G.K. BİNNƏTOVA
ŞƏKİLÇİ MORFEMLƏRİN MÜXTƏLİF SİSTEMLİ DİLLƏRDƏ TƏZAHÜR FORMALARI
Açar sözlər: ulu dil, morfem, ər sözü, -dar, -ban şəkilçiləri
Ключевые слова: праязык, морфема, слово ер (ər) , суффиксы – дар, -бан
Key words: protolanguage, morpheme, word “er”, suffixes - dar, - ban
İnsanlar arasında ünsiyyət vasitəsi adlandırdığımız dil böyük yaradanın bəşər övladına bəxş etdiyi ən qiymətli sərvət, ona olan sevgisinin parlaq təzahürüdür. Hələ eramızdan əvvəl 40-35 min il ərzində təşəkkül tapan dil bəşəriyyətin keçdiyi inkişaf yolunu özündə yaşadan canlı salnamədir. Bunu nəzərə alsaq, hər hansı bir dil elementinə təkcə linqvistik obyekt kimi yox, eyni zamanda, insan həyat və məişətininin, davranışının, təfəkkürünün, nitqinin formalaşma təkamülünü əks etdirən bir qaynaq baxımından yanaşmaq tədqiqatçıya daha dəyərli və doğru nəticələr əldə etməyə imkan verir.
Məlum araşdırmalara əsasən dilin keçdiyi inkişaf yoluna nəzər salaq:
1.Məhdud coğrafi şəraitdə təşəkkül tapan və fərdi dil xüsusiyyətləri ilə fərqlənən ulu dilin yaranması;
2.Ulu dilin miqrasiyaların nəticəsində protodillərə parçalanması;
3.Müxtəlif dil ailələrinin yaranması.
Göstərilən inkişaf xəttini keçmiş dünya dillərinə nəzər saldıqda eyni və ya yaxın mənanı ifadə edən, lakin bu və ya digər şəkildə bu dillərə səpələnmiş və qədim dövrlərlə bağlı olan sonsuz sayda dil faktlarını müşahidə edirik. Prof. Q.Kazımovun qeyd etdiyi kimi, “Bütün ayrılmalara, parçalanmalara baxmayaraq, ulu dilin lüğət fonduna daxil olan sözlər, ulu dilin makro və mikro sistemləri yaranan hər bir dildə özünə yer eləmiş və bu yolla dil ailələrinə keçmişdir. Həmin lüğət fondu və həmin quruluş minilliklər boyu təkmilləşmə, səlisləşmə, sadələşmə və mürəkkəbləşmə yolu ilə inkişaf etsə də, bir çox dəyişmələrə məruz qalsa da, öz əsasını dünya dillərində saxlamışdır” (Q.Kazımov “Azərbaycan dilinin tarixi”, 2003, s.17-18).
Demək, dünya dillərində müşahidə edilən oxşar əlamətlərə bu və ya digər dilin bir-biri ilə əlaqəsinin nəticəsi hesab etmək, onların bir dil ailəsinə mənsubluğunun sübutuna çalışmaq yanlış yanaşma tərzidir. Belə faktların ulu dildən protodillərə, protodillərdən dil ailələrinə keçdiyi bu və ya digər inkişaf yolunu izləmək, ən qədim praformaları müəyyənləşdirərək nəticəyə gəlmək daha doğrudur.
Bu məqalədə biz də dilçilik ədəbiyyatında haqqında geni-boluna, müxtəlif səpkidə tədqiqatlar aparılmış “ər”, eləcə də -ban/-man/-van morfemləri, bu morfemlərin müstəqil və ya şəkilçiləşmiş variantları haqqında araşdırmalarmızdan bəhs edəcəyik.
Ər morfemi. Kişi, igid, qorxmaz, cəsarətli, ər (həyat yoldaşı) mənalarını ifadə edən “ər” türk dillərində müxtəlif fonetik variantlarda – səs uzanması, samit düşümü, dəyişməsi və ya artımı ilə müşahidə olunur: a:r//e:r//ar//er//ər//iy//ey//yə//hə//rə (ЭСТЯ, 1, 1974, s. 322). Bu söz ilkin mənasını (adam, kişi) saxlayaraq ən qədim dövrlərdən mürəkkəb sözün ikinci kompanenti kimi də çıxış edərək bəzi türk tayfa adlarında özünə yer almışdır. Məsələn: avar, qacar, bolqar, sabar, xəzər və s. Müasir Azərbaycan ədəbi dilində çapar, yazar sözlərindəki ər hissəsi adlardan ad düzəldən morfem mövqeyindədir. Dilimizin şivələrində işlənən cuvar (su işlərinə baxan adam), biçər (dərzi) sözlərində də ər eyni funksiyanı yerinə yetirir. Müxtəlif sistemli dillərdən dilimizə keçmiş sözlərə nəzər saldıqda bu morfemin -er//-or//-ar variantlarını müşahidə edirik: spiker, killer, milyoner, dizayner, menecer, lider, doktor, diktor, direktor, senator, tokar və s.
“ Ər” morfeminin qədim larinqal tələffüzün əlaməti hesab edilən söz əvvəlində h səsinin əlavəsi ilə formalaşmış variantı da dünya dillərində görünməkdədir. İngilis dilində III şəxs təkdə yiyəlik əvəzliyi her (onun, qadın cinsində), alman dilində herr (knyaz), slavyan və german dillərində hersoq sözlərini misal göstərmək olar. Lakin bir qrup sözlərdə-- məsələn, ingilis dilində bəzi qohumluq terminlərində: mother (ana), father (ata), brother (qardaş), fars dilində xahər (bacı) sözlərində həmin morfemin şəkilçi mövqeyində çıxış etdiyini görürük..
Kökündə ər morfeminin daşlaşdığı aydın görünən -tar/-ter/-tor/-dar/-dər şəkilçili sözlərə diqqət yetirək; məs.: fars dilində madər(ana), pedər(ata), bəradər(qardaş), doxtər (qiz), ingilis dilində sister (bacı), kişilərə müraciətən işlədilən mister, Balkan dillərində odatar(ev işlərinə baxan), çaytorı(çayçı), dilimizə Avropa dillərindən keçmiş diktator, admnistrator sözləri. Bəzi Avropa dillərində bu mövqedə işlədilən müstəqil ser, yaxud hökmdar mənasını ifadə edən çar sözlərinin mənbəyi də elə bu morfemlə bağlıdır. t>d, d>t, d>s, s>ç səs dəyişmələri göz önündədir.
Elə bu məqamda bəlkə də kifayət qədər diqqət yetirilmədiyindən bütün normativ qrammatikalarda fars mənşəli hesab edilən –dar, -gər, -kar şəkilçilərinə də münasibət bildirmək yerinə düşərdi. Türk dilçiliyində -dar//-tar şəkilçinin tutar felinin farscaya keçmiş halı olduğu iddia edilir. Örnək olaraq sancaktar(sancaq tutan), tərəftar(tərəf tutan), dəftərtar(dəftər tutan) və s.sözlər göstərilir. Lakin bütövlükdə, qeyd etdiyimiz kimi, dilçilik qaynaqlarında bu şəkilçilərin fars mənşəli olduğu fikri üstünlük təşkil edir. Nümunələrə nəzər yetirək: hesabdar, anbardar, xəzinədar, misgər, sövdəgər, sənətkar, peşəkar və s. Peşə, sənət ifadə edən bu sözlərin mənasında şəxs anlayışının qabarıq olduğunu nəzərə alsaq, onların əsasında dünya dillərində geniş yayılmış ər sözünün dayandığını deyə bilərik. Demək, -dar/-tar/-ter/-tor/-kar/-gər kökündə ər morfemi dayanan, müxtəlif səs dəyişmələri ilə müşayiət olunan bir şəkilçinin müxtəlif variantlarıdır.
-ban//-man//-van morfemi. Məlum olduğu kimi, müasir ədəbi dilimizdə peşə, sənət məzmunu yaradan –ban morfemi fars mənşəli hesab edilir və buna aid yalnız bağban sözü nümunə verilir. -man şəkilçisi haqqında isə yazılır: “Ancaq bir fonetik variantı olan bu şəkilçi vasitəsilə üstünlük dərəcəsi keyfiyyətinə malik sözlər düzəldilir; məsələn, qocaman, qəhrəman, şişman, dəyirman və s.”(S.Cəfərov”Müasir Azərbaycan dili”, 1982, s.178). –ban morfemi müasir ədəbi dilimizdə çoban sözünün tərkibində də işlənir. Bu morfemin –man//-mən//-men//-van variantlarını nəzərdən keçirək. Qeyd edək ki, həmin sözlər (bağban, çoban) qərb qrupu şivələrində bağvan, çovan variantında özünü göstərir. Çoban sözü fars dilində şuban, ərəb dilində covban şəklindədir. Eyni zamanda, İraq-türkman ləhcəsində, eləcə də türk dilində bağban sözü bağçevan (ban>van) şəklində işlədilir. Türk dilində otelçi mənasını ifadə edən sarayven sözündən də eyni əlamət müşahidə olunur. Azərbaycan dilinin Salyan, Lənkəran, Masallı, Şahbuz şivələrində malavan//malvan (maldar mənasında) sözü var. Müasir ədəbi dilimizdə qocaman, azman, ataman, türkmən sözlərində, Osman, Qılman, Elman, Telman, Bağman kimi şəxs adlarında bu morfemin –man variantı işlənir. Qeyd edək ki, ingilis dilində man müstəqil morfem kimi daha geniş mənada adam, kişi anlamını ifadə edir. Elə həmin dildə qadın mənasında worman sözü işlədilir. Dilimizə Avropa dillərindən keçmiş centlmen, biznesmen, polismen sözlərinin, türkcədə işlənən ögretmen sözünün tərkibində men aydin görünür. Göründüyü kimi, qeyd edilən nümunələrdə sözügedən morfem eyni funksiyanı daşıyır. Demək, araşdırmalar bu morfemin alınma deyil, müxtəlif sistemli dillərdə müəyyən səs dəyişmələri ilə (m>b, b>v, a>e, a>ə) özünü göstərən, lakin eyni məna daşıyıcısı kimi çıxış edən, dil əlaqələrini müəyyənləşdirmək baxımından maraq doğuran qədim bir morfem olduğunu sübut edir.
Dostları ilə paylaş: |