Normal dişləm (okluziya) və dişlər. Dişləm, yəni yuxarı və aşağı dişlərin bir-biriylə təması üz sümüyü sınıqlarının müalicəsində mühüm əhəmiyyət kəsb edir. Medial okluziya çənə və əng dişlərinin bir-biriylə tam qarşılıqlı iç-içə keçmə vəziyyətidir. Normal okluziyada yuxarı dişlər aşağı dişlərdən bir qədər öndə yerləşirlər. Buna neytrokluziya da deyillir. Distokluziyada isə yuxarı dişlər aşağı dişlərə nisbətən həddən artıq öndə yerləşirlər. Meziokluziyalarda isə aşağı dişlərin yuxarı dişlərə nisbətən ön tərəfdə yerləşməsi müşahidə olunur. Buna görə də sınıqların müalicəsində şəxsin əvvəlki okluziyasının bilinməsi vacibdir. Əks halda müalicə həm çətinləşir, həm də həkimi aldadan nəticələrə gətirib çıxararaq xəstəyə zərər yetirir.
Sınıq xəttinin yanında yerləşən dişlər olduqca sağlamdırsa çıxarılmır. Çünki dişlər sınıqların düzgün repozisiya və fiksasiyası üçün çox dəyərli strukturlardır. Laxlamış və yad cisim rolunu oynayan dişlər ekstraksiya olunmalıdır.