Piogen qranuloma. Dodaqların, dilin, yanağın selikli qişası və diş ətindən inkişaf edən ayaqcıqlı törəmələrdir. Travma ilə asanlıqla qanayırlar. Diş ətindən inkişaf edənlər hamiləlikdə müşahidə olunur (granuloma gravidarum), lakin digərlərinin səbəbi məlum deyil. Hamiləlik zamanı müşahidə edilən qranulomalar doğuşdan sonra geriyə inkişaf etdiklərindən bəzən müalicə lazım gəlmir, digərlərində müalicə eksiziya ilə aparılır.
Hemangioma. Selikli qişada kapillyar hemangiomalar çox rast gəlinir. Dəridəki törəmələr kimi spontan reqressiya edə bilər. Çox böyük deyilsə və funksiyası pozulmayıbsa, reqressiya gözlənilə bilər. Adətən, reqressiya 5 yaş müddətində olur, lakin tamamilə itə bilən dəri törəmələrindən fərqli olaraq tam itmir və selikli qişa altında kiçik tünd rəngli bir törəmə kimi qalır (skleroz hemangioma). Bu vəziyyət müalicə tələb etmir. Arterio-venoz malformasiya tipli hemangiomalar spontan reqressiyaya uğramır və müalicəsi çoxsaylı plastik cərrahi işləmə tələb edir.