Azərbaycan miLLİ elmlər akademiyasi


Sultan Məhəmməd Fateh məscidinə tamaşa. Mirzə Mülküm xanın atası Mirzə Yəqub xanın İranın vəziri-muxtarına məktubunun surəti



Yüklə 2,9 Mb.
səhifə21/27
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#82678
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

Sultan Məhəmməd Fateh məscidinə tamaşa. Mirzə Mülküm xanın atası Mirzə Yəqub xanın İranın vəziri-muxtarına məktubunun surəti

h.q. 1293-cü il 27 məhərrəmül-həram, cəharşənbə (1876, 23 fevral) sübh tezdən piyada Sultan Məhəmməd Fateh Camesinədək getdim. Səfirlikdən oraya qədər 1 saatlıq yoldur. Bu bir yaxşı məsciddir. Onun ətrafı çox genişdir və insanlar orada bəzi şeylər satırlar. Burada mədrəsə də vardır. İslamda bu, ilk məsciddir ki, İstanbulda inşa edilmişdir.

h.q. 867-ci ilin cümadəlaxırında (1463, fevral) İstan­bu­l­un­ fəthindən 10 il sonra bu məscidin inşasına başlanıl­mış və 875-ci ilin rəcəb ayında tamamlanmışdır.

Məscidin həyətində çox gözəl 20 sütun vardır. Məscid tərəf­də olan 6 sütun xeyli böyükdür və digər sütunlar isə ki­çik­dir və bir-biri ilə mütənasib deyillər. Məscidin günbəzi də İs­tan­bulun digər məscidlərindən kiçikdir və alçaqdır.

Məsciddə müəllimlər nəhv, məntiq və fiqh elmlərini tədris edirlər. Tələbələrin miqdarı təxminən 500 nəfərdir.

Oradan Sultanın validəsinin məscidinə getdim (Valideyi-Sul­­tan məscidi). Çox kiçik olan bu məscid kifayət qədər qəşən­g­dir. Günbəzin ortasında 5 ədəd çilçıraq asılmışdır. 4 çilçıraq dörd güşədə asılmış və bürüncdəndir. Bunlar zeytun yağı ilə yandırılır. Çilçırağın biri isə büllurdan olub, çox böyükdür və ortadan asılmışdır. Bu çırağı Əlahəzrət Sultan Əbdüləzizin validəsi 1288-ci il tarixində düzəltdirmişdir. Məscidin yanında məd­rəsə də tikilmiş, güləbətin pərdə, xalı və çıraqla zinət­lən­miş­dir.

Mollabaşı dedi: “Məlumdur ki, bu məscidin sahibi sağ­dır, yaşa­yır, digər məscidlərin sahibləri isə rəhmətə getmişlər”.

Qayıdarkən çox yorulmuşduq. Sultan Bayezid camesi o­lan­ meydanda fayton kirayə edərək evə qayıtdım.

Bu gün cənab Nazimülmülk Mirzə Mülküm xanın (İngiltərədə səlahiyyətli nümayəndə) atası Mirzə Yəqub xan cənab vəziri-muxtara məktub yazmışdır. O, mənə və İran dövlətinə aiddir.
Mirzə Yəqub xanın vəziri-muxtara 1293-cü il məhərrəm ayının sonlarında yazdığı məktubun surəti

Məktubu vəziri-muxtar mənə verdi. Mən onun məktubuna cavabı, halım olarsa, Tiflisə gedən vaxt gəmidə yazacağıma söz verdim. Onun məktubunun surəti belədir və olduğu kimi dərc edirəm:

“Mən nə qədər çalışıram ki, sizin xidmətinizə şərəfyab olum, hava imkan vermir. Sanki səma məni əbədi olaraq top ki­mi çovqana tapşırmışdır. Hüzuri-əşrəfə şərəfyab ola bil­mə­di­yim üçün sizə fəda olum, istərdim ki, nəvvab Avropaya da bir də­fə səyahət etsin və İrana qayıtdıqdan sonra vətənə sovqat ola­raq, onun xeyrinə işlər görsün. O həmişə belə olubdur. Əlbəttə, Darülxülafəyə qayıtdıqdan sonra hər cürə islahatların hər bir yeniliyin ibtidasını o edəcəkdir. Siz İranın ən ziyalı şahzadələrindən birisiniz. Bu söz Firəngistanın məşhur nazirlərindən birinə məxsusdur. Röyterə verilən məlum imti­yaza şahzadənin etirazı məlumdur. Onun gənclərə bu imti­ya­zın zərəri barədə unutmamaq tövsiyəsi məlumdur. Bəndənin etiqadına görə İranda ingilis və digərlərinə verilməyən bir şey qal­mamışdır. Bununla, necə deyərlər, hamam suyu ilə dost qazanmaq istəyirlər.

Röyterə imtiyaz vermək məsələsindən əvvəl bu bəndə İra­nın vəziyyətini yazıb, Tehrana göndərmişdim. Ona heç nə­zər yetirilmədi. Məsləhət bilsələr, ona çatdırarlar.

İnşallah qocaldığım üçün bəlkə etiqadım imkan verər, əlimdə bir kitab var, keçmiş xatirələri yazıram, heyf ki, bir nəfər tanış naşır tanımıram, qorxuram ki, aydın, səlis və asan oxunan olmasın”.
Mirzə Yəqub xanın vəziri-muxtara yazdığı iradları

Rusun Azərbaycanı və Gilanı və digər yerləri zəbt etməsi Gürcüstanın vəziyyətindən, inkişaf etmiş vilayətləri İranın əlindən zorla almaq məqsədindən irəli gəlirdi.

O gün ki, rus əlini Türküstana uzatdı, o vaxtdan Aral və Ceyhunu özünə ən yaxşı yol bildi, bununla da rus o vaxtdan özündə İranla həmrah, müttəfiq olmaq ehtiyacı görmür.

Son illər rusun İrana münasibəti, ardıcıl olaraq ona sədəmə yetirməsi, bu gün onun İranla siyasəti, yaxın və uzaq məqsədinə çatmaq üçün Türküstan və Ceyhunu seçməsi, məsləhətdir ki, İran xalqına bundan artıq zülm olmaz və buna dözməməlidir. Rusun bu halı İran dövlətinin qəflətdə olması, onun sərhədlərində yaşayanların hərəkətə gəlməyə, birləşməyə meylini artırsın, gərək qalxsınlar. Bunun çarəsi odur ki, onlar rusun zülmündə qalaraq rus üçün rahat tikə, halal fəth olmamalıdırlar.

Bu vəziyyət Osmanlı dövlətinə məlumdur və köməyini bil­­dirir və plan tərtib edir. Daim İran xalqını İran dövlətindən mə­­yus və şahı nəzərlərdə etibarsız edir. Bununla insanların xü­su­sən azər­baycanlıların ümid gözünü ruslara tərəf çevirir.

Yaxın zamanda, tezliklə azərbaycanlılar öz hüquq və təh­lü­kə­sizliklərini qorumaq üçün bu məmləkətdə labüdən bir təd­bi­rə müraciət edəcəklər.Bu qiyamətədək Osmanlı dövləti üçün həm daxildə, həm də xaricdə rüsvayçılıq olacaqdır.

Şübhə yeri yoxdur ki, Avropaya şahın bu xəyali-səfəri, İran­da dəmir yolu çəkilişi və s. Avropa ilə dostluq müna­si­bət­lə­rinin genişlənməsi xəbəri rusun heyrət və əndişəsinə səbəb ol­muş­dur.

Heç də təəccüblü deyildir ki, rus dövləti heç vaxt imkan vermə­yəcək ki, Osmanlı dövləti keçmiş uğuruna nail olsun.

İran xalqı əmniyyət, xeyirli ticarət hüququ, əkib-becərərək özünün kasıbçılı­ğını təmin etmək istəyindədir. Nəsrəddin şahdan isə xahiş olunur, bu xahişə əməl olunmur və onun əvəzi imperatordan gəlir. Qafqaz canişini şahdan min də­fə artıq, üstün tutulur. Əgər ingilis bu məsələdə rusun tərə­fin­də­dirsə, o zaman gərək biz də əlimizi qoynumuza qoyub sakit dur­mayaq və tezliklə bir çarə tapaq. Bu məsələdən vacib başqa mə­sələ yoxdur.

Təəccüb edirəm ki, görəsən nə üçün rus aşkar və gizlin olaraq Xəlil paşanın vəzarətini inkar edirdi? İranın bu son bir neçə ildə bir-birinin ardınca bütün kapitalını uduzduğunu etiraf etməliyik. Xoşbəxtlikdən qalan kapitalın hesabına dərdlərinə əlac edərək yeni İran ehya etdi. Burada da tərəddüd etmədən de­mək lazımdır ki, məmləkətin daxilində xadim və xain, xe­yir­xah və bədxah, alim və cahil, silahlı və təxribatçı da vardır və pul, xəzinə də onların əlindədir. Ağlı başında olan gərək xəzinəni qorusun.

İran bir neçə il bundan əvvəl Avropanın bədxahlarına mü­qabil olaraq, iki cəhətə: təsəlli və qürura malik idi. Biri bu idi ki, o, geyim və paltar daha çox istehsal edirdi, azuqə və ye­mək istehsalı da bu sahədə Avropadan irəlidə idi.

İkincisi, İran at üstündə vuruşandır, lazım gələndə dövlət 1000 atlı meydana səfərə çıxara bilirdi və bunlar uzaq və uzun sürən səfərlərə tab gətirənlərdi.

İndi isə İranda baqi olan şikayət insanların qarşılaşdığı ac­lıq, pərişanlıq, işsizlik və həyatdan bezməkdir. İnsanların göz­ləri xəzinədə bir ovuc pula tikilmişdir. Əgər bir neçə nəfər ka­pitalist və varlı varsa, onlara öz sərmayələrindən rahat isti­fa­də edə bilmirlər. İran xalqı adil və rəhmdil şahənşahdan çörək və güzəran istəyir. Təhsil, çörək və güzəran istəyir. Xalqın qə­lə­bəsinin təzahür etməsi təhsil, çörək və güzərandan asılıdır.

Əgər bir milləti varlı, imkanlı görmək istəyirsənsə, onun istedadını üzə çıxarmaq lazımdır. Bu gün İran xalqının əhalisinin istedadı şahın insafından, mürüvvətindən asılıdır.

Bu gün Misirdə dövlət idarəçiliyi və kəndliyə qayğı hər bir ölkəyə çox yaxşı nümunədir. Misirdə islam əsasları ilə Av­ro­pa elmlərinin qarşılıqlı əlaqəsi çox aşkar öz əksini tapmışdır, inşal­lah, bu da bütün islam məmləkətlərində yaxşı nümunə ola­caq­dır.

İran dövlətinin İstanbuldakı səfirliyinin missiyasının tələbatı əvvəlkindən fərqlidir. İran səfirliyi İstanbulda bundan sonra görkəmli, nüfuzlu olmalıdır. Başlıca əlaməti də qayda-qanun və bir-birinə etibar olacaqdır.

İran dövləti və milləti məcburdur ki, Avropa ilə xəyali mü­haribə aparsın. Aliyyə səfirliyi gərək bu müharibənin və mü­badilənin səbəblərini müəyyən etsin və hazır olsun. Bunun üçün heç olmasa fransız dilini bilən iki nəfər və mahir münşi lazım­dır, heç olmasa iki nəfər münşi olmalıdır ki, Osmanlı dilində yazsın. Səfirlikdə rus və ingilis səfirliyində olduğu sayda üzv olmalıdır. Bu, o halda mümkündür ki, İranın lazım olan imkanı onlardan üstün olsun. Gərək İran dövlətinin və millətinin tərəqqisi səfirliyin vəziyyətində və şan-şöhrətində müşahidə olunsun.

Dövləti-Əliyyənin başçıları İranın xeyir və şərinə bəsirət gö­zü ilə baxsalar, səfirlikdə öz yüksək fikirlərini intizam və sa­bit­­ləşdirməyə yönəltsələr, himmət etmiş olarlar. Yerinə düşər ki, hər cürə yersiz xərclərdən uzaq olmaq nəticədə İstanbul sə­fir­­liyində rövnəq və qayda-qanun yaradar.

İran dövlətində baş verə biləcək sülh və müharibə, ra­hat­lıq və möhnət, abadlıq və dağıntı, tənəzzül və tərəqqi, in­ti­zam və­ iğtişaş, biabırçılıq və fəxarət İstanbul səfirliyinin əlində, on­dan asılı olacaqdır.

Səfirliyin xərci ildə azı minimum 40 min tümən olacaqdır. Dövləti-Əliyyə bu xərcə görə təzyiq etmir. Bunun əvəzində hər gün bir uğur alınır. İranın Avropanın köməyinə, dostluğuna və sərmayəsinə ehtiyacı vardır. Özünün zəruri təhsil ehtiyaclarını digər səfirliklərdən əldə edə bilmir.

Tehranın xarici dövlətlərindəki nazirliklərinin qulaqları gərək İstanbul səfirliyində olsun, nəinki hər səfirliyin səfirində.

İranın İstanbuldakı səfirliyinin etibarını vallah heç bir ölkədə qazanmaq mümkün olmayacaqdır.

Səfirlik İranın aynasıdır. Cənab Əşrəfin bəsirəti və elmi ilə və cənab səlahiyyətli nümayəndənin səliqəsi ilə çox cəsarətlidir.
İstanbulda dayandıq. Əbu Eyyub Ənsarinin məzarını ziyarət

h.q. 1293-cü il 28 məhərrəmül-həram, pəncşənbə (1876, 26 fevral). Günortadan sonra illərlə Tehranda elçi kimi şarje dafez (müvəqqəti işlər vəkili) vəzifəsində çalışmış Heydər əfəndi məni görmək üçün gəldi. O, üzr istəyərək dedi: “İki gündür ki, gəlişinizdən xəbərdaram. Lakin Bosniya məclisinə göndərilmişəm”. Məlum oldu ki, Məclisin hökmlərinin icrası üçün getməlidir.

Məsələ burasındadır ki, orada müsəlmanlarla osman­lı­la­rın isəvi dedikləri xristianlar arasında mübahisəli iş vardır. Mü­səl­­manların yanında əkin işləri icra edən xristianlar vardır. Əgər müsəlman öz mülkünü satmaq istəsə, əvvəlcə onun ya­nın­da işləyənə təklif etməlidir, o almasa, ondan sonra başqasına sata bilər.

Artıq on aydır ki, dövlətin ordusu orada məəttəldir və ona görə də dövlət ziyana düşür. Çalışırlar ki, yüz tabor ordunu geri qaytarsınlar.

Heydər əfəndi getdikdən sonra Sübhi paşanın atası, qoca Sami paşa görüşmək üçün gəldi, 80-dan artıq yaşı vardı. O, çox xoşxasiyyət, həm də dərvişməslək bir insandır, mərhum Hacı Mirzə Səfanın müridlərindəndir.

Oğlu Sübhi paşa bu günlər “Qanune-Şekən” məclisinin rəisi təyin olunmuşdur (Fərhad Mirzə müxalif olduğu üçün “Qanune-Şekən” istehza ilə belə adlandırmış­dır, yəni Qarın qanunu).

Onlar getdikdən sonra Günəşin batmasına bir saat qalmış mən Əbu Eyyub Ənsarini ziyarət etdim. Səfirlikdən məzara qədər 15 dəqiqəlik bir yoldur. Bu, İstanbulun qərbində, bir qədər Şimala meylli bir yerdədir. Çoxları onları ziyarət etmək üçün qayıqla Qalatə boğazına gedirlər. Burada diqqətçəkən, səliqəli qəbirlər vardır. İran imamzadələrinin qəbirləri kimi bunların da bəzisi kaşı ilə işlənmişdiur. Bir qəbir çox yaxşı görünür, on iki ədəd gümüş şamdanı, bir neçə gümüş qəndili vardır. III Sultan Səlim xanın qəbri 1207-ci (1792) ildə tamamlanmışdır. Şair Münib bu tarix barədə belə demişdir:

Pak vala əsəre Şah Səlim. Bu tarix isə min iki yüz səkkiz kimi oxunur. Bu maddeyi-tarix dürüst deyil. Büqənin yanında bir quyu vardır. Deyilənə görə onun suyu şəfavericidir və bu məqsədlə hamı içir. Suyun dadı çox yaxşıdır və soyuqdur.

Xadim deyirdi: “Su quyusunun dərinliyi su çəkmək üçün 3-4 zər ip qədərdir. Bu məzarlığın yaxşı həyəti vardır. 3 qüvvətli çinar ağacı qədim heykəl kimi dayanmışdır. Çinarlar həyətin ortasında, bir-birinin yanında əkilmişdir. Yanında bir məscid vardır. III Sultan Səlim xan tikdirmişdir. Həyətdəki məscidin bir tərəfi Əbu Eyyub büqəsinin divarıdır. Digər üç səmtdə 12 sütun vardır və 3 tərəf eyvandır.

Məscid həyətinin ortasında da iki qüvvətli çinar qədim heykəl kimi görünür, məlumdur ki, bu 5 ağac eyni vaxtda əkilmişdir. Bəlkə bura vaxtilə bağ olmuşdur. Sonra bütün ağaclar çıxarılmış, lakin çinarlar qüvvətli və yerləri yaxşı olduğu üçün onlar qalmışdır.

III Sultan Səlim xanın məscidi də yaxşı bir məsciddir. Məscidin yanında 6 çox yaxşı qalın sütun vardır. Bunlar Ayasofiya məscidinin sütunlarına bənzəyir. Məscidin binası Sul­tan Məhəmməd Fateh zamanından qalmışdır və 1215-ci ildə (1800) III Sultan Səlim onun təmirinə, yenilənməsinə səy gös­tər­miş və məscidin bəzək işləri görülmüşdür.

Bu III Sultan Səlim xan, III Sultan Mustafa xanın oğ­lu­dur və 1203-cü ilin rəcəb ayında (1789, mart) taxta əy­ləş­miş­dir. Onun hakimiyyəti dövründə vəhabi tayfası Kərbəlanı si­lah­la tutub, Kərbəlayi-Müəllada qətl-am törətmişlər. Sultan Səlim xan hakimiyyəti dövründə Napoleon Bonapart Misirdə qələbə qa­zanmışdır. O, nizami ordu yaratmaq istədikdə, bu səbəbdən Ye­niçərilər ona qarşı üsyan qaldıraraq, h.q. 1222-ci ilin (1807) əv­vəllərində onu hakimiyyətdən kənarlaşdır­dılar və həbs etdi­lər. Eyni zamanda nizami ordunun banisi Hacı İbrahim Ni­za­mi­ni qətlə yetirdilər. Onlar Sultan Səlimi də 1223-cü (1808) ildə qətlə yetirmişlər.

Əbu Eyyub Ənsarinin adı Xaliddir. O, Nəccar tay­fa­sın­dan­­dır. Peyğəmbər Rəsulillahın (s.ə.s.) Xəndək müharibəsində on­un yanında olmuşdur. “Cəməl”, “Səfin”, “Nəhrvan” ha­di­sə­lə­­rində isə Əmirəlmöminin Əleyhissəlamın xidmə­tində ol­muş­dur. Nəhrvanda öndə getmişdir.

“Came-cəm” kitabında yazılmışdır ki, IV Konstantin 667-ci məsihi ilində hakimiyyət taxtına əyləşmişdir. Bu tarix hic­ri 48-ci ilə bərabərdir. Onun hakimiyyəti dövründə mü­səl­man­lar 683-cü hicri ilində (1284) Konstantinopolu mü­ha­sirə etdilər və ordu Müaviyə tərəfindən göndərilmişdi. Or­du­nun sər­kərdəsi məlun Yezid idi. Müharibə iri miqyaslı oldu. Əbu Eyyub Ənsari bu döyüşdə şəhidlik şərbətini içmiş, şəhadət paltarını geymişdir.

Əcəm və ərəb tarixlərində Əbu Eyyubun vəfat tarixi gah hicri 50-ci il, gah h.51, gah da h.52-ci il kimi göstərilir. Biz bu tarixi müqayisəli tədqiq edərək müəyyənləşdirdik ki, Kon­stan­tino­pol müharibəsi 53-cü hicri ilində (673) baş vermiş­dir. “İstiab”da vəfatı yazılıb, mən “Came-cəm” kitabında bu barədə yazmışam, vallah, nə isə, ən səhihi budur ki, hər nə olursa-olsun, o, kübar səhabələrdən olmuşdur.

“İstiab”da deyilir: “O zaman ki, Müaviyə Yezidi Konstantinopola göndərdiyi orduya komandan təyin etdi, Əbu Eyyub dedi: “Əli heç vaxt bir cavanı bizə komandan təyin etməzdi”.

Döyüşdən sonra Əbu Eyyub xəstələndi. Yezid ona baş çəkmək üçün gəldi və dedi: “Mənə bir vəsiyyət et!” Əbu Eyyub de­di: “Məni insanlar kəfənə tutan zaman fərman ver ki, ordu at­lansın, ondan sonra düşmən torpağını tutsun, elə etsin ki, düş­mən torpaqsız qalsın. O vaxt məni dəfn edin”. Elə də edirlər (ərəb mətnindən tərcümə, “İstiab”dan). Əbu Eyyubun bu za­man yaşı 80-i ötmüşdü. Allah rəhmət eləsin! İstanbul əhalisi onu Əyyub Sultan adlandırır.

Məlumdur ki, İslam ordusu Bosfor boğazından keçərək, Qalata tərəfdən Konstantinopolun qərbindən hücum etmişlər. Əbu Eyyub orada şəhid olub, dəfn edilmişdir.

O zaman Əbu Eyyubun qəbri olan yer abad deyildi. Tarixdə yazmışlar ki, o, Qəstəntiniyyə (Konstantinopol) şə­hə­ri­nin xaricində dəfn edilmişdir.

Xülasə, axşamdan bir saat keçmiş səfirliyə qayıtdım, qayıt­dıqdan sonra Rusiya dövlətinin səfiri-kəbirinin vizit kar­tı­nı gördüm. O, səfirliyə gəlmiş, lakin məni görməmişdir. Kartı ve­rərək getmişdir.

Bu gün səlahiyyətli nümayəndə mənə dedi: “Cənab Sədri-əzəm axırıncı axşam Avropa əhlinin adətinə görə Sizdən vədə almaq istəyir. Siz nə fikirləşirsiniz, meyliniz nədir?” Mən dedim: “Siz necə məsləhət bilsəniz, əlbəttə, o yaxşıdır. Bu şərtlə ki, şam zamanı süfrədə bəzi içkilər olmamalıdır”. Vəziri-muxtar dedi: “Uzun illərin adətini tərk etməyəcəklər”.

Mən dedim: “Mən xüsusi qonaq olduğum üçün həm də Mü­qəddəs beytül-hərəmdən gəldiyim üçün müsəlman məc­li­sin­də bəzi şeylər şəriətdə və qanunla şərən və ürfən qəbahətdir”.

Axşam qonaqlığı zamanı xarici səfirlər də iştirak edir­di­lər. Məlum oldu ki, Vəziri-Muxtar Kamil bəy təş­ri­fat­çı­nın müavini vasitəsilə xəbər göndərmişdi. O da qəbul etmişdi.
Sultan Əbdüləzizlə görüş, Mahmud paşa Sədri-əzəmin təşkil etdiyi ziyafətdə iştirak

h.q. 1293-cü il 29 məhərrəmül-həram, cümə günü (1876, 27 fevral). Səfər tədarükünə hazırlaşdığımız vaxt Əlahəzrət Sultan tərəfindən vəziri-muxtara xəbər gəldi ki, sabah təyin edilmiş vaxtda saat 7-də gərək mən hüzura gedim. Şənbə günü ayın 30-da axşam cənabi-cəlalətməab Mahmud paşa. Sədri-əzəm Nəcib paşanın oğlu məni öz evinə dəvət etdi. Axşamdan bir saat keçmiş vəziri muxtarla bərabər onlara getdik.

Müşarileyh çox nəzakətli bir insandır. Məni binanın qarşısında qarşıladı və axıradək müşayiət etdi. O, Osmanlı Dövləti-Alinin Əyanlar Məclisinin üzvlərindən biri idi.

On-on beş dəqiqə əyləşdikdən sonra şam yeməyi elan olundu. Cənab Sədri-əzəm qabağa düşdü, onun müşayiəti ilə başqa bir otağa yollandıq. Sədri-əzəm bu beyti oxudu:

Mən an Setareye oucəm ke əz məmərr-i tülu

Həmişə pişrove afitab mibaşəm.

Mən ona dedim: “Siz ağsaqqal adamsınız və həmişə yol göstərənsiniz”.

Süfrə başında Vəziri-Muxtar dedi: Bu şeiri mən bu tərzdə eşitmişəm: Mən həmin Dan ulduzuyam ki, yolum ədəbdir və i.a.” Mən dedim ki, bu şeirdə həzinlik çox-çoxdur. Dan ulduzu daima Günəşin önündədir.

Süfrə başında tarixdən və şeirdən xeyli söhbət düşdü. Səd­ri-əzəmə Həzrət Rəsulun (ə) hərəminin tarixindən danış­dım, xeyli təriflədim və dedim: Nə yaxşı ki, Sultan Süleymanın mehrabında tarix yazılmışdır: 908-ci il (1502-03). Bu rəqəm ya 83, ya 84, ya 85, ya 86 ola bilər. O vaxt Sultan Bəyazid xani-Saninin hakimiyyət dövrü olmuşdur.

“Tarixi-Ali-Osman”ın müəllifi Cövdət paşa çox səy etdi ki, mehrabdakı tarixi dəyişdirsin, mümkün olmadı. Məclis əhli təs­diq etmədi. Belə ki, bu, Mədineyi-Münəvvərə haqqında xatır­lat­mada zikr olunacaqdır.

Süfrəyə bir yemək də gətirdilər. Düyünü bişirib, aşı ortaya sədəf balıqqula­ğında gətirmişdilər. Mən başa düşmədim. Sədri-əzəm buyurdu ki, bu iki sədəfin içində düyüdür, sədəfi əldə tutub sümürür və düyünü yeyirlər. Mən dedim: “Sədəfin içində gərək ki, mirvari əmələ gəlir. Burada isə əksinə, sədəf dəyərdən düşür, mirvari əvəzinə düyü əmələ gəlir. Şair əbəs deməyib ki:

Xakra sirab kon, ey əbre nisan, zinhar!

Qətre ta mey mitəvanəd şod, çera gövhər şəvəd?

(Torpağı doydur, ey rəhmsiz nisan buludu (yaz yağışı)

Damcıdırsa mey olsun, niyə ki gövhər olsun?)”

Xeyli gülüşdülər və bu şeiri təkrar-təkrar oxuyaraq yadda saxladılar. Sonra ərəb və əcəm şairlərindən, İstanbulun fəthindən, Əbu Eyyub Ənsarinin şəhadətindən söhbət düşdü. Bu hadisələr Müaviyənin zamanında baş vermişdir və onda ordu Məsləmə bin Əbdülməlikin komandanlığı altında Konstantinopola daxil olmuşdur. Mən sonra Alp Arslan Səlcuqun (1029-1072) məğlub etdiyi Pumnusla (Bizans imperatoru Roman Dioye, 1068-1071) müharibəsini təfsilatı ilə şərh etdim (1071). Dinləyənlər xeyli təəccüb etdilər. Sədri-əzəm buyurdu: “Bildiyimə görə Siz bizim yeməklərə meyl edir­siniz, bu axşam sizin şərəfinizə heç Avropa xörəkləri bişi­ril­məyəcək. Bütün xörəklər, yeməklər yalnız öz vila­yəti­mi­zin mil­li, qədim yeməkləri olacaqdır”.

Mən dedim: “Mənim Avropanın bəzi yeməklərindən xoşum gəlir, lakin insanın öz adət-ənənələrini inkar etməsini, başqasına oxşamaq israrında olmasını qəbul etmirəm, bu yaxşı deyil. Avropa əhli də bizim yeməkləri xoşlayır, lakin heç vaxt öz evlərində bizim xörəklərlə qidalanmırlar.

İslam əhalisinin əksinə olaraq, hər axşam öz evlərində Avropa əhalisini təqlid edərək salat və sup yeyənlər var”. Sədri-əzəm sözlərimin doğru olduğunu təsdiq etdi. Mənim sözlərimə hörmət əlaməti olaraq, məclisə alkoqollu, spirtli içkilər gətirməyə icazə vermədi. Bunlara adət edənlər isə bu axşam mənə hörmət edərək, həm də islam qaydalarına əməl edərək, haram işi tərk etdilər.

Süfrə kənarından qalxdıqdan sonra yenə İran və Osmanlı qaydası ilə aftafa-ləyən gətirildi.

Şam yeməyi zamanı ətrafda bu şəxslər əyləşmişdilər:

Ev sahibi, Sədri-əzəm ortada əyləşmişdi. Onun sağ tərə­fin­də mən idim və sol tərəfində İran dövlətinin vəziri-muxtarı (səlahiyyətli nümayəndə) əyləşmişdi. Mənim sağ tərəfimdə Ədliyyə vəziri Cövdət Paşa, vəziri-muxtarın solunda Maliyyə naziri Yusif Paşa idi. Sədri-əzəmlə üzbəüz sərəsgər Rza Paşa, onun sağ tərəfində vəziri-ümuri-xarici Raşid Paşa, onun solunda AdmiralDərviş Paşa oturmuşdu. Raşid Paşanın sağ tərəfində Faydalı Qazıntılar naziri Sərvər Paşa və Dərviş Paşanın solunda Vəqflər naziri Kamal Paşa əyləşmişdi.

Digər əyan və qonaqlar bunlar idilər: Xarici işlər nazirliyinin məsləhətçisi Kamil bəy Təşrifatçıbaşı, daha sonra İran səfirliyinin naibi-əvvəli Mirzə Cavad xan, Baş konsul Məhəmmədbağır xan, Mirzə Mühübbəli Nazim, Ağa Mirzə Rza, Mahmud bəy müdiri-övraf, sədarətin müstəşarı (məslə­hət­çisi)Rəfiq bəy, Sədarətin məktubçusu Mahmud bəy. Cəmisi 19 nəfər idik. Otağa gəldiyimiz vaxt cənab Sədri-əzəm vəziri-mux­tara yavaşca dedi: “Necə oldu ki, filanı (Fərhad Mirzə - T.H.) bu axşam hamıya Bəni-amiyə deyirdi?” Mən dedim: “Həsrəti-Sadiq buyurub ki, əgər Yezidin şeirini oxusanız, lənət deməyin, o şair kimi insan idi. Əqidəmə görə mən onların haqqına zidd deyiləm”.

Şam yeməyindən sonra başqa otaqda bir saat da oturduq, çubuq gətirdilər. Mən dedim: “Ömrümdə heç qəlyan və çubuq və siqardan istifadə etməmişəm.”

Rza bəy (sərəsgər) dedi: “Ədəbə zidd olaraq biz çəkirik, siz də çəkin”.

Dedim: “Siz ordu başçısısınız, vəzifəniz orduda məndən yüksəkdir. O qədər haqlısınız ki, gərək sizə itaət göstərim”. O, mə­nə xeyli təşəkkür etdi və dedi: “Buyurun, yenə gəlin”. Cə­nab Sədri-əzəm dedi: “Cənaba, adət etmədiyi üçün, zərər verə bilər, çəkməsə, daha yaxşıdır”.

Dövlətin bütün əyanları, danışıqlarda ədəb və nəza­kət göstərirdilər, çox qabiliyyətli danışırdılar. İran əhalisi bu cəhətə çox diqqət yetirsələr, yaxşı olardı.

Məkkə və Mədinənin kəndlərindən söz düşdü. Mən dedim: “Misirin kəndləri mənə yaxşı təsir bağışladı”. Cövdət Paşa dedi: “Misirdə elmin bağları qırılmadığı üçün vəziyyət yaxşıdır”.

Mən Şeyx Qarinin Mədinə haqqında elə bir rəvayətini danışdım və dedim ki, bunu qəbul etmək olmaz: “Ey Şeyx, bu rəvayətə görə demək olmaz ki, bütün ərəblər alim, bütün əcəmlər cahildir”.

Cənab Sədri-əzəm ixtiyarsız olaraq güldü və dedi: “Axırı nə oldu?” Dedim: “Bu aramgaha and olsun ki, hər şeyi düz deyirəm”.

Məsudiyyə gəmisini çox təriflədilər. Qəhvə və çay içdikdən sonra qalxdıq. Pillələrin başında bizi müşayiət etməyə gəlmiş Sədri-əzəm və dövlət adamları, ordu komandanı (sərəsgər) bir-bir vidalaşdılar. Mən dedim ki, bu axşam yaşadığımız vaqiələr gündəlikdə əz əksini tapacaqdır, hər zaman oxunacaq və dövlət əyanlarının yadında qalacaqdır.

Sərəsgər dedi: “Biz sizə çox təşəkkür edirik ki, dediyiniz kimi hamımız sizin xatirinizdə qalacağıq və yəqin edirik ki, biz sərkarın (Fərhad Mirzəyə işarədir – T.H.) rəğbətini qazandıq və onun yadında qaldığımız kimi, o da bizim xatirimizdən çıxmayacaq”.

Xudahafizləşərkən Müqəddəs Hərəmin mənafeyinə olan və göstərdiyim qüsurlar barədə Sultana və Babi-Aliyə ünvanlanmış ərizə yazdığımı (bu ərizədə məsciddən oğur­lan­mış mallar sadalanmışdır) bildirərək, ərizəni Sədri-əzəmə ver­dim və dedim: “Bunun birisi sizə, digəri isə gərək Sultanın nə­zə­rinə çatdırılsın. Məzmunu belədir: “Evlərə arxadan girmək yax­şı deyil. (Bəqərə surəsi, 189-cu ayə). Sizin əlinizdə olan əri­zə ilə Sultanın hüzuruna gedəcəksiniz. Bu ərizənin məz­mu­nun­dan vəziri-muxtarın da xəbəri yoxdur. Bu barədə ona Tiflisə çat­dıqdan sonra, oradan yazacağam”. Vəziri-muxtar dedi: “Həzrəti-Sədri-əzəmin məndən gizli sirri yoxdur”. Mən cavab verdim ki, o sizi öz övladı bildiyi üçün, istəsə, ata övladından heç nəyi gizlətmədiyindən, sizə bildirər.

Sədri-əzəm buyurdu: “Mən də Sizdən xəbər gəlməyincə, bunu bildirməyəcəyəm”. Saat 4-də mənzilə gəldim. Mübarək Sultanın hüzuruna və Babi-Aliyə Müqəddəs Hərəm barədə yazdığım ərizənin məzmunu belədir:
Əlahəzrət Sultana yazılmış ərizənin surəti

Ərizə 1293-cü il 25 məhərrəmül-həram ayında (1876, 23 fevral) yazıl­mış­dır və Fərhad Mirzə həcc ziyarəti zamanı rast gəldiyi xoşa­gəl­məz hallardan bəhs edir. O yazır:

“Səltənətin vacib işlərindən biri, həm də əsas işlərindən biri millətin yolunu rahat etmək, dünyanın uzaq yerlərindən hər il Hərəmə gələn allah adamlarının, insanların salamat olmasını təmin etmək üçün, əziyyət, məşəqqət görməsinlər deyə çalışmaqdır. Hər ikinci zəvvar məmur hacıdır, onların ədalətsizliyi səbəbindən insanlarda onlarla nə barışmaq, nə də onlara müraciət etmək halı qalmamışdır. Sübut olunmuş ayəyi-şərifə ziddir. Burada deyilir: “Dalbadal pislik edən və ölüm ayağında “Mən indi tövbə edirəm” deyənlərin və kafir olaraq ölənlərin tövbəsi məqbul deyil. Ağrılı bir əzab gözləyir onları. Surə “Nisə, ayə 18”. Bu müddətdə Humayunun Ali və nurani astanasına heç kəs bu nöqsanlı səfər barədə söz deməyə gəlməyəcək; qüsurları ona çatdırmayacaq.

Əlahəzrət şahənşahi-İran bəndənin bu ziyarəti üçün 10 min lirə tədarük etmişdir. Lakin bunun 800 lirəsi qəbul edilmir. Xərclənən pul Allah yolunda, din yolunda məmnuniyyətlə getdi. Lakin 800 lirəni və bu bəndənin malını oğrular mənimsədilər. Əlahəzrət Sultanın məmləkətində, Beynülhərə­me­yn­də bu qəbahət baş verir, bunun üçün təzminat ödənilməlidir və bu onu göstərir ki, onun zəvvarların halından xəbəri yoxdur. Vallah, onun daşıdığı xadimi-hərəmin titulu bu halların baş verməsi ilə ziddiyyət təşkil edir. Təəssüf edirəm ki, bu ərizə səfər gündəliyində öz əksini tapacaq, 25 məhərrəm-ül-həram, 1293-cü il (1876, 23 fevral).

Fərhad Mirzə Sultana yazdığı ərizəsində ona bəzi faydalı tövsiyələrini də vermişdir.

1. Dövlət tərəfindən zəvvarlar üçün ayrılmış Əmirhac hər gecə onların qaldığı ərazini iki dəfə gəzməli, qafilənin halından xəbərdar olmalıdır. Əmirhacın oyaq qalması insanların rahat yuxusu deməkdir.

2. Əmirhacın borcudur ki, zəvvarlar hərəkət edərkən o, axırda getsin və axırıncı zəvvar atlanmayınca, yola düşməməlidir. Dövlət hər bir zəvvarın atla təmin olunmasına vəsait ayırır. Lakin burada nə İran, nə də Hindistan zəvvarının heç birinə minik heyvanı ayrılmamışdır.

3. Zəvvar karvanında bir nəfər həkim və bir mühəndis olmalıdır. Bunlar zəvvarların hərəkət və asayişlərini tənzimləyir, bu dünyada və axirətdə ləyaqətli iş kimi dəyərləndiriləcəkdir.

4. Ciddə, Həzrəti-Həvvanın burada dəfn edildiyi güman edildiyi üçün belə adlanmışdır. (Ciddə nənə deməkdir – T..) Müqəddəsin cəsədi meydanın ortasındadır və təxminən 140 zər uzunluğundadır. Ətrafına kiçik alçaq divar çəkilmişdir ki, bilinsin.

Ciddə hakimi Osman paşa bir neçə il bundan əvvəl vəfat etmişdir. Onu həmin məzarın yaxınlığında hasarın yanında dəfn etmişlər.

Yəqin ki, bu ərizəni müzakirə edərkən düşünəcəklər: “Nə üçün bu göstərilən iradlar barədə bu vaxtadək ziyarətə gələnlərdən heç kəs şikayət etməmiş, dövlətin eyiblərini göstərən olmamışdır, yaxud bilməmiş, yaxud da ərz etməyə cəsarət etməmişlər? Düşünmək lazımdır ki, insan millətinin inkişafı üçün nöqsanları ərz eləmək lazım idi, gizli qalmamalıdır, o zaman dövlət qüvvəli olar, nöqsanlara təəssüf etmək olar.

Həzrətin (s.ə.) minbərinin üstündə, iki-üç pillə aşağıda tərəfimdən xütbə oxunması, əlbəttə, təqdirəlayiq oldu.

Həmzə məscidində şəhidlərin adları yazılmış, lakin Həmzə ibn Əbdülmətləb və Abdulla ibn Cəhsdən başqa heç kəsə məqbərə düzəlməmişdir. Əgər göstəriş verilsə idi, şəhidlərin və atalarının adları Həmzə məscidinin kitabəsində xatırlanardı.

Məhməli şərifin (gəcavənin) qübbələri gümüşdür, əgər qızıl olsa və hər il Xəzaneyi-Amirədən aparılıb-gətirilsə müsəlmanların nəzərində ləyaqətli olardı. Misirdən gətirilən məhməl çox gözəl olar.

Mədinə və Məkkəyə daxil olan vaxt Məhməli-şərifin üstünə örtük salınırdı. Lakin yolda yaşıl mahutla əvəz olunur. Ərəbistanın qumu və tozu isə onun rəngini dəyişmişdi.

Yafada Əhməd İbn Tulun (3-cü əsrin sonlarında Misirdə padşah olmuşdur) qalasının 1000 ildən artıq yaşı vardır. İndi qala Qahirə övliyaları tərəfindən Fransa tacirlərinə satılmışdır. Bu qalanın mərkəzində onun inşa edildiyi vaxtdan qalan bir məscid vardır və həmin məscid də satılmışdır. Məscidin sütunları dağılsa da, mehrabın əlamətləri qalmışdır və yerindədir. Müsəlmanlar bu kədərli vəziyyəti gördükləri halda, əlahəzrətə bildirilmədiyi də məlumdur.

Qalanın mərkəzində bir nəfər ingilisin qəbri mövcuddur. Onu İbn-Rahim paşanın izni ilə burada dəfn etmişlər. İngilis konsulu onun dağılmasına izn verməmişdir.

İslam təəssübkeşliyi caiz görmür ki, bu şəxsin qəbri qorunaraq salamat qaldığı halda qədim came isə dağılmış vəziyyətdə olsun. Bu vaqiədən müsəlmanlar xeyli mütəəssir oldular və yəqin ki, bundan sultanın xəbəri olmadığını düşündülər. Müsəlmanların duası dövlətin işlərinin rəvac verməsinə kömək olsun.

Buna görə cəsarət edərək ərz edirəm ki, mümkünsə, came qaladan ayrılaraq müsəlmanlara verilsin və xaricilərin əlində olmasın.

Bu il Ərəfatda yüz əlli min nəfərə yaxın zəvvar olmuş­dur. Şükürlər olsun ki, ilahinin fəzlindən xəstəlik baş ver­mə­miş­dir. Bir nəfər isə vərəm xəstəliyindən dünyasını dəy­iş­miş­dir.

Bu mətləbləri cəsarət edərək məhərrəmül-həram, 1293-cü sənədə yazdım (1876, fevral).


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin