhalisi 40 min nəfərdir. Rodos yaxşı bir qaladır,müsəlman əhalisi onun daxilində, xarici məzhəblər isə qalanın kənarında yaşayırlar.

Rodos adası Şimali-Şərqdən Cənubi-Qərb istiqamətinə uza­nır. Onun uzunluğu Şimali-Şərqdə yerləşən Qavon bur­nundan (Calavarda) ta cənubda yerləşən Rasonisiyədək 41 mil­dir. Eni isə şimalda yerləşən Karyesdən, ta cənubda ye­r­ləşən Lindesədək 25 mildir. Onun ən ensiz yeri 2 mildir.

Cəzirənin ortası silsilə dağlardan ibarətdir və axar sular bu dağlarda mövcuddur. Rodos yunan dilində “behişt” demək­dir. Bu adanın yaxşı suyu və havası olduğu üçün Rodos ad­lan­dı­rılmışdır. Rodos 36 dərəcə 36 dəqiqə şimal en dairəsində, 21 də­rəcə 16 dəqiqə şərq uzunluq dairəsində yerləşmişdir.

Rodos adasında dünyanın yeddi möcüzəsindən biri yer­lə­şir. Bu, Apollonun heykəlidir. (Əsatiri Yunan Allah­ların­dan­dır). Onun haqqında “Came-cəm” əsərinin 92-ci babında bəhs et­mişəm. Bu adadan ki keçdin, hər yer Pənin Şəla sahilləridir. Anadolu yaxındadır. Bütün adalarda abadlıq əlaməti gö­rün­mək­dədir.

Günəşin batmasına iki saat qalmış Kos adasına paralel yerə çatdıq, türklər ona Astani-Kea (Kui) deyirlər. Çox gözəl limandır. Hər bir dağda dəmyətorpaq əkin sahəsi vardır. Mənim nəzərimdə bütün adalardan yaxşıdır. Bu Kos adasının uzunluğu Şimaldan Şərqə və Cənubdan Qərbə 22 mildir, eninin ən dar hissəsi 8 mildir.

Kos adasında məşhur alim, həkim Hippokrat (e.ə. 460-377) anadan olmuşdur. Qala kənarındakı körpü yaxınlığında qüvvətli bir çinar əzəmətli heykəl kimi ucalır. Ətrafını qüvvətli budaqları tutmuşdur. Kos adasının əhalisi arasında belə deyirlər ki, həmin çinarı Hippokrat əkmişdir.

Sol tərəfdə bir neçə kiçik adalar vardır, yəni kiçik dağ hissələri,bunlar Tehranın Dovşantəpə dağına, bir parça yaşıl zümrüd parçasına bənzəyir.

Burada qoyunlar,müdafiəsiz çobanlar və qurdların xəsarəti var, nə qədər yaşıllıqdır, qoyunlar otlayırlar, sonra gedirlər və yenə gəlirlər.

Rodosdan Saqqız adasınadək paroxodun yolunda hər yer dar boğazdan ibarətdir, hətta bəzi yerlərdə yolun eni 1 mildir. Lakin çox səfalıdır və bu kiçik adalar İsgəndəriyyəyə gedərkən yolun sol tərəfində qalırdı. Bunlar: Kalimnos, Leros, Sporades, Akri və Samosdur. İndi də sol tərəfdədir.

Bodrum 37 dərəcə 6 dəqiqə şimal və 27 dərəcə 29 dəqiqə şərq uzunluq dairəsində yerləşir.



İzmir körfəzinə daxil olma, gəminin alt hissəsində yan­gın.

h.q.1293-cü il, 16 məhərrəmül-həram (1876, 14 fevral). Şənbə axşamı dəniz salamat və aram idi, gəmi ilə mülayim rəftar edirdi. İzmir körfəzinə daxil olduğumuz vaxt ətrafda olan dağlar, yaşıl meşəlik gözəl, dəniz kənarındakı kəndlər səfalı idi. İzmirə 10 mil qalmış dənizin ortasında bir fənər qoymuşlar. Qeşle yaxınlığında da başqa bir fənər görünürdü.

Günortadan dörd saat 15 dəqiqə keçmiş limana daxil olduq.

Kapitan fərman verdi ki, paroxod nəzərdən keçirilsin. Mən göyərtədə dayanıb, durbinlə İzmirə tamaşa edirdim. 5-6 dəqiqə keçmişdi ki, gördüm böyük tüstü borusundan ətrafa buxar yayılır, digər gəmilərdə isə belə deyildir. Buxar gəminin ətrafını bürümüşdü. Gəmi təlatümdə idi. Mən düşündüm ki, yəqin dənizdə zəlzələ baş veribdir. Xeyli qorxdum. Rəngi qaçmış kapitana dedim: “Bir göstəriş verin!” 2-ci kapitan qaçdı. 15 dəqiqə müddətində buxar qazanxanadan ətrafa çıxa­raq küləyin gücündən gəminin yarısının divarını qaraltmışdı. Ətraf­dakı paroxodlarda olanlar da narahat idilər. İkiyüzə qədər qayıq və barkaş dərhal paroxodun ayağına çatdırıldı. Bu gəmi qərq olacağı təqdirdə insanları xilas etmək üçün idi. Sonra məlum oldu ki, qazanın borusu partlamışdır və 5 nəfər gəminin fəhləsi xəsarət almışdır, bunlardan 3-ü dünyasını dəyişmişdir. Gəmi sakinləri bunu bildikdə fəryad etdilər. Mən I kapitanın yanında dayanmışdım. O qədər halsız idim ki, gəmi barədə heç nə düşünə bilmirdim.

Təsadüfən, Allahın fəzlindən gəmidə dəlik əmələ gəlmə­miş­dir. Gəmi bata bilərdi, qərq olardı!

Həqiqətən gəmiyə göz dəydi! Gəmi sakinləri hamı onun hərəkətinə heyran idilər. Uzaqdan Avstriya gəmisi görünürdü. Bizim gəmidən 100, yaxud 100-dən artıq zər uzaqda idi. Gəminin yanında aydın xətlə yazılmışdı ki, bu gəmi Antoni Rosl adlanır. Bu gəmi ilə İstanbuldan İsgəndəriyyəyə getmişdik. Müşarileyh Şiru-Xurşid pərdəsini gördükdə dərhal qayığa minərək görməyə gəldi.

Ona demişdilər ki, paroxodda gedən Vəziri-Muxtardır (səlahiyyətli nümayəndə).Qayıqda görmüşdü ki, yelkənin üstündə bayraq vardır və demişdi ki, yəqin filankəs bu gəmidədir. Adətən səlahiyyətli nümayəndələr və Baş konsullar və sərkərdələr üçün gəminin yanında, arxa tərədə bayraq asırlar. O, tez gəldi və minnətdarlıq edərək dedi: “Bu hadisə 10 il əvvəl baş versə idi, gəmi və əhalisi təmamilə məhv olmuşdu. İndi gəminin qazanı başqa üsulla düzəlmiş və tamam sıradan çıxmır”.

Bu hadisə mənim üçün Kürdüstan hakimi olarkən bir kənddə baş vermiş hadisədən də ağır idi (Bu hadisə barədə Fərhad Mirzə Qacarın “Tərcümeyi-hal”ında bəhs olunmuşdur-T.H.).

Həqiqətən baş verən bu qəribə hadisə çox dəhşətli idi. Tufanlı havada Kıprıs və Rodos arasında gəmidə yanğının baş verməsi insanların məhv olması ilə nəticələnərdi. Biz nə edə bilərdik? Allahın istəyi baş verir, istəmədiyi yox!

Antoni Rosl deyirdi: “Yəqin ki, siz və əyalınız Allahın nəzərində olmusunuz! Əgər dənizin ortasında qazana sədəmə toxunsa idi, xeyli itki olacaqdı.Allaha çox şükür olsun ki, mənzilə çatdırdım”.

Gər səri-hər muyi-mən gərdəd zəban,

Şükürhayi-to nəyarəd dər bəyan.

Allaha şükür ki, bu hadisə limanda baş vermişdir və gəmini yararsız etmədi. Dərhal Mir Hacı Abbas ağanı yenidən İstan­bula səlahiyyətli nümayəndəyə, teleqraf vurmağa gön­dər­dik.

Sonra gəminin kapitanı gəldi. O dedi ki, gəmi 4-5 gün ləngiyəcəkdir. Başqa bir paroxod, (Alman kompaniyasından olan gəmi) bugün İstanbula gedir, əgər meyliniz varsa, tələsin, lakin paroxod bir qədər kiçikdir.

Mən dedim: “Allah bizi İzmir limanına qədər salamat çatdırmışsa, nəinki kiçik paroxodlar, o bizi qayıqla da, İstanbula sağ-salamat çatdıqmaq qüdrətinə malikdir”.

Bu arada konsul Məhəmməd Ağaya demişdilər ki, belə bir paroxod gəlmişdir və Şirü-Xurşid” bayrağı görünür. O güman etdi ki, mən Şam yolu ilə qayıdıram, yəqin ki, bu başqa İran əyanlarındandır, dərhal ata minərək gəmiyə gəldi. Qayıqda bizim gəlməyimizdən və gəminin vəziyyətindən xəbər tutduqda məəttəl qaldı və İzmirdə bu hadisəni eşidən zaman təəccüb etdiyini bildirdi.

Sonra İzmirin və Aydının valisi Xurşid paşa bizim gəldiyimizi eşitdikdə gəmiyə, görüşə gəldi. Əynində geydiyi rəsmi libasda İran dövlətinin nişanı vardı. Onunla birlikdə sahibmənsəblər də gəlmişdilər.Çox prinsipial və ağıllı adamdır. Bir saata qədər oturub getdi. İnsaniyyət və ənənəni bilmək başqa bir şeydir. Beyrutda bizim gəlişimizi eşidən Həmdi paşa 12 saat limanda qalmağımıza baxmayaraq, heç əhvalımızı soruşmadı. Xurşid paşa isə İzmir valisi, xəbər tutan kimi dərhal paroxoda gəldi.

Gəmi Günəş batanədək burada qaldı. Konsul Məhəmməd ağa təklif etdi ki, onun görüşünə gedim. Mən də insanpərvərlik naminə razı oldum. Hökümət idarəsinə sahildəki qayığa əyləşərək getdim.

Sahildə bir polk əsgər, musiqiçilər və sahibmənsəblər da­yan­mışdılar. Vali paşa imarətin yanında qarşıladı. Mən 15 də­qiqə əyləşib, geri qayıtdım. O, təəssüf edərək dedi: “Təəssüf ki, İzmirin gözəl yerləri ilə tanış ola bilmədiniz”. Mən də de­dim ki, buna təəssüf edirəm. İzmirdə iki gün qalmaq istə­yir­dim.

Qayıtmaq vaxtı yetişdi. Dövlət qayığını Hilal-Əhmər və Şiru-Xurşid bayrağı ilə bəzəmişdilər. Qayığa mindikdən sonra limanda həmişə hazır olan Osmanlı dövlətinin toplarından 21 yaylım top atəşi açıldı. Şəhərin 5 nəfər sahibmənsəbi və bəylərbəyisi, digərlər bizi paroxoda qədər müşayiət etdilər, bir qədər əyləşib qayıtdılar.

Məhəmməd ağaya dedim ki, təcili olaraq vəziri-muxtara teleqrafla xəbər göndərsin. O, paroxodda baş vermiş hadisədən xəbərdar olub pərişan olacaq.

İzmirin və Aydının sabiq hakimi Əsəd paşanın əhvalını soruşdum. O, bir neçə müddətdir ki, Osmanlı dövlətinin Sədr-əzəmi təyin edilmişdir. Dedilər ki, Siz İzmirdən getdikdən bir neçə gün sonra o qayıtmışdır və xarici dövlətlərin konsullarının qonağı olmuş, sabahı gün vəfat etmişdir.

Hamı onun zəhərləndiyini söyləyir. Həkiminin özü də bu fikirdədir. Çoxları onun ölümünə təəssüf edir.

Qürub vaxtına iki saat qalmış “Piladi” adlanan paroxoda gəldik. Bu Alman şirkətinə məxsusdur. I kapitanın adı Palvidir.

Paroxodun uzunluğu 220 futdur, eni isə 22 futdur, onun hə­rə­kəti saatda on mildir. Yekşənbə (bazar günü-T.H.) gecəsindən 45 dəqiqə keçmiş paroxod, salamatlıq və uğurlu yol olsun, hərəkət etdi.

Bu hadisə ilə əlaqədar yazmışam.

Sobhe-şənbe be ruze şanzdəh hom, (1293, məhərrəm)

Əndər an məh ke sal şod təcdid,

Pare-tarix bud, ya ğafer (1292)

Əndərin sal yek koni to məzid.

Do vo pənceh dəqiqe rəfte ze ruz

Ke be İzmir ta səfine rəsid.

Əz pəse şeş dəqiqe dər İzmir

Dige-vapore-“Hangri” terekid

Fəzle-həqqra nəgər be ləngərgah

Gəşt in kar-nagozir-pədid

Çun konəm şükür fəzl-yəzdanra

Ke rəhim əst bər əmae vo əbid.

Zal ba dal qafiye kərdən

Be xəta gəşte əst rəsme cədid

Vər-nə Sədi ke`ustad bud

Qafiyə kərd ba ləzid? Şenid

Qafiyə saxt bud ba məxuz

Ta nəbaşəd dər in soxən tərdid

Kəs nəpəziroft əz u vo mixanənd

Be qələt comlegi be dal ləzid

Əlqissə, Port-Səiddən İzmirədək paroxodun hərəkəti bu qayda ilə oldu:

Port-Səiddən Yafayədək hərəkət ş imala maili olaraq şərq istiqamətinə.

Beyrut limanından Kıprıs adası limanınadək (xəritədə Larnaka yazılır) gəminin hərəkəti şimalla qərb arasındadır və türklərin Larnaka adlandırdığı limanın yaxınlığında duz mədəni vardır. Bu yer “tuzla” (duzla) adlanır. Bu da farsca nəmək deməkdir. Ərəblər isə “məmləhə” deyirlər. Adanın ortasında yerləşən Kıprısın paytaxtı (Levquşe) Levkosiadan Tuzleyədək 8 saat məsafədir. Xəritələrdə paytaxtı Lefquşe Levkosia kimi yazırlar.

Paroxodun keçdiyi Tuzledən Kıprıs adası uzununa Qərb istiqamətində hərəkət edərək, Kıprısın cənubunda yerləşən Ekroteri limanına çatır. Oradan keçib yenə adanın uzununa qərb istiqamətinə hərəkət edib, şimalla qərb arasında yoluna davam edir ki, adanın paralelindən keçib getsin.

Kıprıs adası Şərqdən Qərbə doğru uzanır, ondan sonra düz Şimalla Qərb arasında hərəkət edib, ta Rodos limanına qədər yol davam edir. Adanın özü də limanın adı ilə adlanır. Rodos adası Şimali-Şərqdən Cənubi-Qərb istiqamətinə uzanır və bu liman cəzirənin Şimali-Şərqində vaqedir.

Oradan keçdikdən sonra hər tərəf Anadolu sahilinə yaxınlaşır və hər tərəfdən sahillər yaxşı görünür.

Rodosdan bir neçə miı qərbə hərəkət etdikdən sonra yenidən şimali qərbə meyl etməklə hərəkət davam edir.

Penin Şlanın sonunda yerləşən Aydının əyaləti olan Kariosun paralelində Rodos torpağı Montaşiye vilayətinə birləşir.

Paroxodun hərəkəti bir neçə mil şimal istiqamətinədir. İsgəndəriyyəyə gedərkən kiçik adalar sol tərəfdə qalmışdı. Karios kiçik ada olub, Nisyuros, Pis Qapı, Kərki kimi yenə də sol tərəfdədir. Karios burnu Nisyuros adası ilə üzbəüzdə yerləşmişdir.

Paroxod o burunu bir neçə mil keçdikdən sonra az bir məsafəni şimal və qərb arası hərəkət edir. Sonra yenə də bir neçə mil qərb istiqamətində Buçinturum (Bodrum) tərəfə hərəkət edir. Bu Penin Şla da Montaşiye vilayətinə tabedir. Anadolunun cənubunda yerləşir və Kios adasının yanındadır. Türklər Kios adasına Astan Kuy deyirlər.

Bodruma isə yunanlar Ali Karnasus deyirdilər.

Kios adasından bir neçə mil keçdikdən sonra paroxodun hərəkəti yenə Şimali-Qərb istiqamətinə oldu və Samos adasının qərbindən keçib Kios adasına yetişdi. Türklər bu adaya Saqqız adası deyirlər, onun daha bir neçə adı vardır.

Saqqız adasından İstanbula qədər olan yol həmin o yoldur ki, İsgəndəriyyəyə gedərkən, yəni şəvvalül (mükərrəm) ayının axırlarında oradan keçmişdik.

Rodosdan İzmirə qədər hər tərəf Anadolu sahilləridir. Adalar silsiləsinin yanından keçirik. Bəzi yerlər 1 mildən də az məsafədə sahilə yaxındır.

İzmirdə Misirin xədivi İsmayıl paşanın qardaşı Mustafa paşanın vəfatı xəbərini eşitdim. O, keçən zilhiccə ayında keçinmişdir. Dedim: “Tövfiq paşanın bəxti gətirib ki, xədivin böyük oğludur və əgər Həlim paşa, xədivin əmisi Məhəmməd Əli paşanın oğlu ölsə idi, o zaman dövlət, mülk Xədivə və övladlarına qalmayacaqdı. Həqiqətdə Mustafa paşa hökmran olduğu zaman qayda-qanun pozulurdu. Allah rəhmət eləsin!” (O kəslər ki, iman gətiriblər, saleh işlər görüblər, içindən çaylar axan cənnətlərə salar onları Allah.-Həcc surəsi, 14-cü ayə).

h.q. 1293-cü il , 17 məhərrəmül-həram, yekşənbə (1876, 15 fevral, bazar günü). Gecə keçdi. Gəmi yaxşı hərəkət edirdi və dəniz xeyli sakit idi. Axşamdan 6 saat keçmiş Meytilin adasında limana daxil olduq.

Gəmi orada 4 saat dayandı. Həmin axşam yük gətirib yük aparırdılar. Bu iki-üç gün ərzində dənizin havası çox soyuq oldu. Gəminin qöyərtəsində termometr 40 dərəcə göstərirdi. İnsanlar gəminin göyərtəsində əyləşməyə çıxa bilmirdilər.

Bugün səhər Quran oxumağa başladım. Yunis surəsində bu ayəyi-şərifə rast gəldim:

“Quruyla, dənizlə sizi aparan Odur. Gəmi ilə gedərkən gəmidəkiləri xoş rüzgar oxşayanda xoşhallanar onlar. Alantək gəmini şiddətli bir qasırğa, hər tərəfdən üstlərinə axışanda dalğalar, mühasirəyə düşmüş bilib, özlərini sarılarlar Allahın dininə, yalvararlar Ona, “Bizi bu fəlakətdən xilas elə sən, şükr eyləyənlərdən olacağıq” deyərlər. (Yunus surəsi, 22-ci ayə).

Dedim: “İlahi, günahımız böyükdür. Sən rəhm edənlərin ən rəhmlisisən, bizə rəhm et!”

Günortadan 4 saat yarım keçmiş Təndus limanına daxil olduq. Türklər ona “Bağçaadası” deyirlər. Burada da Osmanlı dövləti tərəfindən top və əsgər hazır vəziyyətdə idi. Bağçaadası ilə üzbəüz dənizdə bir hündür daş qoyulmuş, üzərində fənər, yanında kiçik bir otaq düzəldilmişdir.

Günortadan 6 saat keçmiş paroxod hərəkətə gəldi. Günəşin batmasına 4 saat yarım qalmışdı. Sədlbəhr və Qövmqalaya yetişdik. Bunlar Boğazın başlanğıcıdır. Günəşin batmasına 2 saat yarım qalmış Çanaqqala limanına yetişdik. Çanaqqalada Boğazın eni 1 mildən azdır. Top gülləsi o tərəfdən bu tərəfə yaxşı çatar. Bəlkə muşket gülləsi də (qədimdə iri çaplı, fitilli tüfəng-T.H.) çatar. Mən cənab Vəziri-Muxtara teleqrafla dedim ki, əgər salamat olsaq, inşallah təala, sabah İstanbula çatacağıq. Hacı Abbas ağa qayığa əyləşib, məlumatı teleqrafxanaya apardı. Paroxod Günəşin bat­ma­sına yarım saat qalmış Çanaqqaladan yola düşdü. Ax­şam­dan 2 saat keçmiş Gülli Polidə lövbər saldı və 3 saat .... keç­dik­dən sonra Gülli Polidən (Qalipoli) hərəkət etdi. Bu limanlar ara­sında məsafə aşağıdakı kimidir:



  1. İsgəndəriyyədən Port-Səidə qədər 160 mil.

  2. Port-Səiddən Yafaya qədər 150 mil.

  3. Yafadan Hayfaya qədər 60 mil.

  4. Hayfadan Beyruta qədər 75 mil.

  5. Beyrutdan Larnaka qədər (Kıprıs adasının limanı) 112 mil.

  6. Larnakdan Rodos limanına qədər 301 mil.

  7. Rodosdan Kios adasına qədər (türklərin Saqqız adası adlandırdığı) 166 mil.

  8. Saqqızdan İzmirə qədər (Simirnə də deyilir) 65 mil.

  9. İzmirdən Miytilinə qədər 61 mil.

  10. Miytilindən Təndusə qədər (türklər Baxçaadası deyirlər) 57 mil.

  11. Təndusdən Çanaqqalaya qədər 21 mil.

  12. Çanaqqaladan Qalipoliyə (Güllipoli) qədər 21 mil.

  13. Qalipolidən İstanbula qədər 114 mil.

  14. İsgəndəriyyədən İstanbula qədər gəminin getdiyi yol 1367 mildir, ingilis milidir.

Yaxşı gəmi 1 saatda 10 mili rahat üzə bilir və təxminən 6 gecə-gündüz bu sürətlə İsgəndəriyyədən İstanbula çatır.

Yüklərin yığılması və daşınmasında isə bu vaxt, liman və adalara yetişmək vaxtı 9 gündür.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin